Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11080/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X1 və Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3876/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 121474,60 (bir yüz iyirmi bir min dörd yüz yetmiş dörd manat, altmış qəpik) manat əsas borc, 29353.31 (iyirmi doqquz min üç yüz əlli üç manat, otuz bir qəpik) manat faiz borc olmaqla, cəmi 150827.91 (bir yüz əlli min səkkiz yüz iyirmi yeddi manat, doxsan bir qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3876/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətində göstərmişdir ki, "xxxx" MTK ilə onunla bağlanmış 12 iyul 2016-cı il tarixli müqaviləyə əsasən Kooperativ ona S.Qocayev 152 saylı küçədə inşa edilmiş 1 girişli, 8 mərtəbəli, ümumi sahəsi 16,79 kv.m-dan ibarət, 3 otaqlı, 37 nömrəli təmirsiz mənzili təqdim etmiş, bu təminatın əsas kimi də Bank tərəfindən ona ipoteka krediti ayrılmışdır. Hazırda o, həmin mənzildə yaşayır. Özü Cəbaryıl rayonundan məcburi köçkün olmaqla kredit müqavləsi üzrə ödənişlər etmiş, lakin maliyyə çətinlikləri ucbatından qrafik üzrə gecikmələrə düşmüşdür. Bu gecikmələri əsas götürən Bank isə hazırki iddia ilə məhkəməyə müraciət etməklə borc məbləğini tələb etmişdir. Eyni zamanda, məhkəmə iclaslarında iştirakı təmin edilmiş olsaydı, o, yuxarıda qeyd etdiyi əsas məqamları məhkəmənin diqqətinə çatdırar, müvafıq ekspertizanın keçirilməsini də tələb edərdi. Lakin birinci instansiya məhkəməsi sadəcə iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənərək əsassız olaraq iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Odur ki, göstərilən əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq qətnamə qəbul etmişdir. Həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində iştirakı təmin olunmadığından mühasibatlıq ekspertizasının keçirilməsi üçün vəsatət verə bilmədiyindən bu hüququ məhz apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə təmin olunmalıdır. Eyni zamandda, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamış, eləcə də məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmişdir. Cavabdeh2 da apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək "xxxx" ASC tərəfindən Cavabdeh2 pul tələb edilməsi hissəsində iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətində göstərmişdir ki, o, cavabdehin əldə etdiyi mənzilin özü tərəfindən ipoteka ilə yüklü edilməsi üçün bankla onun arasında ipoteka müqaviləsinin bağlanacağını düşünüb 12.07.2016-cı il tarixli, 125-12-07- 2016-RA-XA saylı zaminlik müqaviləsini təsdiqləmişdir. Həmin müqavilə şərtlərində də bu hal öz əksini tapmış və zaminlik müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi qeyd edilmişdir. İddia təmin edilərkən əsas və faiz borcunun müəyyən edilməsinin hansı meyarlara söykəndiyi tam dəqiqləşdirilməmiş və yalnız bankın təqdim etdiyi sənədlərə istinad edilməklə sübut qismində qəbul edilmişdir. Lakin Mülki Prosessual Məcəllənin 97-ci maddəsinə əsasən xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə mütəxəssis rəyinin alınmasının vacib olduğu halda məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmiş və ekspert rəyinin alınması təmin edilməmişdir. Bununla da, Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə ödənilən məbləğlərdən hansının əsas borca, hansının faiz borcuna çıxılması dəqiqləşdirilməmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X3 verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X4 verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2, 741, 470.1, 472.1, 472.2-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər Cavabdeh1, Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 kredit müqavilələri ilə götürdüyü öhdəliyi, digər Cavabdeh2 zaminlik müqaviləsi üzrə üzərilərinə götürmüş olduqları öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavadehlərin onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın həmin hissələrdə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Cavabdeh1 apellyasiya şikayətinin məzmunundan görünür ki, onun şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni əsas və faiz borcun məbləğləri hissəsi, Cavabdeh2 apellyasiya şikayətinin məzmunundan görünür ki, onun şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın ona aid hissədə təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. İddia tələbinin mübahisələndirilən hissədə faktiki əsası (faktiki hallar) tələbin həmin hissələrdə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 banka bildirdiyi faktiki ünvanına(bax.i.v.8-9), yəni Bakı şəhəri Nizami rayonu Massiv 85 ünvanına məhkəmə sifarişli məhkəmə bildirişi göndərmişdir. Məhkəmə bildirişləri “ünvan düzgün deyil” qeydləri yazılmaqla məhkəməyə qaytarılmışdır. Cavabdeh1 bankla bağladığı kredit müqaviləsində rəsmi qeydə alındığı yerin ünvanını, yəni Cəbrayıl rayonunun Məzrə kəndini göstərmişdir. Məlum səbəblərdən həmin ünvana məhkəmə bildirişlərinin göndərilməsi mümkün olmamışdır. Apellyasiya şikayətində isə Cavabdeh1 ünvanı kimi tamamilə başqa ünvanı, yəni ünvan 3üyü kimi, Cavabdeh1 bu dəlillərdən istifadə etməsi əslində qeyd olunan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq məqsədi daşıyır ki, bu da hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. Əks halda o, faktiki yaşadığı ünvanı yaxud yazışmaların göndərilməsini istədiyi ünvan barədə yaxud ünvanının dəyişməsi barədə banka vaxtında və düzgün məlumat verməyə borclu idi. İkincisi, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də hər hansı bir əsas və zərurət olmamışdır. Belə ki, iddiaçı 12.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 240 ay müddətinə illik 10 faizlə 126133 manat kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərdən 4658,40 manat əsas borcdan, 31541,97 manat faiz borcundan, 310,81 manat cərimədən silinmişdir. Ödəniş cədvəli üzrə 121,474,60 manat əsas borc, 29 iyun 2021-ci il tarixə isə 29353,31 manat faiz borcu qalmışdır. Demək, bankın verdiyi izahlı maliyyə arayışına görə ödənilən məbləğlərin hansı hissəsinin əsas borca, hansının isə faiz borcuna və cəriməyə silindiyi dəqiq göstərilmişdir. İşdə olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (bax.i.v.18-22)diqqət yetirdikdə aydın olur ki, ödənişlər tam olaraq həmin cədvələ uyğun silinmişdir. Bu cür vəziyyətdə ödənişlərin hansı hissəsinin əsas borca, hansı hissəsinin isə faiz borcuna hesablanmasının aydın və müəyyən olunduğu halda ekspertizanın keçirilməsinə də əsas və zərurət yoxdur. Əgər cavabdehlər göstərilənlərdən artıq hansısa məbləğdə ödəniş etmişlərsə, ən azından məhkəməyə bu barədə sübut təqdim edə bilərdilər, lakin etmədilər. Demək, şikayətlərindəki dəlillər yalnız formal olmaqla, işə baxılması müddətini süni surətdə uzatmaq məqsədi daşıyır. Üçüncüsü, cavabdehlərin göstərdiyi digər dəlillər də onların iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki, cavabdehlər qeyd olunan kredit və zaminlik müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehlərin ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində göstərdikləri dəlillər mübahisələndirdikləri hissələrdə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3876/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri ilə əlaqədar ödənilmiş dövlət rüsumları özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11080/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11080/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver