Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11135/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 29.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 06.09.2019-cu il tarixli 101840-761974/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.032,56 manat əsas borc, hesablanmış 1.593,66 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırmışdır ki, 06.09.2019-cu il tarixli 101840- 761974/1 nömrəli kredit müqaviləsinə əsasən borclu Cavabdeh1 18 ay müddətinə, illik 29% dərəcəsi ilə 9000 manat kredit verilmişdir. Eyni zamanda, bankla Cavabdeh2 arasında 06.09.2019-cu il tarixli 101840-761974/1 nömrəli, Cavabdeh3 arasında 06.09.2019-cu il tarixli 101840- 761974/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. Kredit müqaviləsi üzrə 07.07.2021-ci il tarixə cavabdehlərin 6.032,56 manat əsas borcu və 1.593,66 manat faiz borcu olmaqla, ümumilikdə 7.626,22 manat kredit borcu yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh (borcalan) Cavabdeh1 06.09.2019-cu il tarixli 101840- 761974/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.032,56 manat əsas borc, hesablanmış 1.593,66 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 7.656,62 (yeddi min altı yüz əlli altı manat altmış iki qəpik) manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin - cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 qarşı hissəsində rədd edilməsi, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 06.09.2019-cu il tarixli zaminlik müqavilələri üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 zaminliyinə xitam verilməsi qət edilmişdir. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin "iddia tələbicavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 qarşı hissəsində rədd edilsin. Kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 06.09.2019-cu il tarixli zaminlik müqavilələri üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 zaminliyinə xitam verilsin" hissəsində ləğv edilməsini və bankın iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzə qətnamə qəbul edilərkən kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh1 tutulması qət olunsa da, əsassız olaraq, digər cavabdehlərin zaminliyinə xitam verilmişdir. Hesab edirik ki, məhkəmə zaminliyə xitam verilməsi barədə qərar qəbul edərkən səhv nəticəyə gəlmiş, qanunvericiliyin müvafiq normalarını düzgün təfsir etməmişdir. Belə ki, məhkəmə zaminliyə xitam verilməsini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinin müddəti 06.03.2021-ci il tarixdə başa çatdığına görə zaminliyə xitam verilməlidir və məhkəmə belə nəticəyə gələrkən AR Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə istinad etmişdir. Hazırkı iş üzrə zaminliyin təmin edildiyi öhdəliyin icrası vaxtı 06 mart 2021-ci il tarixə düşür və Bank tərəfindən də əsas borclu və zaminlərə qarşı məhkəmədə 29 iyul 2021-ci il tarixdə iddia irəli sürülmüşdür. Lakin, məhkəmə tərəfindən yanlış olaraq, əsas öhdəliyin bitdiyi tarix, yəni 06 mart 2021-ci il zaminlik müddətinin qurtardığı tarix kimi qəbul edilmiş və bu əsasla da zaminliyə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Apellyator qətnaməni zaminlərə aid hissədə mübahisələndirdiyindən, qətnamənin qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılır. Kollegiya sədrlik edənin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın zaminlərə qarşı rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə İddiaçı ASC-nin iddiası cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 aid hissədə də təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.09.2019cu il tarixli 101840- 761974/1 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 illik 29%-lə 18 ay müddətinə 9.000 manat kredit vermişdir. Cavabdeh1 06.09.2019-cu il tarixli kassa məxaric orderinə imza etməklə 9.000 manat pulu bankdan almışdır. Kredit müqaviləsinin müddəti 06.03.2021-ci il tarixdə bitmişdir. “ İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 06.09.2019-cu il tarixli 101840-761974/1 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 06.09.2019cu il tarixli 101840-761974/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 zamin durmuşdur. Zaminlik müqaviləsinin müddəti 06.03.2021-ci il tarixdə bitmişdir. İddiaçı ASC ilə zamin Cavabdeh3 arasında bağlanmış 06.09.2019-cu il tarixli 101840-761974/1/2 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 06.09.2019-cu il tarixli 101840-761974/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 zamin durmuşdur. Zaminlik müqaviləsinin müddəti 06.03.2021-ci il tarixdə bitmişdir. 07.07.2021-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh1 banka 06.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6.032,56 manat əsas borc və 1.593,66 manat faiz borcu olmaqla, cəmi 7.626,22 manat borcu yarandığı göstərilmişdir. Birinci instansiya məhkəməsi hazırda apellyasiya şikayətində mübahisələndirilən hissədə belə nəticəyə gəlmişdir ki, 06.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. Kreditor İddiaçı ASC ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 06.09.2019-cu il tarixli zaminlik müqavilələrinin müddəti 06.03.2021-ci il tarixdə başa çatdığına görə, 06.09.2019-cu il tarixli zaminlik müqavilələri üzrə Cavabdeh3 və Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Hazırda zaminlər borcun ödənilməsi üçün məsuliyyət daşımır. Birinci instansiya həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad etmişdir. Belə ki, həmin maddəyə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, məhkəmə maddi hüquq normasını səhv tətbiq etmişdir. Belə ki, mülki iş materiallarından görünür ki, İddiaçı ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında müvafiq zaminlik müqavilələri 06.09.2019-cu il tarixdə bağlanmış, həmin müqavilələr 18 ay müddətinə bağlanmış və müqavilələrin müddəti 06 mart 2021-ci il tarixdə bitmişdir. İddiaçı ASC isə iddia ərizəsi ilə məhkəməyə 29.07.2021-ci il tarixdə, yəni 1 illik müddəti ötürmədən müraciət etmişdir. Odur ki, Kollegiya hesab edir ki, kreditor zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddia irəli sürdüyündən, birinci instansiya məhkəməsi zaminlərə qarşı iddianı rədd etməklə əsassız nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, qətnamə zaminlərə aid hissədə ləğv edilməli, iddia onlara aid hissədə də təmin olunmalıdır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən zaminlərə aid hissədə işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələblərinin cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 qarşı rədd edilməsi, 06.09.2019-cu il tarixli zaminlik müqavilələri üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 zaminliyinə xitam verilməsi hissələrində ləğv edilsin, həmin hissədə iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 06.09.2019-cu il tarixli **********74/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.032,56 manat əsas borc, hesablanmış 1.593,66 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 7.656,62 (yeddi min altı yüz əlli altı manat altmış iki qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11135/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11135/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver