Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11077/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11077/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnamədən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, Müəyyən etdi: İddiaçı Cavabdeh Kamil oğluna qarşı uşağa çəkilmiş xərcin əvəzinin ödənilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-11077/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5808/2021 saylı, 02.06.2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti dövlət rüsumu ödənilməsi barədə qəbz əlavə edilmədiyi üçün qeyri-mümkün hesab edilmiş, mülki iş materialları geri göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-11077/2021 saylı, 02.08.2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti yuxarıda qeyd edilən əsasla geri qaytarılmışdır. Bundan sonra birinci instansiya məhkəməsi hər iki tərəfin qətnamədən verdiyi apellyasiya şikayətlərinə baxılması üçün 09.08.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi iddiaçının qətnamədən verdiyi apellyasiya şikayətini mümkün hesab etmiş və 29.09.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında Cavabdeh qətnamədən apellyasiya şikayəti verdiyini, şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etdiyini bildirmişdir. Məhkəmənin 2(103)-8788/2021 saylı, 29.09.2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işi baxışdan çıxarılaraq Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunanlara baxmayaraq Yasamal Rayon Məhkəməsi hər hansı əlavə prosessual hərəkət etməyərək iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərini mülki işlə birlikdə baxılması üçün 21.10.2021-ci il tarixdə yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki halda Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud deyil. Belə ki, mülki iş materiallarından görünür ki, Cavabdeh verdiyi apellyasiya şikayəti ilk dəfə (dövlət rüsumunu ödəmədiyinə görə) qeyri-mümkün hesab edildikdən sonra o, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməklə 2-ci dəfə - 12.07.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. (iş/vər.112) Mülki iş materiallarından da görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini 15.04.2021-ci il tarixdə almış (iş/vər.91), dövlət rüsumu əlavə etməklə 2-ci dəfə apellyasiya şikayətini isə 12.07.2021-ci il tarixdə vermiş və şikayətə prossesual müddətin bərpa edilməsinə dair vəsatət əlavə etməmişdir, buna baxmayaraq rayon məhkəməsi bu məsələyə münasibət bildirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, kollegiyanın qənaətinə görə, hazırda işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11077/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnamədən iş üzrə Cavabdeh Kamil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11077/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11077/2021
26.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver