Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11058/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Xəqani Hüseynovun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 13.03.2015-ci il tarixli, 23-Y-1-0-195-15 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, əsas borc kimi 493,25 ABŞ dolları, faiz borcu kimi 245,45 ABŞ dolları, cərimə kimi 32,91 ABŞ dolları, kreditin qaytarılmasının 13.03.2016-cı il tarixdən 03.05.2021-ci il tarixədək olan müddətdə gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 108,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda, ümumilikdə 879,86 ABŞ dolları məbləğində pul ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Xəqani Hüseynov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Təqdim edilmiş sübutlardan müəyyən olunur ki, 13.03.2015-ci il tarixli, 23-Y-1-0- 195-15 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçının qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş borcu vardır. Cavabdeh etdiyi ödənişlər barədə heç bir sübut təqdim etmədiyindən mühasibat ekspertizasının keçirilməsinə zərurət yoxdur, iddiaçının təqdim etdiyi sübutlardan borcun düzgün hesablandığı müəyyən olunur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, iddia müddəti keçib. Lakin iddia müddətinin tətbiqi barədə ərizə işə birinci instansiya məhkəməsində baxılarkən verilməli idi. Birinci instansiya məhkəməsində 3 dəfə məhkəmə iclası – 1 hazırlıq iclası, 2 məhkəmə baxışı iclası təyin edilmiş, cavabdeh həmin iclaslara gəlməmiş, iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 445 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən həmin məbləğdə pul tutmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11058/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11058/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver