Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11054/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-872/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.000 (on iki min) manatın və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-872/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 10.000,00 (on min) manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, qətnamə ədalətsiz, qanunsuz və əsassdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməmişdir. Bununla da, Mülki Prosessual Məcəllənin 138.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsi üçün məhkəmə bildirişinin Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən Cavabdeh çatdırılması üçün Bakı şəhəri 141 saylı Mənzil Kommunal İstismar Sahəsinə göndərilmiş, lakin cavabdehin yaşadığı və qeydə alındığı Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi 26 nömrəli ev və 14 nömrəli mənzil söküldüyündən və onun harada yaşaması məlum olmadığına görə arayış verilməklə məhkəmə bildirişi geri qaytarılmışdır. Bununla yanaşı, qətnamə elan edildikdən sonra daxil olmuş Cavabdeh məhkəməyə ünvanladığı teleqramda anası rəhmətə getdiyinə görə hazırki məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və üzrlü sayılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 147 və 376.2-ci maddələrinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 442, 739.1, 740.1, 743-cü maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan müqavilə şəklində əqd, borc müqaviləsi bağlamışlar, iddiaçı cavabdehə nağd olaraq 10 000 manat məbləğində borc vermiş, cavabdeh 04 dekabr 2019-cu il tarixdə imza edərək həmin məbləğdə pulu iddiaçıdan borca almışdır. Cavabdeh borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə borc məbləğindən əlavə 2000 manat məbləğində pul tələb etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Həmçinin məhkəmədə iddiaçı və şahid qismində ifadə vermiş iddiaçının atası X1 həmin məbləğin cavabdehə iddiaçı tərəfindən deyil X1 tərəfindən verilməsi bildirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə təmin edilən hissədə düzgün olmuşdur. Əvvəla, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmədiyini göstərsə də bu dəlillər şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, işə əlavə edilmiş məhkəmə bildirişlərindən görünür ki, cavabdehin rəsmi qeydə alındığı və yaşadığı ünvana sifarişli poçt göndərişləri(i.v.17-19) ilə məhkəmə bilidirişləri göndərilmiş, lakin bu bildirişlərin üzərinə “ünvan tam deyil” “bina sökülüb” qeydi yazılmaqla geri qaytarılmış, ancaq SMS bildiriş cavabdehə çatmışdır. Apellyasiya baxışı zamanı da cavabdehin qeydə alındığı və yaşadığı evin söküldüyü, məhz bu səbəbdən məhkəmə bildirişinin ona çatmadığı təsdiq olundu. Demək, cavabdeh özü məhkəmə bildirişinin ona çatmamasının səbəblərini, lakin SMS bildirişin ona çatdığını bildiyi halda bu cür dəlillərdən yalnız hüquqdan sui istifadə etmək niyyəti ilə istifadə etdiyini təsdiq etmiş olur. Eyni zamanda onun tərəfindən birinci instansiya məhkəməsinə sübut təqdim etmək imkanının olmamışdırsa bunu apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilərdi, ancaq hansısa sübutları həqiqətən mövcud olsaydı yəqin ki, təqdim edərdi, ancaq nə özü, nədəki nümayəndəsi və vəkili məhkəməyə gələrək heç bir sübut təqdim etmədi. Eyni zamanda apellyasiya şikayətində də bilərəkdən faktiki olaraq hansı ünvanda yaşadığını göstərməmişdir. Bu cür vəziyyətdə işə qanuna zidd baxılmasından söhbət gedə bilməz. Ona görə də bu dəlillər bütövlükdə qətnamənin ləğv edilməsinə səbəb ola bilməz. İkincisi, qətnamənin ədalətsiz, qanunsuz və əsassız olduğunu bildirsə də, ədalətsizliyin, qanunsuzluğun və əsassızlığın nədə ifadə olunduğunu konkret olaraq şikayətində açıqlamır. Beş vərəqdən ibarət olan şikayətində yalınz qanunvericiliyin normaları sadalanır və şəxsi mülahizələrinə əsaslanan ümumi xarakterli hüquqi terminlərdən istifadə olunur. Bu göstərilənlər də heç bir halda şikayətin əsaslı olmasına dəlalət etmir. Ona görə də şikayətində göstərdiyi bu cür dəlillər onu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikdən azad etmir və şikayətin təmin edilərək iddianın rədd edilməsi üçün də əsas deyil. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-872/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11054/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11054/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver