Məhkəmə qərarları › İş №2(103)-1112/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1112/2020

15.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1112/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, cavabdeh X6, cavabdeh X4, onun nümayəndəsi və vəkili X2 (o həmçinin cavabdeh X7 vəkilidir) iştirakları ilə İddiaçı X1 cavabdehlər X10, X5, X8, X9, X11, X14 və X12 qarşı “ümumi paylı mülkiyyətdə olan evdə qanunsuz inşa edilmiş tikililərin sökülməsi, evin çıxarış və texniki pasportda göstərilən ilkin vəziyyətə gətirilməsi, ondan sonra onun payının naturada bölünməsi, həmin evin bir hissəsinin kirayəyə verilməsi nəticəsində gəlirdən onun payına müvafiq 1/3 hissənin verilməsini, cavabdehlərin ümumi paylı mülkiyyətdən çıxarılması və s.” tələblərinə dair Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-24/2019 saylı iş üzrə qəbul etdiyi 28 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı X1 cavabdehlər X10, X5, X8, X9, X11, X14 və X12 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqşəldirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 1/3 hissəsi onun mülkiyyətində olan ümumi paylı mülkiyyətdə onun rəsmi icazəsi, razılığı və xəbəri olmadan cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin onların hesabına sökülməsi, cavabdehlər X16, X19, X20, X7 pasport qeydiyyatından və ümumi paylı mülkiyyətdən çıxarılmaları, cavabdehlərin hesabına həmin evin çıxarış və texniki pasportda göstərilən ilkin vəziyyətinə gətirilməsi və ondan sonra onun payının naturada bölünməsi, həmin evin bir hissəsinin kirayəyə verməsindən İlham Hüseynovun son beş il ərzində əldə etdiyi gəlirdən onun payına düşən 1/3 hissənin, yəni 2600 (iki min altı yüz) ABŞ dolları və 7400 (yeddi min dörd yüz) manat pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi, 1/3 hissəsi onun mülkiyyətində olan ümumi paylı mülkiyyətdə olan evdə əvvəlki tikililəri sökərək və əlavə torpaq sahəsi zəbt etməklə özlərinə qanunsuz ev tikmiş, Mənzil Məcəlləsinin 23-27-ci, Torpaq Məcəlləsinin 111-ci və Cinayət Məcəlləsinin 188.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə yol vermiş cavabdehlər X13, X16, X19, X17 və X15 barəsində xüsusi qərardad çıxarıb Azərbaycan Respublikası Prokurorluğuna göndərilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-24/2019 saylı iş üzrə qəbul etdiyi 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun iddiaçı və cavabdehlərdən müştərək qaydada tutulub dövlət nəfinə (Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbinin “cavabdehlərin yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması” hissəsindəmülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə isə, Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd edilən müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın “cavabdehlərin yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması” hissəsi məhkəmədə baxılmalı tələb deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-24/2019 saylı iş üzrə qəbul etdiyi 28 oktyabr 2019-cu il tarixli qətnaməsi “cavabdehlərin pasport qeydiyyatından çıxarılmaları” tələbinin təmin olunmamasına aid hissədə ləğv olunsun. İddiaçı X1 cavabdehlər X10, X5, X8, X9, X11, X14 və X12 qarşı iddiasının “cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbi hissəsində mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Elşad Şamayev Məmməd Məmmədov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar