Məhkəmə qərarları › İş №2(103)-11119/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11119/2021

25.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11119/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (İB) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 734,4 manat zərərin və 30 manat dövlət rüsumunun, ümumilikdə 764,4 manatın cavabdehdən İB-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, DYPnin alt hissəsi, 5-ci məhəlləyə İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00200 nömrəli abonent kodu verilmiş, cavabdehin yaşadığı həmin ünvana baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmiş, faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 29.01.2021-ci il tarixli ******* saylı akt əsasında İddiaçı iB-yə 734,4 manat maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, cavabdeh sayğacdankənar xətt vasitəsilə təbii qazdan istifadə etmiş, bu hal tərtib olunmuş aktla rəsmiləşdirilmiş, müvafiq fotoçəkilişlər aparılmış, lakin məhkəmə heç bir hüquqi əsas olmadan İddiaçı İB-yə dəyən zərəri nəzərə almamışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. İş mаtеriаllаrını аrаşdırаrаq kollegiya hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halına əsasən, cavabdehin yaşadığı ünvanda İddiaçı əməkdaşları tərəfindən 29.01.2021-ci il tarixdə akt tərtib edilərək onun yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunduğu göstərilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq cavabdehə 734,40 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının 3-cü bəndinə əsasən istehlakçılar tərəfindən təbii qazın alqısatqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir. Kollegiya hesab edir ki, iddiaçı təşkilat cavabdeh tərəfindən qaz xəttinə qanunsuz müdaxilə halının olması, kənar xəttin cavabdeh tərəfindən quraşdırılması halını sübut edə bilməmiş, birinci instansiya məhkəməsi bu halın müəyyən olunduğunu nəzərə almaqla müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, akta görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. İddiaçı İB-nin istinad etdiyi akt isə cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuşdur, buna görə də mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5789/2021 saylı iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar