Məhkəmə qərarları › İş №2(103)-11151/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11151/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11151/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(010)- 2780/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1282.19 ABŞ dolları əsas borc, 746.92 ABŞ dolları faiz borcu, cəmi 2029.11 ABŞ dolları və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, iddiaçı ilə Cavabdeh arasında 23.02.2015-ci il tarixdə №22-15-11-005968 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh şəxsi məqsədləri üçün illik 28% olmaqla 48 ay müddətinədək 2916 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən 23.02.2015-ci il tarixli, № 22-15-11-005968 saylı Kredit müqaviləsi üzrə götürdüyü öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı ASC ilə cavabdehin arasında bağlanmış 23.02.2015-ci il tarixli, № 22-15-11-005968 saylı kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Müqavilənin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.16% miqdarında dəbbə (penya) pulu ödəyir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə Borcalan Borcverənə verilmiş kredit məbləğinin 56% miqdarında cərimə faiz ödəyir. 23.02.2015-ci il tarixli, № 22-15-11-005968 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən, cavabdeh bu müqavilənin 1 saylı Əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. Həmin müqavilənin 5.4.5-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 4.5, 4.6, 4.7-ci bəndlərində nəzərdə tutulan hallar baş verdikdə müvafiq olaraq hesablanmış cəriməni, penyanı və zərəri Borc verənin nəfinə ödəməlidir. Cavabdeh 25.02.2021-ci il tarixinə İddiaçı ASC-nə 1282.19 ABŞ dolları əsas borc, 746.92 ABŞ dolları faiz borcu, cəmi 2029.11 ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən, Cavabdeh İddiaçı ASC-in xeyrinə 1282.19 ABŞ dolları əsas borc, 746.92 ABŞ dolları faiz borcu, cəmi 2029.11 ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(010)- 2780/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 22-15-15-005968 saylı 23.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1282.19 ABŞ dolları əsas borc, 344.88 ABŞ dolları faiz borcu, cəmi 1627.07 ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2780/2021 saylı iş üzrə 06.09.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil və qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, qətnamə 17.09.2021-ci ildə poçt vasitəsilə ona daxil olmuşdur. Həmin gün bazar gününə təsadüf etdiyinə görə müddətin sonuncu günü 18.10.2021-ci ilə düşür. Məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnamə ilə razı deyil və aşağıda qeyd olununlara görə qətnamə əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Qərar çıxarılarkən maddi və prosessual hüquq normaları pozularaq tətbiq olunmalı hüquq normaları tətbiq edilməmişdir. İşin materiallarından görünür ki, hakim qanunların tələblərinə əməl etməmiş və aşağıda qeyd olunanları nəzərə almamışdır. İddiaçı ASC-nin 10 iyun 2021-ci ildə təqdim etdiyi ödənilmiş məbləğə dair ssuda hesabından çıxarışdan görünür ki, Cavabdeh götürdüyü məbləğin qarışığında 10.03.2015-ci ildən 19.02.2019-cu ilədək hər ay ödəniş etməklə, cəmi 1230,10 ABŞ dolları, 2087,0 manat+ 1900 manat 3.987,0 manat və 1230,10 ABŞ dolları ödəmiş. Bu məbləğlər Respublika Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən güzəştlər tətbiq edilmədiyi halda olan məbləğdir. Daha sonra bu məbləğin üstünə Prezidentin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanında nəzərdə tutulmuş güzəşti hesabladıqda, bu qədər böyük bir məbləğdən sonra şəxsin 1282,19ABŞ dolları əsas borcu, 746, 92 ABŞ dolları faiz borcu və cəmi 2029,11 dollar bu günə borclu qalması sadəcə inandırıcı deyil. Onun özündəki ödəmə qəbzləri əsasında da bu məbləğ artıqlaması ilə tam ödənilib. O, kredit müqaviləsinin sonunadək ödənişləri etmiş və bundan sonra borcunun tam ödənildiyi qənaətinə gəlmişdir. Belə ki, borcu İllərlə hesabladıqda 2015-ci ildən dollarla 1230 dollar, manatla isə 3900 manat pul ödənilib. Bunlar Prezidentin 2015-ci il Fərmanı nəzərə alınmadan ödənilən pullardır. Borcalan kimi cavabdeh artıq borcunu tam ödəmiş hesab etmişdir ki, borcverən isə uzun müddət susaraq öz qanunsuz faizlərini yə faizlərin faizlərini hesablamaqla məşğul olmuş, nəticədə şişirdilmiş borc məbləği yaratmış, yalnız bundan sonra onun borcu olduğu barədə məhkəməyə müraciət etmişdir. Banka borvu var idisə, bankın ondan borcunu tələb etməli olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi qanunları düzgün tətbiq etməli olduğu halda bunu etməmiş, iddiaçının təqdim etdiyi saxta məlumatlarla yalnış nəticcəyə gələrək məhkəmə aktını qıbul etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş 22-15-11-005968 saylı 23.02.2015-ci il tarixli kredit Müqaviləsinə əsasən bank Cavabdeh 48 ay müddətinə, illik 28% olmaqla 2916 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş arayışından müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən 1282.19 ABŞ dolları əsas borc, 746.92 ABŞ dolları faiz borcu, cəmi 2029.11 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İşə əlavə edilmiş 11.08.2021-ci il tarixli, №9/5138 nömrəli ekspertiza rəyindən görünür ki, Cavabdeh 23.02.2015-cü il tarixli 22-15-11-005968 saylı kredit müqaviləsi üzrə borcu 25.02.2021-ci il tarixə 1715.34 ABŞ dolları əsas, 344.88 ABŞ dolları faiz borcu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 22-15-11-005968 saylı 23.02.2015-ci il tarixli kredit sazişinə əsasən bank Cavabdehna 48 ay müddətinə, illik 28% olmaqla 2916 ABŞ dolları məbləğində kredit vermişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hal-hazırda Cavabdeh İddiaçı ASC-nə 1282.19 ABŞ dolları əsas borc, 344.88 ABŞ dolları faiz borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən Cavabdeh 1282.19 ABŞ dolları əsas borc, 344.88 ABŞ dolları faiz borcu, cəmi 1627.07 ABŞ dolları və 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh 22-15-15-005968 saylı 23.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1282.19 ABŞ dolları əsas borc, 344.88 ABŞ dolları faiz borcu, cəmi 1627.07 ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh borc məbləğinin düzgün hesablanmadığını qeyd etsə də, iş materiallarında olan 11.08.2021-ci il tarixli, №9/5138 nömrəli ekspertiza rəyini şübhə altına alan tutarlı dəlilləri məhkəməyə təqdim etməmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1. maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(010)- 2780/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar