Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11070/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(001)-6347/2021 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 460,78 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 19.07.2016-cı il tarixinə 301,96 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik beş faiz dərəcəsi ilə hesablanmış 105,06 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 352,39 ABŞ dolları cərimə, cəmi 1.220,19 ABŞ dolları borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(001)- 6347/2021 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi, əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmış, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən həmin qərardaddan şikayət verilərək qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, hazırki iş üzrə iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumu hər hansı bir məhkəmə işində istifadə edilməmişdir. Buna görə də həmin rüsumun qabaqcadan ödənilməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına əsas vermir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(001)-6347/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş qəbzə əsasən 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən 02.07.2019-cu il tarixdə ödənilmişdir. Halbuki, hazırki iddia 02.08.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Bu da öz növbəsində həmin qəbzin qeyd edilən iddiaya hər hansı aidiyyətinin olmadığı qənaətinə gəlməyə imkan verir. Hər bir halda, iddiaçı təxminən iki ildən çox bir müddətdən sonra belə bir iddia ilə məhkəməyə müraciət edəcəyini bilə bilməzdi. Başqa sözlə, iddia ərizəsinə əlavə edilmiş qəbz hazırki iddia ilə bağlı ödənilmiş dövlət rüsumu deyil. Hüquqi nəticə etibarı ilə iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməmişdir və bu səbəbdən iddia ərizəsi dövlət rüsumu ödənilmədən verilmiş kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemlərivasitəsiləödənilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi tam haqlı olmuşdur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(001)-6347/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(001)-6347/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-11070/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11070/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver