Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1108/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı Bakı şəhəri Səbail rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)-3619/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı Bakı şəhəri Səbail rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən xx.xx.2008-ci il tarixli 65 saylı müqavilə üzrə ona əsassız hesablanmış əsas kredit borcunun, faizin və dəbbə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 65 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı banka yaranmış borca dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə və 01 sentyabr 2011-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 43.350 manat əsas borc müəyyən olunmaqla, cəmi 56.596,50 manat 50 qəpik məbləğində kredit borcu və 20 manat dövlət rüsumu tutularaq tələbkar Cavabdeh ASC-nin xeyrinə ödənilməli idi. Tutma ipoteka predmeti olan cavabdeh X3 məxsus Bakı şəhəri Səbail rayonu X9 küçəsində istifadədə olan 0,17496 ha torpaq sahəsində yerləşən 35 nömrəli, 4 mərtəbəli binada 51,0 m2 ümumi, 24,0 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı, 59 nömrəli mənzilə yönəldilməli və yuxarıda qeyd olunan borc həmin mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilməlidir. Beləliklə, 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, İddiaçı tələbkar Cavabdeh ASC-yə olan kredit borcu 43.350 manat əsas borc, 13.246,50 manat kredit faizi və dəbbə pulu daxil olmaqla cəmi 56.596,50 manat təşkil edir. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru Arif İmanov tərəfindən icraata başlamaq haqqında xx.xx.2012-ci il tarixli qərar qəbul edilərək icra tədbirlərinin görülməsinə başlanmışdır. Hərracın yekunları barədə xx.xx.2016-cı il tarixli, 27/02 saylı protokolla, əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən tutma ipoteka predmetini təşkil edən həmin mənzil Cavabdeh ASC tərəfindən 46.000 manata alınmış və bankın balansına keçirilmişdir. Cavabdeh ASC-nin Xətai filialının verdiyi İddiaçı bank hesabından xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə əsas borcdan 6.502,50 manat; xx.xx.2016-cı il tarixdə faizdən 7.962,78 manat; xx.xx.2016-ci il tarixdə cərimədən 46.029,81 manat və 8.797,50 manat əsas borcdan ödənişlər aparılmışdır, cəmi 69.292,59 manat məbləğində pul ödənilmişdir. Beləliklə, xx.xx.2016-cı il tarixə borclu İddiaçı tərəfindən banka xx.xx.2008-ci il tarixli, 65 saylı kredit müqaviləsi üzrə kredit üzrə ümumi 69.232,59 manat banka pul vəsaiti ödənilmişdir. AN-İ seriyalı ******* nömrəli, 21 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən tutma ipoteka predmeti olan, cavabdeh X3 məxsus və hərracdan sonra bankın balansına keçirilmiş həmin mənzil 43.350 manata üçüncü şəxsə satılmışdır. Mənzildə qeydiyyatda olan X5 11 nəfər ailə tərkibi ilə həmin mənzilin satılmasına öz razılıq ərizələrini vermişdir. Buna əsaslanaraq, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru Arif İmanov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə xitam verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən həmin kredit 50.000 manat xx.xx.2016-cı il tarixdə tam ödənilmiş, faizlərin gecikdirildiyi günlərin sayı-0 və İddiaçı Cavabdeh ASC-yə hər hansı kredit öhdəliyi mövcud deyil. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)-3365/2011 saylı qətnaməsində İddiaçı tutulmalı olan borc məbləği 56.596,50 manat konkret müəyyən edildikdən və 2012-ci il tarixdə icra işi açıldıqdan sonra borclu İddiaçı tərəfindən tələbkar Cavabdeh ASC-yə 69.292,59 manat, o cümlədən ipoteka predmeti nəzərə alınmaqla, borc tam ödənilmiş hesab edilməli idi. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışla və İddiaçı bank hesabından xx.xx.2023-cü il tarixli çıxarışı ilə bu fakt sübut olunur. Belə olduğu halda, üzərindən altı il keçdikdən sonra yuxarıda qeyd olan halları və nəticələri nəzərə almadan Cavabdeh ASC tərəfindən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə xx.xx.2022-ci il tarixli məktubla bildirilir ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə qalıq borcu guya 23.466 manat 50 qəpik təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən tutma ipoteka predmeti və alqı-satqı predmeti təşkil edən mənzilin satılması nəticəsində və borclu tərəfindən Cavabdeh ASC-yə aparılmış 69.312,59 manat ödənişlər nəticəsində əldə olunan pul vəsaiti İddiaçı Cavabdeh ASC-yə olan qətnaməyə əsasən 56.596 manat 50 qəpik ümumi kredit borcdan 50.000 manat, ya da 69.292,59 manat məbləğində pul vəsaiti silindikdən sonra, İddiaçı Cavabdeh ASC-yə qətnaməyə əsasən qalıq kredit borcu tam ödənilmiş və silinmiş təşkil etməlidir. Əksinə, Cavabdeh ASC İddiaçı 12.616,09 manat borclu qalır. Belə olduğu halda İddiaçı 23.466 manat 50 qəpik qalıq kredit borcun ödənilməsi Cavabdeh ASC-nin tələbi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi ilə ziddiyət yaradır və Cavabdeh ASC-nin əsassız varlanmasına şərait yaradır. Səbail rayon İcra Şöbəsinə müraciət edərək yuxarda qeyd olunan halların araşdırılması barədə iddiaçı tərəfindən xahiş edilmişdir. Lakin iddiaçının müraciəti heç bir nəticə verməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 230-cu maddəsinə əsaslanaraq iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnamənin icra olması barədə izah verməsinə dair 25 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3365/2011 nömrəli, 13 iyul 2023-cü il tarixli qərardadla 2(103)3365/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnamədə İddiaçı tutulmalı olan borc məbləği konkret göstərilməklə, həmin qətnamənin icrası qaydasında iddiaçıdan tələbkar bankın xeyrinə daha artıq məbləğ tələb oluna bilmədiyindən iddiaçının ərizəsi məhkəmə tərəfindən təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)- 3619/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçının ondan məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş borc məbləği üzrə bütün ödənişləri ödəməsinə dair dəlillərinə qarşılıq olaraq cavabdeh tərəfindən təqdim edilən sübutlardan aydın olmuşdur ki, iddiaçıdan məhkəmə qətnaməsinə əsasən tutulması qərara alınmış borc məbləği iddiaçının irəli sürdüyü kimi ödənilməmiş, cavabdeh bankın Müşahidə Şurasının müvafiq qərarına əsasən balansdankənar təqib olunmaqla silinmişdir. Belə ki, banklar haqqında normativ aktlara əsasən banklarda ümidsiz aktivlərin silinməsi proseduruna uyğun olaraq İddiaçı da krediti bu təsnifata uyğunlaşdırılmaqla silinmiş və buna dair məlumatlar həmin bankın təqdim etdiyi çıxarışda tam olaraq öz əksini tapmışdır. İddiaçının Azərbaycan Kredit Bürosu MMC-nin, yəni Mərkəzi Kredit Reyestrinin məlumatlarına istinad etməklə həmin sənəddə borcun tam ödənilmiş statusunda göstərilməsi ilə bağlı qeyd edilməlidir ki, həmin reyestr üzrə məlumat təchizatçısı kredit verən bankdır və həmin məlumatların tamlığına bank məsuliyyət daşıyır. Lakin elə mərkəzi kredit reyestri məlumatlarında İddiaçı borcalan kimi aktiv öhdəliklərində 8797,50 manat əsas borc və 14669 manat faiz borcunun olması və həmin kreditin statusunun balansdan silinmiş olması aydın görünür. Borcalanın bağlanmış öhdəliklərində də eyni kreditin xx.xx.2016-cı il tarixdə tam ödənilmiş kimi göstərilməsi hazırda həmin borcun məhkəmə tərəfindən əsassız hesablanmış kimi müəyyən edilməklə silinməsinə əsas vermir. Qeyd edilməlidir ki, tərəflər arasında borcun tutulması barədə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qətnaməsi mövcuddur. Hazırda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara, yəni ona əsassız borc yazılmasına, hesablanmasına, həmçinin ipoteka predmeti olan mənzilin satılması ilə əvəzləşdirilən borc (34.552,50 manat) ümumi borc məbləğindən (56.596 manat 50 qəpik) çıxılandan sonra, yerdə qalan qalıq borcun (22.044 manat) ödənilməsinə dair mötəbər sübutları (ödəniş qəbzləri, ödəniş tapşırıqları, kassa mədaxil qəbzləri və s. ciddi hesabat sənədlərini) məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin qalıq borcu ödəməsini təsdiq edən sənədləri təqdim etmiş olacağı təqdirdə onun arqumentləri əsaslı sayıla bilər və bu da öz növbəsində icra sənədi üzrə icraata xitam verilməsinə əsas verən hal hesab edilə bilərdi. Hazırda isə bunun əksinə olaraq iddiaçı tərəfindən qalıq borcun ödənilməsinə dair hər hansı mötəbər sübutun olmaması cavabdeh tərəfindən həmin borcun bankların fəaliyyətini tənzimləyən qaydalara uyğun olaraq X4 müvafiq qərarı əsasında silinməsinə dair təqdim edilmiş sübutlarla aydın olur. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Qeyd olunan qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, balansdan kənar əməliyyatlar-baş verdiyi anda mühasibat (balans) hesabatında aktiv öhdəlik kimi tanınmayan əməliyyatlardır. Burada birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, 2016-cı ilin aprel ayına İddiaçı Cavabdeh ASC-yə qalıq kredit borcu 56.596.5 – 34.552=22044,5 manat təşkil etmişdir. Qanunvericiliyinin və məhkəmə qətnaməsinin tələblərinə əsasən İddiaçı tələbkar Cavabdeh ASC-yə olan cəmi 56.596 (əlli altı min beş yüz doxsan altı) manat 50 qəpik kredit borcdan 34.552 manat qeyd-şərtsiz silinir və bank tərəfindən xx.xx.2016-cı il tarixdə silinməli idi. Bundan başqa Cavabdeh ASC-nin Xətai filialının verdiyi İddiaçı bank hesabından xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə əsas borcdan 6.502,50 manat; xx.xx.2016-cı il tarixdə faiz borcdan 7.962,78 manat; xx.xx.2016-ci il tarixdə cərimə faiz borcundan 46.029,81 manat və 8.797,50 manat əsas borcdan ödənişlər aparılmışdır, cəmi 69.292,59 manat məbləğında pul ödənilmişdir. Beləliklə, xx.xx.2016-cı il tarixinə borclu İddiaçı tərəfindən banka xx.xx.2008-ci il tarixli, 65 saylı kredit müqavilə üzrə cəmi 69.232,59 (altmış doqquz min iki yüz otuz iki min) manat banka pul vəsaiti ödənilmişdir (bankın möhürü və imzası ilə həmin fakt öz təstiqini tapır). İş materiallarına əlavə edilmiş sənədlərdəndə göründüyü kimi cavabdeh, Azərbaycan Kredit Bürosu MMC-ə, yəni Mərkəzi Kredit Reyestrinə vermiş olduğu məlumatlarında İddiaçı tərəfindən öhdəliyin tam yerinə yetirilməsi və banka borcunun olmaması qeyd edilmişdir. Bundan başqa məhkəmə göstərilən prosessual hüquq normasına zidd olaraq prosesin çəkişmə prinsipini təmin etməmiş, çəkişmə prinsipinin təmin edilməsindən yayınmışdır. Göründüyü kimi Mərkəzi kredit reyestri xx.xx.2024-cü il tarixinə olan məlumatlarında İddiaçı borc alan kimi aktiv öhdəliklərində 8797,50 manat əsas borc və 14.669 manat faiz borcunun olması göstərilir. Eyni zamanda İddiaçı bank hesabın çıxarışında həmin məbləğ 8.797,50 manat xx.xx.2016 il tarixində əsas borcdan silinmiş məbləğ kimi göstərilir. Suallar yaranır: 2008-ci ildən həmin məbləği 8.797,50 manat aktiv kredit kimi göstərilməsində bank hansı kredit müqaviləsinə istinad edirdi, əgər 2016-cı ildə həmin məbləğ 8.797,50 manat əsas borcdan bank tərəfindən silinmişdir 14.669 manat məbləğində faiz borcu nədən yaranmışdır və nəyə əsaslanaraq bank öz rəsmi sənədlərində ziddiyyətli məlumatları göstərir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində əsas və faiz borcun məbləğın konkret olaraq göstərməsinə baxmayaraq cavabdeh özbaşnalıq göstərməklə nəyə əsaslanaraq borcun hesablanmasını və silinməsini öz marağlarına uyğun aparır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş 21 avqust 2024-cü il tarixli,15/069 nömrəli ərizədə cavabdeh göstərir ki, “əmlak balansa götürüldükdən sonra sistem üzrə qalan 62.730.09 manat (8.797,5 manat əsas borc, 7.902,78 manat faiz borcu, 46.029,81 manat cərimə) borc Müşahidə Şurasının qərarı əsasında xx.xx.2016-cı il tarixdə balansdan silinmiş və məhkəmə qətnaməsi üzrə qalıq 23.466.50 manat borc balansdankənarda təqib edilib, qətnamədən artıq olan hissə (39.263.59 manat) isə təqib edilmir. 2011-ci ildən qüvvədə olan məhkəmə qətnaməsi ilə ödənişə müəyyən olan 56.596,50 manat (43.350 manat əsas və 13.246.50 faiz borc) borc bank sistem üzrə olan qalıq borcun silinmə istiqamətinə və bankın daxili hesabatın aparılması üçün mühüm deyilmi. Məhkəmə qətnaməsi ilə İddiaçı cəmi 56.596 manat məbləğində borc pul vəsaiti ödənilməsi qət edilmişdir. Həmin məbləğindən ipotekada olan əmlak 34.552.50 manata bankın balansına götürüldükdən sonra və xx.xx.2016-cı il tarixdə 6.502,50 manat, xx.xx.2016-cı il tarixdə 7.962,78 manat və 8.797.50 manat ödənişləri nəzərə almaqla İddiaçı qalan əsas borc 8798 manat (43350-34552=8797) və 13.246,50 manat faiz borcu 2016-cı ilin dekabr ayına tam artırılması ilə bağlanmışdır. Belə olduğu halda və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı qətnaməsinin qarşısında bank tərəfindən Bakı Nəsimi məhkəməsinə təqdim olunan “Kapitl Bank ASC X4 84 nömrəli, xx.xx.2016-ci il tarixli Protokolu hazırki kredit borca şamil olunmur. Qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əhəmiyyət vermədən bankın X4 müvafiq qərara üstünlük verərək cavabdeh tərəfindən təqdim edilən həmin qərarı subut kimi məhkəmə tərəfindən qəbul edilməsi, eyni zamanda Kərimovun bank hesabdan çıxarışda göstərilən və bank tərəfindən öz möhürlə və imzası ilə təstiq edilən məlumatları məhkəmə tərəfindən subut kimi qəbul etməmək, iddiaçıdan 8 il keçdikdən və icra işin bağlanmasından sonra ödəniş qəbzləri tələb edilməsi məhkəmənin qərəzliliyinin nümunəsidir. "xxxx" MMC-nin SF8904 nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışda göstərilən məlumatlar təchizatçısı Cavabdeh ASC tərəfindən verilən məlumatlara əsasən qeyd olan məlumatlardır. Çıxarışda qeyd olunur ki, İddiaçı tərəfindən xx.xx.2008-ci il tarixdə götürülən 50.000 manat məbləğində kredit İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə tam ödənilmişdir. Kreditin statusu: tam ödənilmiş; faizlərin gecikdirildiyi günlərin sayı – 0. Həm də çıxarışda göstərilir ki, borcalan İddiaçı 8.797, 50 azn kreditin qalıq məbləği və 14.669,00 azn faiz məbləği aktiv öhdəliklər var. Eyni zamanda Cavabdeh ASC-nin Xətai filialı tərəfindən verilən İddiaçı bank hesabından çıxarışında bank göstərir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 8.797,5 manat banka ödəmişdir və həmin tarixdə həmin məbləğ (8.797,5 manat) bank tərəfindən kreditin əsas borcdan silinmişdir. Həm də həmin çıxarışda 14.669,00 azn faiz məbləği aktiv öhdəlik olması barədə qeyd edilmir. Bununla da iki rəsmi maliyyə sənədləri arasında ziddiyyət yaradılır. Həmin ziddiyyətin araşdırılması və aradan qaldırılması üçün məhkəməmühasibat ekspertizasının təyin edilməsinə dair məhkəmədə vəsatət qaldırılmışdır. Lakin məhkəmə həmin faktın nə araşdırması aparılmışdır, nə də vəsatət təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)-3365/2011 saylı qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 aprel 2011-ci il tarixli qətnaməsi üzrə əsas borcun tutulması hissəsində 1.150 manat azaldılaraq 43.350 manat əsas borc müəyyən edilmiş, İddiaçı Cavabdeh ASCnin xeyrinə cəmi 56.596 manat 50 qəpik məbləğində kredit borcunun tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2012-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2011-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarından həmçinin müəyyən edilir ki, qeyd olunan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)3365/2011 saylı qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin qətnamənin icrası qaydasında bir sıra icra hərəkətləri həyata keçirilmiş və 31 mart 2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən və eyni tarixli hərracın yekunları barədə 27/02 saylı protokoldan görünür ki, X3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri Səbail rayonu X10 küçəsində yerləşən 35 saylı evin 59 saylı mənzili 34.552,50 manata Cavabdeh ASC-yə satılmışdır. Müqavilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)-3365/2011 saylı icra vərəqəsinin, Səbail rayon İcra Şöbəsinin xx.xx.2015-ci il tarixli məktubunun və Cavabdeh ASC-nin xx.xx.2016-cı il tarixli məktubunun icrasına əsasən bağlanmışdır. Bundan sonra Cavabdeh ASC-nin X4 27 dekabr 2016-cı il tarixli 84 saylı protokolundan çıxarışdan görünür ki, gündəlikdə duran məsələlərdən biri 94 halda kreditin silinməsi və qətnamə üzrə qalıq borcun balansdankənarda yaradılacaq kontrakt üzrə təqib edilməsi olmuş, həmin məsələ barədə fikirlər dinlənilmiş və bankın siyahıda göstərilən 26 filialı tərəfindən verilmiş 94 halda kredit üzrə xx.xx.2016-cı il tarixə olan cəmi 6.030.174 manat əsas borcun, 15.926.802 manat faizin balansdan silinməsi və həmin kreditlər üzrə qətnamə üzrə qalıq borcun balansdankənarda yaradılacaq kontrakt üzrə təqib edilməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda Cavabdeh ASC-nin Nərimanov rayon İcra şöbəsinə göndərdiyi xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı icra sənədi üzrə qalıq borcu 23.466,50 manat təşkil edir. Səbail rayon İcra şöbəsi tərəfindən icra sənədi icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilsə də, icra sənədinin icra vəziyyəti barədə tələbkara heç bir məlumat verilməmişdir. Bu səbəbdən, icra sənədinin icra olunması üçün tədbirlərin görülməsi xahiş olunmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, Səbail rayon İcra şöbəsinin icra məmuru T.Nurlu tərəflərə tələbin könüllü icrası barədə bildiriş göndərmiş, icra sənədinin 06 aprel 2023-cü il tarixdə icraata daxil olduğunu bildirmiş və İddiaçı Səbail rayon İcra şöbəsinə gəlməsi xahiş olunmuşdur. Qeyd edilənlərlə yanaşı İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2011-ci il tarixli 2(103)-3365/2011 saylı qətnaməsinə izah verilməsi barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və Mülki Kollegiyanın xx.xx.2023-cü il tarixli 2(103)-3365/2011 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadda göstərilmişdir ki, qətnaməyə izah verilməsi üçün əsaslar mövcud deyil. Eləcə də, qeyd olunmuşdur ki, qətnamədə İddiaçı tutulmalı olan borc məbləği konkret göstərilməklə, həmin qətnamənin icrası qaydasında ondan tələbkar bankın xeyrinə daha artıq məbləğ tələb oluna bilməz. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, bankın ona qarşı borc tələbi üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul onun tərəfindən tam şəkildə ödənilmişdir. Belə ki, məhkəmə qətnaməsinə əsasən ümumi borc məbləği 56.596 manat 50 qəpik təşkil etdiyi halda tələbin yönəldiyi əmlak bankın balansına qəbul edilməklə borc məbləğindən 34.552 manat əmlakın dəyərinə görə pul silinmişdir. Eyni zamanda bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən də müəyyən edilir ki, onun tərəfindən xx.xx.2016-cı ildə 7902,78 manat faiz, 8797,50 manat faiz və cərimə borcuna görə pul ödənilməklə silinmələr aparılmışdır. Odur ki, hazırda bank tərəfindən ondan pul tələb edilməsi əsassızdır və ona yazılmış əsassız borc məbləği silinməlidir. Göründüyü kimi iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin tərəfindən icra edilməsinə istinad etməklə Cavabdeh ASC tərəfindən xx.xx.2008-ci il tarixli 65 saylı müqavilə üzrə ona əsassız hesablanmış əsas kredit borcunun, faizin və dəbbə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələblə qətnamənin icrası qaydasında müraciət etməli idi. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, iddiaçının xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun 8.797,50 manat, faiz borcunun 14.669 manat olduğu qeyd edilmişdir. Çıxarışda həmçinin borcalanın bağlanmış öhdəlikləri kimi eyni tarixli kredit müqaviləsi və həmin öhdəliyin xx.xx.2016-cı il tarixdə tam ödənilməsi göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, İddiaçı məxsus 107İQKA082180002 nömrəli hesab üzrə son ödəniş tarixi xx.xx.2016-cı il olmaqla, kredit məbləği tam ödənilmişdir. Cavabdeh ASC-nin AZ24AİİB******************** nömrəli hesabdan xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə 50.000 manat məbləğində kredit götürmüş, xx.xx.2013-cü il tarixdə onun mülkiyyətində olan daşınmaz əmlakın girova götürülməsinə görə 28.050 manat borcdan silinmiş, daha sonra xx.xx.2016-cı il tarixdə girov əmlakının xx.xx.2016-cı il tarixdə hərracda 34.552,50 manata satılmasına görə əlavə 6.502,50 manat silinmiş və sonda xx.xx.2016-cı il tarixdə Müşahidə Şurasının xx.xx.2016cı il tarixli protokoluna əsasən 7.902,78 manat, 46.029,81 manat və 8.797,50 manat silinmələr həyata keçirilmişdir. Bununla yanaşı iddia ərizəsindən görünür ki, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru Arif İmanov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3365/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə xitam verilmişdir. İşin sadalanan hallarına əsasən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı məxsus 107İQKA082180002 nömrəli hesab üzrə son ödəniş tarixi xx.xx.2016-cı il olmaqla, kredit məbləği tam ödənilmişdir. Bununla belə Cavabdeh ASC-nin Nərimanov rayon İcra şöbəsinə göndərdiyi xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı icra sənədi üzrə qalıq borcu 23.466 manat təşkil edir. Səbail rayon İcra şöbəsi tərəfindən icra sənədi icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilsə də, icra sənədinin icra vəziyyəti barədə tələbkara heç bir məlumat verilməmişdir. Bu səbəbdən, icra sənədinin icra olunması üçün tədbirlərin görülməsi xahiş olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, hazırki iş üzrə cavabdeh iddiaçıdan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən borcun ödənilmədiyini bildirir, eyni zamanda icra məmurunun qərarına əsasən həmin icra sənədinə xitam verilmişdir, belə olan halda hazırki tələbə məhkəmədə baxılmalı deyil, çünki qeyd edilən məsələlərin müəyyən edilməsi məhz qətnamənin icrası qaydasına aid edilir və iddiaçı bu barədə müvafiq icra orqanına müraciət etməklə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə borcun olub-olmamasını aydınlaşdırmalıdır. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarına düzgün qiymət verməyərək, prosessual normaların tələblərini pozmaqla iddia ərizəsinə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. (387.1). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən qismən təmin edilməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)-3619/2024 nömrəli qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh ASC-yə qarşı Bakı şəhəri Səbail rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı borcun olmaması ilə bağlı icra orqanına müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 384 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)- 3619/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı Bakı şəhəri Səbail rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakim: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1108/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1108/2025
03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver