Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1109/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” kiçik iddiası tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pulun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-3317/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-156711B/2019 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borclu “vvvvvv.pashabank.az” saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra həmin ümumi şərtlər toplusu çərçivəsində 0064075AZN05968 saylı xx.xx.2019-cu il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla 1,650 (bir min altı yüz əlli) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazmi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin 0064075AZN05968 saylı maliyyələşdirmə üçün ərizə üzrə sayı 1010 gün, 41010AZNFK********** saylı əmək haqqı kartına əsasən texniki overdraft əməliyyatı üzrə 1030 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks hakla qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın 17 avqust 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağdakı kimidir: - 0064075AZN05968 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 618.25 (altı yüz on səkkiz manat iyirmi beş qəpik) manat əsas borc, 75.84 (yetmiş beş manat səksən dörd qəpik) manat faiz borcu, 1,439.51 (bir min dörd yüz otuz doqquz manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,133.60 (iki min yüz otuz üç manat altmış qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı --1010 gün, ı - 41010AZNFK********** saylı əmək haqqı kartına əsasən texniki overdraft əməliyyatı üzrə 42.67 (qırx iki manat altı yeddi qəpik) manat əsas borc, 0.35 (otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 43.02 (qrx üç manat iki qəpik) manat, gecikmə gününün sayı1030 gün təşkil edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh 0064075AZN05968 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 618.25 (altı yüz on səkkiz manat iyirmi beş qəpik) manat əsas borc, 75.84 (yetmiş beş manat səksən dörd qəpik) manat faiz borcu, 1.439.51 (bir min dörd yüz otuz doqquz manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,133.60 (iki min yüz otuz üç manat altmış qəpik) manat borcun, - 41010AZNFK********** saylı hesaba əsasən əsasən 42.67 (qırx iki manat altmış yeddi qəpik) manat əsas borc, 0.35 (otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 43.02 (qırx üç manat iki qəpik) manat borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 41.77 (qırx bir manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Xəzər Rayon Məhkəməsinin 2(003)-3317/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Ramilə Xəzri) ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 0064075AZN05968 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 618.25 manat əsas borc, 75.84 manat faiz borcu, 30,0 (otuz) manat cərimə borcu olmaqla, cəmi 724,09 manat borcun, 41010AZNFK********** saylı hesaba əsasən əsasən 42.67 manat əsas borc, 0.35 manat cərimə borcu olmaqla, cəmi 43.02 (qırx üç manat iki qəpik) manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 41.77 manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Cavabdeh qətnaməni mübahisələndirməmişdir.
6. Hazırkı apellyasiya şikayətinə MPM-in 394-1-ci maddəsinə əsasən, yazılı icraat qaydasında baxılır. Apellyasiya şikayəti və onun dəlilləri:
7. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, MM-in 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddənin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirilir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki,cavabdeh tərəfindən 0064075AZN05968 saylı maliyyələşdirmə üçün ərizə üzrə Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1010 gün olduğundan cərimə məbləğinin məhkəmə tərəfindən 30 (otuz) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Bu səbəbdən, qətnamənin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş emişdir. Sübutların tədqiqi:
8. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-156711B/2019 saylı Razılıq ərizəsi imzalanmışdır.
9. Ümumi Şərtlər toplusu çərçivəsində 0064075AZN05968 saylı xx.xx.2019-cu il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2021- ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla 1,650 (bir min altı yüz əlli) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir.
10. ödəniş cədvəlindən görünür ki, X1 0064075AZN05968 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək « Paşa Bank” ASC –yə hər ay 110,72 manat ödəməyi öhdəsinə götürmüşdür.
11. 18.08.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17 avqust 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - 0064075A2N0596$ saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 613,25 (altı yüz on səkkiz manat iyirmi beş qəpik) manat əsas borç, 75.84 (yetmiş beş manat səksən dörd qəpik) manat faiz borcu, 1,499.51 (tir min dörd yüz otuz doqquz manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,133.60 (ki min yüz otuz üç manat altmış qəpik) manat təşkil edir. Geçikmə günlərinin sayı -1010 gün, - 41010AZNTK********** saylı əmək haqqı kartına əsasən texniki overdraft əməliyyatı üzrə 42.67 (qırx iki manat altı yeddi qəpik) manat əsas borc, 0,35 (otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 43.02 (qırx üç manat iki qəpik) manat təşkil edir.
12. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 7 iş günü müddətində borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən maddi hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Maddə 449.4. özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
14. Hazırkı halda iddiaçı tərəfindən apellyasiya şikayətində qətnamə cərimə hissəsində mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən cərimə borcu hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. Apellyasiya şikayətində qətnamə yalnız cərimə borcu hissədə mübahisələndirilmişdir. Kollegiya həmin dəlil üzrə qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə görə tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasının mümkünlüyünü nəzərə alaraq, hazırkı mübahisə üzrə əsas borca hesablanmış cərimə məbləğinin tənasübsüz çox olması və onun azaldılaraq 30 manat məbləğində saxlanılması barədə iş üzrə müəyyən olunmuş hallar baxımından düzgün qənaətə gəlmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin həmin dəlili əsassızdır və təmin edilə bilməz. Nəticə:
17. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 394-1.3-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş İddiaçı ASC-nin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1). Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-3317/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.