Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11034/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 İskəndər oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-167/2021 saylı iş üzrə qəbul etdiyi 30 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 İskəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC-i cavabdehlər Cavabdeh1 İskəndər oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 02R000033463 saylı kredit razılaşması üzrə 12650.86 ABŞ dolları əsas, 9558.6 ABŞ dolları faiz borcunun, 60201.75 ABŞ dolları cərimə borcunun, cəmi 28411.21 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində xüsusi mülkiyyətdə olan, kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0.1195 ha, 284 saylı bağ sahəsinə yönəldilməsi, həmin bağ sahəsinin açıq hərracdan satılması, cəmi 28411.21 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışdan əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, bağ sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-167/2021 saylı iş üzrə qəbul etdiyi 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 İskəndər oğlundan, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 12639.24 ABŞ dolları əsas, 2723.32 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 15462.56 ABŞ dollarının ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaiti, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı İddiaçı QSC-nin hesabına köçürülməsi, ödəmə 02.07.2014-cü il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində xüsusi mülkiyyətdə olan 0.1195 ha torpaq sahəsi olan 284 saylı bağ sahəsinə yönəldilməsi, həmin bağ sahəsi açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı QSC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 İskəndər oğlundan, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində xüsusi mülkiyyətdə olan 0.1195 ha torpaq sahəsi olan 284 saylı bağ sahəsinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay sonra bağ boşaldaraq alıcıya təhvil verilməsi, iş üzrə ekspert rəyinin alınması ilə bağlı 145 manat ekspertiza xərcinin Cavabdeh1 İskəndər oğlundan, Cavabdeh3 və Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına hesabına köçürülməsi və iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-167/2021 saylı iş üzrə qəbul etdiyi 01 sentyabr 2021-ci il tarixli əlavə qətnaməsi ilə ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində xüsusi mülkiyyətdə, torpaq sahəsi 0.1195 ha olan 284 saylı bağ sahəsinin ilkin satış qiymətinin 27000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-167/2021 saylı iş üzrə qəbul etdiyi 30 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 İskəndər oğlu apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bank tərəfindən göstərilən borc məbləğləri düzgün hesablanmamışdır. Bank bilərəkdən borc məbləğlərini şişirtmişdir, bu günə kimi banka ümumilikdə ödədiyi pul məbləğlərini düzgün hesablamamışdır. Belə olan halda banka artıq ödənişlər etmək məcburiyyətində qalır. Bundan əlavə qeyd edir ki, İddiaçı QSC ona kredit ayıranda ipoteka predmetinin dəyərinə uyğun bir məbləğ müəyyən etmişdi. Yəni kredit borcunu ödəyə bilmədikdə onun əvəzi olaraq ipoteka ilə yüklü edilmiş əmlak həmin borcu bağlamağa kifayət etsin. Lakin iddiaçı hal-hazırda ABŞ dollarının devalivasiyasını nəzərə alıb iddia tələbində belə bir tələb irəli sürür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində xüsusi mülkiyyətdə olan 0,1195 ha torpaq sahəsi olan 284 saylı bağ sahəsinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulsun. Bu tələbin təmin edilməsi ilə də razı deyil. Çünki kredit götürəndə onun təminatı kimi sözü gedən əmlakı nəzərdə tutub kredit götürmüşdür.Bugünki vaxtda əgər ABŞ dolların bahalaşması nəzərə alınaraq ondan pulun tutulması qət edilirsə, o zaman əmlakın ABŞ dollar qarısında dəyərdən düşməsi də nəzərə alınmalı və iddia tələbi yalnız əmlakın satışından əldə olunmuş pula yönəldilməlidir. Həmin əmlakın satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə buna görə məsuliyyəti daşımamalıdır və həmin məbləğ də ondan tutulmamalıdır. Çünki bank əmlakı ipoteka ilə yüklü ona görə edir ki, vətəndaş borcu ödəyə bilmədikdə həmin əmlak verilmiş kredit borcunun ödənilməsinə kifayət etsin. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə məhkəmə icraatı zamanı qanunvericiliyin bu tələbi də kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə qətnamədə belə nəticəyə gəlmişdir ki, İddiaçı QSC-nin tələbləri borc məbləğlərinin müəyyən qədər azaldılması xaricində əsaslıdır. Daha sonra İddiaçı QSC iddia tələblərində borc məbləğinin ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində xüsusi mülkiyyətdə olan 0,1195 ha torpaq sahəsi olan 284 saylı bağ sahəsinə yönəldilməsini tələb edir. Belə olan halda məhkəmə ipoteka predmetinin qiymətləndirilməsi üçün ekspertiza təyin etməli idi. Çünki ipoteka müqaviləsi bağlanan vaxtdan uzun müddət keçmiş, əmlakın real bazar qiyməti artmışdır. Belə olan halda bağ sahəsi harraca bazar dəyərindən aşağı qiymətə çıxarılır ki, bu da onun pul itirməyinə səbəb olur. Lakin bu hal iddiaçı bankın birbaşa marağındadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İzahatında əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün mütəxəssis rəyi əldə edilmiş və buna əsasən da iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh isə apellyasiya şikayətində dəlillərinə münasibətdə tutarlı sübutlara istinad edə bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən, iddia tələbinin təmin edilən - Cavabdeh1 İskəndər oğluna münasibətdə yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, Cavabdeh1 İskəndər oğlu isə yazılı apellyasiya şikayətində qətnaməni özünə münasibətdə mübahisələndirmiş və iddianın ona aid hissədə rəddini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 İskəndər oğlu arasında bağlanmış 20.06.2013-cü il tarixli, 02L000010356 saylı kredit xətti müqaviləsindən görünür ki, Bank bu müqvilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana 100 000 ABŞ dolları məbəğində kredit xəttini açır. Kreditlər tərəflər “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “akreditiv açılması üçün razılaşma” formasında ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 İskəndər oğlu arasında bağlanmış 20.06.2013-cü il tarixli 02L000010356 nömrəli Kredit xətti müqaviləsi üzrə 02R000033463 nömrəli Kredit Razılaşmasından görüür ki, Bank, məbləği 27 000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2 faiz olmaqla, 36 ay müddətinə kredit alana verir. Kredit alan bu razılaşmanın ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına əsasən, razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 İskəndər oğlu arasında bağlanmış Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 02.11.2015-ci il tarixli, 02R000033463S saylı Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 20.06.2013-cü il tarixli 02L000010356 saylı kredit xətti müqaviləsi üzrə 02.07.2014-cü il tarixdə bağlanmış 02R000033463 saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 18.10.2016-cı il tarixdən aylıq 1.9167 faiz, 18.07.2017-ci il tarixdən aylıq 0 faiz dərəcəsi ilə faizlər hesablanır və kredit razılaşmasının ayrılmaz hissəsi olan 02.07.2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 02.11.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. Kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 İskəndər oğlu arasında bağlanmış Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 16.12.2015-ci il tarixli, 02R000033463SA saylı Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 20.06.2013-cü il tarixli 02L000010356 saylı kredit xətti müqaviləsi üzrə 02.11.2015-ci il tarixdə bağlanmış 02R000033463 saylı Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 02.11.2015-ci il tarixli Sazişə əlavə olunan 16.12.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. Kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 İskəndər oğlu arasında bağlanmış Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 15.02.2016-cı il tarixli, 02R000033463SB saylı Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 20.06.2013-cü il tarixli 02L000010356 saylı kredit xətti müqaviləsi üzrə 15.02.2016-ci il tarixdə bağlanmış 02R000033463 saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğindən 15.02.2016-cı il tarixdən aylıq 1.7308 faiz dərəcəsi ilə faizlər hesablanır. Kredit alan bu sazişə əlavə olunan 15.02.2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəyir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 İskəndər oğlu arasında 20.06.2013cü il tarixli 02L000010356 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 02.07.2014-cü il tarixdə bağlanmış 02R000033463 saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 17.03.2017-cı il tarxdən aylıq 1.5 faiz dərəcəsi ilə faizlər hesablanır. Kredit alan bu sazişə əlavə olunan 17.03.2017-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəyir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 20.06.2013-cü il tarixli 02S000020856 saylı Zaminlik Müqaviləsindən görünür ki, Bank və Cavabdeh1 İskəndər oğlu arasında 20.06.2013-cü ildə bağlanmış 02L000010356 saylı Kredit Xətti Müqaviləsi və kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan Kredit razılaşması əsasında Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 20.06.2013-cü il tarixli 02S000020857 saylı Zaminlik Müqaviləsindən görünür ki, Bank və Cavabdeh1 İskəndər oğlu arasında 20.06.2013-cü ildə bağlanmış 02L000010356 saylı Kredit Xətti Müqaviləsi və kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan Kredit razılaşması əsasında Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 02.07.2014-cü il tarixli 02M000001876 saylı İpoteka Müqaviləsindən görünür ki, ipoteka verən öz mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində xüsusi mülkiyyətdə olan 0.1195 ha torpaq sahəsi olan 284 saylı bağ sahəsini Bank ilə Cavabdeh1 İskəndər oğlu arasında 20.06.2013-cü il tarixdə bağlanmış 02L000010356 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 284 saylı bağ sahəsi 120 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 20.02.2020-ci il tarixli LP-022/20 saylı Mütəxəssis rəyindən görünür ki, xüsusi mülkiyyətdə olan, kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0.1195 ha, 284 saylı bağ sahəsinin hazırki bazar qiyməti 30 000, ilik satış (likvid) qiyməti 27000 manatdır. İş materiallarında olan Sabunçu rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli 2(008)- 434/2021 nömrəli Qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.05.2021-ci il tarxli 9/1787 nömrəli Ekspert Rəyindən görünür ki, Cavabdeh1 İskəndər oğlunun İddiaçı QSC-yə olan əsas borcu 20.04.2018- ci il tarixə əsas borc üzrə 12639.24 ABŞ dolları, faiz borcu üzrə 2723.32 ABŞ dolları təşkil edir. 02.07.2014-cü il tarixli hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən, Cavabdeh1 İskəndər oğluna cərimə borc hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Cavabdeh apellyasiya şikayətində borc məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh1 İskəndər oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 02.07.2014-cü il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 İskəndər oğlunun 20.04.2018-ci il tarixə iddiaçıya əsas borcunun 12639.24 ABŞ dolları, faiz borcunun isə 2723.32 ABŞ dolları olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də düzgün olaraq həmin rəyi əsas götürməklə borcun məbləğini müəyyən etmişdir. Belə ki, qeyd olunan rəyin mötəbərliyini şübhə altına alan hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə kolelgiyası həmçinin qeyd edir ki, Birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad etməklə dəbbə pulunu azaldaraq 100 (yüz) ABŞ dolları müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir. Göründüyü kimi cavabdehin - borc məbləğlərinin düzgün hesablanmaması barədə dəlilləri öz təsdiqini tapmamışdır. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, “iddia tələbi yalnız ipoteka predmetinin satışından əldə olunmuş pula yönəldilməlidir, həmin əmlakın satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə buna görə məsuliyyəti daşımamalıdır və həmin məbləğ də ondan tutulmamalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. İstinad olunan qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Sadalanan normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Belə olan halda da hazırki iş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində xüsusi mülkiyyətdə olan 0.1195 ha torpaq sahəsi olan 284 saylı bağ sahəsinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etməyəcəyi halda, qalan məbləğ ümumi qaydada icra edilməlidir. Göründüyü kimi cavabdehin istinad etdiyi həmin dəlillər də əsassız olmuşdur. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətləndirilməsi üçün ekspertiza təyin etməli idi, çünki ipoteka müqaviləsi bağlanan vaxtdan uzun müddət keçmiş, əmlakın real bazar qiyməti artmışdır. Belə olan halda bağ sahəsi harraca bazar dəyərindən aşağı qiymətə çıxarılır ki, bu da onun pul itirməyinə səbəb olur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlillərini də əsassız hesab edir, belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 02.07.2014-cü il tarixli 02M000001876 saylı İpoteka Müqaviləsindən görünür ki, ipoteka verən öz mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində xüsusi mülkiyyətdə olan 0.1195 ha torpaq sahəsi olan 284 saylı bağ sahəsini Bank ilə Cavabdeh1 İskəndər oğlu arasında 20.06.2013-cü il tarixdə bağlanmış 02L000010356 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. İş materiallarında olan "xxxx" MMC-nin 20.02.2020-ci il tarixli LP-022/20 saylı Mütəxəssis rəyindən görünür ki, xüsusi mülkiyyətdə olan, kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0.1195 ha, 284 saylı bağ sahəsinin hazırki bazar qiyməti 30 000, ilik satış (likvid) qiyməti 27000 manatdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində xüsusi mülkiyyətdə olan 0.1195 ha torpaq sahəsi olan 284 saylı bağ sahəsinin hazırki bazar qiyməti 30 000, ilik satış (likvid) qiyməti 27000 manatdır. Qiymətləndirmə rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin mübahisələndirilən hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh1 İskəndər oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-167/2021 saylı iş üzrə qəbul etdiyi 30 iyun 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 İskəndər oğluna münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 İskəndər oğlu tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11034/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11034/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver