Məhkəmə qərarları › İş №2(103)-1108/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1108/2020

04.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1108/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamədən iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Rüstəmov küçəsi, bina № 48-də yerləşən 53 №-li mənzilə, yuxarı mərtəbədə yerləşən və cavabdehə məxsus 57 №-li mənzilindən suyun axıdılması nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq (əşyalara dəymiş ziyan 2.900 manat, mənzilin təmiri üçün lazım olan vəsait 3.000 manat) cəmi 5.900 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən 53 №-li mənzil iddiaçıya məxsusdur. Cavabdeh, iddiaçının mənzilinin üstündə yerləşən 57 №-li mənzildə yaşayan qonşudur. Həmin mənzil cavabdehə məxsusdur. Cavabdehə məxsus mənzilindən iddiaçının mənzilinə mütəmadi olaraq su axıdılmışdır. Bu hal xx.xx.2010 və xx.xx.2018-ci il tarixlərdə tərtib olunmuş aktlarla təsdiq olunur. Baş verən su axıdılması nəticəsində iddiaçının mənzili yaşamaq üçün yarasız vəziyyətə düşmüş, mənzilin mətbəxində yerləşən əmlak isə məhv olmuşdur. İddiaçının hesablamalarına görə mənzilin təmiri üçün 3.000 manat, əmlakın əvəz edilməsi üçün isə 2.900 manat vəsait tələb olunur. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək, bu xoşagəlməz halların qarşısını almasını xahiş etsə də, bunun nəticəsi olmamışdır. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin ediməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəflər isə apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə tərəflərin yaşadıqları binaya xidmət göstərən 50 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2010-cu il tarixli aktdan görünür ki, İddiaçı məxsus olan 53 №-li mənzilə baxış keçirilərək aşkar edilib ki, həmin mənzilə bir mərtəbə yuxarıda yerləşən 57 №-li mənzildən su axıdılıb və nəticədə iddiaçının mənzilinin təmirinə zərər dəymişdir. Həmin MKİS tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, iddiaçıya məxsus olan 53 №-li mənzilə baxış keçirilərək aşkar edilib ki, mənzilin mətbəxinə nə vaxtsa su axıdılmışdır. Su axıdılan zaman MKİS-nə məlumat verilmədiyi üçün suyun haradan axdığı müəyyən edilməmişdir. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən (İş № 2(007)-127/2019) görünür ki, İddiaçı cavabdeh X2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək bildirmişdir ki, ona məxsus 53 №-li mənzilə cavabdeh V.Babayevə məxsus olan 57 №-li mənzildən su axıdılmış və ona məxsus mənzilə zərər dəymişdir. Bu səbəbdən də, cavabdehdən onun xeyrinə 2.000 manat məbləğində pul tutulmalıdır. Həmin işə baxmış məhkəmə iddianın qismən təmin edilməsini qət edərək 289 manat məbləğində pulun V.Babayevdən tutularaq İddiaçı ödənilməsini qət etmişdir. Qeyd edilən qətnamədən həmçinin müəyyən edilir ki, həmin iş üzrə İddiaçı iddia tələbini 50 saylı MKİS-nin xx.xx.2010-cu il tarixli və xx.xx.2018-ci il tarixli aktlarla əsaslandırmışdır. Hazırki işdə olan sənədlərdən görünür ki, hazırki iş üzrə cavabdeh 57 №-li mənzili 2014-cü ildə (yuxarıda qeyd edilən iş üzrə cavabdeh) X1 almışdır. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən və iddiaçıya məxsus 53 №-li mənzilə, mənzilin üstündə yerləşən 57 saylı mənzildən su axıdılmış, bunun nəticəsində iddiaçının mənzilinin təmirinə, mənzilin mətbəxində yerləşən əmlaka zərər dəymişdir. İddiaçı, hesab edir ki, ona vurulmuş zərər 57 №-li mənzilin hazırki sahibi olan cavabdeh tərəfindən ona ödənilməlidir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşə baxmış Rayon Məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, zərərin vurulması ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(007)-127/2019)) mövcuddur və bu halda eyni əsaslarla və eyni predmet barəsində başqa şəxsə qarşı iddia tələbi yolverilməzdir. Cavabdehin iddiaya qarşı etirazı da ondan ibarətdir ki, iddiaçının mənzilinə suyun axıdılmasında onun təqsiri yoxdur. Belə ki, cavabdeh hazırda ona məxsus 57 №-li mənzili mənzilin əvvəlki sahibi olan Valeh Babayevdən almışdır. İddiaçının mənzilinə suyun axıdılması da məhz V.Babayevin mənzilə sahiblik etdiyi vaxt baş vermişdir. Bununla bağlı Məhkəmə bildirir ki, həmin dəlilin araşdırılması məqsədi ilə Məhkəmə tərəfindən iş üzrə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertiza tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 10/131 №-li rəydən görünür ki, 50 №-li MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2010 və xx.xx.2018-ci il tarixlərdə tərtib edilmiş aktlara əsasən müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən və iddiaçıya məxsus 53 №-li mənzilinə həmin evin 57 №-li mənzilindən su axıdılmışdır. 53 №-li mənzilin daxilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 289,0 manat məbləğində olduğu müəyyən edilmişdir. 57 №-li mənzilin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 53 №-li mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, mübahisəli mənzillər üzrə xx.xx.2018-ci il tarixli, 17604 №-li ekspertiza rəyi tərtib olunmuşdur. Suyun sızmasının müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. İddiaçıya məxsus 53 №-li mənzilə suyun axıdılması, mülki iş materialında olan və 50 №-li MKİS əməkdaşları tərəfindən tərtib olunan akt məlumatlarına əsasən təqribən xx.xx.2010 və xx.xx.2018-ci il tarixlərdə tərtib olduğunu nəzərə alaraq, xx.xx.2019-cu il tarixdən (iddianın verilmə tarixi) əvvəl suyun sızması baş vermişdir. 53 №-li mənzilində yerləşən qonaq otağı, mətbəx və dəhlizin (köhnə təmirli) təmirsiz vəziyyətdə olduğu müəyyən edilmişdir. Məhkəmə, verilmiş bu rəyin əsaslı olmasını şübhə altına ala biləcək sübutların mövcud olmadığını nəzərə alaraq rəyi mötəbər sübut kimi qəbul edir. Məhkəmə ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı aşağıdakı qənaətə gəlir: 1) ekspert rəyindən görünür ki, ekspert tədqiqatı Nizami rayon 50 №-li MKİS əməkdaşları tərəfindən xx.xx.2010 və xx.xx.2018-ci il tarixlərdə tərtib olunan aktlara əsasən aparmışdır. Həmin aktlar yuxarıda qeyd edilmiş 2(007)-127/2019 №-li mülki iş üzrə iddia tələbinin əsaslandığı sübutlardır; 2) ekspert 53 №-li mənzilin daxilində yaranmış qüsurlara görə vurulmuş maddi ziyanın məbləğini 289,0 manat olduğunu müəyyən etmişdir. 2(007)-127/2019 №-li mülki iş üzrə qəbul edilmiş qətnamə ilə də 53 №-li mənzilə su axıdılması nəticəsində İddiaçı xeyrinə X1 289 manat pul tutulmuşdur; 3) cavabdehin mənzilinə suyun sızması xx.xx.2019-cu il tarixdən (iddianın verilmə tarixindən) əvvəl baş vermişdir. Ekspert həmin suala cavab verərkən də xx.xx.2010 və xx.xx.2018-ci il tarixlərdə tərtib olunan aktlara istinad etmişdir. Yəni həmin tarixlərdən sonra iddiaçının mənzilinə suyun sızması halı təsdiq olunmur. İddiaçı isə bununla bağlı yeni sübutlar təqdim etmir. Lakin MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının təqdiq etdiyi yeganə sübutlar 2(007)-127/2019 №-li mülki iş üzrə tədqiq olunmuş aktlardır. Beləliklə, apellyasiya araşdırması zamanı müəyyən olunur ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-127/2019 №-li mülki iş üzrə iddia ilə hazırki iddianın dəlilləri eynidir. Hazırda iddiaçı eyni əsaslarla başqa şəxsə - hazırki iş üzrə Cavabdeh qarşı tələb irəli sürsə də, ona məxsus 53 №-li mənzilə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-127/2019 №-li iş üzrə xx.xx.2019-cu il tarixdə qətnamə qəbul edildikdən, habelə 57 №-li mənzilin V.Babayev tərəfindən Cavabdeh satıldıqdan sonra suyun axıdılmasını sübuta yetirə bilmir. Məhkəmə işin hallarını, MPM-nin yuxarıda qeyd edilən 14.2., 77.1-ci maddələrinin tələblərini nəzərə alaraq qeyd edir ki, sübuta yetməyən tələbin əsaslı hesab edilərək təmin edilməsi qeyri-mümkündür və işə baxmış Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır- formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertizanın xərci MPMnin 119.1-ci maddəsinin tələbinə görə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya icraatı zamanı iş üzrə təyin edilmiş ekspertizanın xərci iddiaçıya aid edilsin. Bu məqsədlə İddiaçı 100 (yüz) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar