Məhkəmə qərarları › İş №2(103)-1109/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1109/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1109/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mehdizadə Mehri Rasim qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 oktyabr 2022-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin nümayəndəsi X1 və cavabdehin özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı MMC-nin buna səlahiyyətli olan nümayəndəsi cavabdehə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında dəyərinin hissə-hissə ödəməklə “iPhone 8 plus” markalı telefonun və "xxxx" markalı mini sobanın cavabdeh tərəfindən satın alınması barədə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 1.150 manat, öhdəliyin icra edilməməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 115 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədilə 32,65 manat məbləğinə pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı MMC aralarında bağlanmış 6.10.2019-cu il tarixli müqaviləyə əsasən MMC-dən, dəyərinin hissəhissə ödənilməsi şərti ilə ümumi qiyməti 2.475 manat olan bir ədəd “iPhone 8 plus” markalı telefon və bir ədəd "xxxx" markalı mini soba almışdır. Cavabdeh həmin müqavilə şərtlərini pozmuş, borcun bir hissəsini ödəmiş, qalan 1.150 manat məbləğində borcu isə ödəməmişdir. MMC, onunla cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə dəbbə borcu hesablamış və bu zaman həm özünün, həm də cavabdehin əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq dəbbəni 115 manat məbləğində müəyyən etmişdir. MMC borcun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh bunu etməmişdir. Bu səbəbdən də, MMC, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 32,65 manat məbləğinə dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə sadələşdirilmiş icraat qaydasında baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsini 448, 567, 600-cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddia tələbi sübuta yetir və əsaslıdır. d) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçı MMC-dən aldığı telefon bir müddət işlədikdən sonra onun ekranı sönmüşdür. Bundan sonra cavabdeh, həmin telefonun dəyişdirməsi üçün iddiaçı MMC-yə müraciət etsə də, cavabdehə texniki servisə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdeh telefonu alarkən MMC tərəfindən ona “Qızıl zəmanət” verildiyindən, cavabdeh, telefonu və telefona aid bütün avadanlığı texniki servisə təmir üçün təhvil vermişdir. 2019-cu ildən telefonunu təmir etməmişlər və cavabdehə qaytarmamışlar. Bundan başqa nəzərə alınmalıdır ki, Rayon Məhkəməsi işin baxılması, məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verməmiş, bunun nəticəsində cavabdeh məhkəmə baxışı iclasında iştirak etmək hüququ pozulmuşdur. e) Apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və onların verdikləri izahatlar barədə məlumat

7. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, mübahisəli telefon bir müddət istifadə olunduqdan sonra onda qüsur yaranmışdır. Bu məqsədlə də MMC-yə müraciət etmiş, onlar təmir üçün telefonu əvvəl “Link” Servisə, daha sonra isə “Alma Store” Servisinə göndərmişlər. Lakin servis təşkilatları telefona kənar müdaxilənin olduğunu bildirərək telefonu zəmanətlə təmir etməkdən imtina etmişlər. O, telefona müdaxilə etmədiyindən iddiaçı MMC-nin özünün və MMC ilə əməkdaşlıq edən həmin servis təşkilatlarının hərəkətini qanunsuz hesab edir. Göstərilənlərə əsasən o, MMC tərəfindən ona qarşı iddianın rədd edilməsini xahiş edir.

8. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh telefona müdaxilə etdiyi üçün onlar təmirdən imtina etmişlər. “Link” Servis və “Alma Store” Servis tərəfindən verilmiş rəylər telefona müdaxilənin edilməsini təsdiq edir. f) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, cavabdehin iddiaçı MMC ilə aralarında bağlanmış 6.10.2019-cu il tarixli müqaviləyə əsasən MMC-dən, dəyərinin hissə-hissə ödənilməsi şərti ilə ümumi qiyməti 2.475 manat olan bir ədəd “iPhone 8 plus” markalı telefon və bir ədəd "xxxx" markalı minin soba alması işin mübahisəsiz halıdır. İddiaçı MMC bildirir ki, cavabdeh onun qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, əşyaların dəyərini qismən ödəmiş, nəticədə isə cavabdehin 1.150 manat məbləğində borcu yaranmışdır.

11. İşin hallarından bəlli olur ki, cavabdeh həmin xəbırdarlığa baxmayaraq MMC-yə olan borcu ödəməmişdir. Cavabdeh bu halı inkar etmir. O bildirir ki, MMC-dən aldığı telefon qüsurlu olmuş, buna görə o, telefonu mağazaya aparmış və MMC telefonu təmir etmək üçün servisə vermişdir. Bundan sonra telefon geri qaytarılmamışdır. Telefondakı qüsur aradan qaldırılmadığı üçün o da ödənişdən imtina etmişdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Cavabdeh telefonda yaranmış qüsurun MMC tərəfindən aradan qaldırılmadığını bildirsə də, iş materialları ilə müəyyən olunur ki, mübahisəli telefonda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlıq aşkar edilmişdir. Belə ki, “Link servis” tərəfindən verilmiş “aparılan işlər barədə çıxarış”dan görünür ki, xx.xx.2020-ci il tarixdə servisə təhvil verilmiş “iPhone 8 plus” markalı telefonda istifadə nəticəsində yaranmış nasazlıq var, kənar müdaxilə aşkar edilmişdir. “Alma Store” Servis tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hesabatdan görünür ki, “iPhone 8 plus” markalı telefon başqa servisdə açılmış, platada təmir işləri aparılmış, qoruyucular yoxdur və qoruyuculara fərqli vintlər bağlanılmışdır.

14. Cavabdeh telefonda yaranmış qüsurun MMC-nin təqsiri nəticəsində baş verməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

15. Bununla da, müəyyən edilir ki, cavabdehin kreditor olan MMC arasında bağlanmış müqavilə üzrə MMC qarşısında icra edilməmiş öhdəliyi mövcuddur.

16. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (maddə 405.1.). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).

17. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, cavabdeh, onunla iddiaçı MMC arasında bağlanmış və yuxarıda qeyd edilən müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməli və ödənilməmiş qalan 1.150 manat məbləğində əsas borcu iddiaçı MMC-yə ödəməlidir.

18. Bu baxımdan hesab edilməlidir ki, iddianın müzakirə edilən bu hissəsi, əsaslıdır. Rayon Məhkəməsi bu tələbi təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır.

19. İddiaçı MMC müqavilə üzrə cavabdehə 115 manat məbləğində dəbbə (cərimə) hesablamış və həmin məbləğin də cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

20. Məhkəmə qeyd edir ki, MMC ilə cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, müştəri olan cavabdeh “Ödəniş cədvəli” üzrə ödəniş şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcmdə mübahisəsiz olaraq penya (cərimə) ödəyir.

21. Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).

22. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələblərini və cavabdeh ilə iddiaçı MMC arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq hesab edir ki, 115 manat məbləğində cərimənin (dəbbənin) məbləği iş üzrə tərəflərin həm əmlak mənafelərinə, həm də bütün əsaslı mənafelərinə uyğundur.

23. Bu baxımdan hesab edilməlidir ki, iddianın müzakirə edilən bu hissəsi də, əsaslıdır. Rayon Məhkəməsi bu tələbi təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır.

24. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi işin baxılması, məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verməmiş, bunun nəticəsində cavabdeh məhkəmə baxışı iclasında iştirak etmək hüququ pozulmuşdur.

25. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, iddiaçı MMC-nin buna səlahiyyətli olan nümayəndəsi cavabdehə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş və Rayon Məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxaraq qətnamə qəbul etmişdir.

26. İddianın qeyd edilən qaydada verilməsi və işə qeyd edilən qaydada baxılması MPM-nin “Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat” adlı XXİİİ-İ Fəsilinin tələblərinə əsasən mümkündür.

27. MPM-nin qeyd edilən Fəsilinin tələblərinə görə, kiçik iddialara dair işlər üzrə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (maddə 284- 5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (maddə 284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (maddə 284.5.3.).

28. İş materiallarından görünür ki, Rayon Məhkəməsi qeyd edilən prosessual normalara əməl etmiş, cavabdehə bildiriş göndərərək iddiaçı MMC-nin tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğunu bildirişdə qeyd etmiş, lakin cavabdeh iddiaçı MMC tərəfindən ona qarşı irəli sürülmüş tələbə dair əsaslandırılmış etirazını Rayon Məhkəməsinə təqdim etməmişdir.

29. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxaraq qətnamə qəbul etməkdə haqlı olmuşdur.

30. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi

31. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

35. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

36. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 oktyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar