Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11048/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(007)-3837/2021 nömrəli qərardadından İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 alıcı X1 ilə bağladığı AN-İ ******* nömrəli, 29 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alqısatqı” müqaviləsində dəyişiklik edilərək, ********** nömrəli, 01 iyul 2021-ci il tarixli çıxarışın ləğv olunaraq, alqı-satqı predmeti olmuş ünvan 1 ünvanında yerləşən əmlak üzrə faktiki ödədiyi pulun mütənasibliyinə uyğun olaraq əmlakın ¾ hissəsinə onun mülkiyyət hüququnun, ¼ hissəsinə isə Cavabdeh2 mülkiyyət hüququnun tanınması, müəyyənləşdirilmiş paylarına uyğun olaraq yeni çıxarışın verilməsi və ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı iddianı təmin etmək üçün tədbirlər görülməsinə dair ərizə verərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın üzərinə həbs qoyularaq həm cavabdehə, həm də digər şəxslərə özgəninkiləşdirilməsi (ipoteka ilə yüklü edilməsi), eləcə də həmin mənzildə yerləşən və ona məxsus olan- “Vestel” markalı 7 kq paltaryuyan maşın (təzə); “Vestel” markalı, 2 kameralı ağ rəngli soyuducu (təzə, hündürlüyü təxmini 2 metr); “Samsung” markalı, 82 sm ekran ölçüsü olan qara rəngli plazma televizoru; 1 ədəd ağ rəngli qolları, üstün parçası qəhvəyi rəngli (açılıb-bağlanan) Türkiyə istehsalı divan; 1 ədəd ağ rəngli kreslo; 1 ədəd stol (masa) sarı rəngli (Türkiyə istehsalı); 3 ədəd stul; 1 ədəd dəhliz üçün paltarasan (prixojiy); 1 ədəd ağ rəngdə çarpayı üçün döşəkçə (matras), (ağ rəngdə); 1 ədəd dörd gözlü qaz pilitəsi (təzə); 3 ədəd xalça; hamam üçün su qızdırıcısı (“5 minutka” kolonka); 1 ədəd yataq yun döşəyi; 2 ədəd yataq yun yorğanları; 1 ədəd hamam üçün böyük güzgü (təzə); 1 ədəd paltar üçün dolab; 3 ədəd yataq balışları; mətbəx üçün qabqaşıq, 2 ədəd tava, 2 ədəd qazan, 10 ədəd tarelka (boşqab); Türkiyə istehsalı, “layka” natural dəridən gödəkçə (qısa, açıq qəhvəyi rəngdə); Almaniya istehsalı, qəhvəyi rəngdə qış botinkası, 42 ölçü; Türkiyə istehsalı, qəhvəyi rəngdə botinka, 42 ölçü; Türkiyə istehsalı, qəhvəyi rəngdə ayaqqabı, 42 ölçü; Qış üçün uzun, dizə kimi, mavi rəngdə “Adidas” gödəkçəsi; Türkiyə istehsalı, 3 ədəd qış üçün qalın şalvar; qış üçün uzun, dizə kimi, mavi rəngdə “Adidas” gödəkçəsi; Türkiyə istehsalı, 3 ədəd qış üçün qalın şalvar; qış üçün uzun, dizə kimi, mavi rəngdə gödəkçə (kurtka) olmaqla, ev əşyalarının və şəxsi geyim əşyalarının üzərinə həbs qoyularaq cavabdeh və digər şəxslər tərəfindən istifadəsi qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(007)- 3837/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 14 saylı evin 9 saylı mənzilinin üzərinə həbs qoyulması, həmin mənzilin özgəninkiləşdirməsinin Cavabdeh2 və digər şəxslərə qadağan edilməsi qərara alınmış, ərizə qalan hissədə təmin edilməmiş, qərardadın icrası Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın qismən, onun ərizəsinin təmin olunmayan hissəsində ləğv edilməsini və ərizəsinin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etmiş və yalnız mənzilin üzərinə həbs qoymuşdur. Halbuki ərizədə göstərilən əşyalar onundur və işə baxılıb qurtarana qədər onlar bilavasitə cavabdeh tərəfindən və digər müxtəlif yollarla (səbəblərlə) korlana və ya ümumiyyətlə oradan çıxarıla bilər. Eləcə də Cavabdeh2 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, onun mülkiyyətində olan mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil öz şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli və iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(007)-3837/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcuddur, eləcə də mübahisəli əmlakın özgəninkiləşdirilməsi iddia tələbi təmin ediləcəyi təqdirdə qətnamənin daha geniş şəxslər dairəsinin hüquqlarına toxunacağına və qətnamənin gələcəkdə icrasının qeyrimümkün olmasına gətirib çıxara bilər. Kollegiya eləcə də iddiaçının şikayətinin dəlilləri ilə, yəni mənzildə yerləşən və iddiaçıya məxsus olan ev əşyalarının və şəxsi geyim əşyalarının üzərinə həbs qoyularaq cavabdeh və digər şəxslər tərəfindən istifadəsinin qadağan olunması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının irəli sürdüyü tələb, alqı-satqı müqaviləsinin ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və paylara uyğun yeni çıxarışın verilməsi ilə bağlıdır, iddianın təmini tədbiri qismində isə iddiaçıya məxsus əşyaların üzərinə həbs qoyulması xahiş edilir. Göründüyü kimi, iddia ilə iddianın təmini tədbiri arasında əlaqə mövcud deyil, görülməsi nəzərdə tutulan tədbirin qətnamənin gələcəkdə icrasını təmin etməklə bağlılığı yoxdur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayətlər təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(007)-3837/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(007)-3837/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-11048/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11048/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver