Məhkəmə qərarları › İş №2(103)-11167/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11167/2021

16.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11167/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(005)-5042/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək aliment məbləğini artırılaraq 175 manat aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(005)-5042/2021 nömrəli qərardadı ilə iddia ərazi geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı tərəf şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının vətəndaşı olmadığı üçün onun yerini müəyyən etmək mümkün olmadığından mediasiya şurasına müraciət etməyə zərurət yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5042/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(005)-5042/2021 saylı qərardadından iddiaçının şikayəti təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı mövcud iddia tələbi üzrə Mülki Prosessual Məcəllənin 152.0.8-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Mülki Prosessual Məcəllənin 150.0.8-ci maddəsininin tələbinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilən sənədlərdən biri kimi göstərilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən hakim “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin Azərbaycan Respublikasının vətəndaşı olmaması, onun yaşayış yerinin müəyyən etmək mümkün olmaması tərəflərin mübahisənin mediasiya prosesində həll edilməsindən yayınmasına səbəb ola bilməz. Kollegiya hesab edir ki, iddiaçıya izah olunmalıdır ki, o, alimentin miqdarının artırılmasına dair iddia ərizəsini məhkəməyə təqdim etməzdən əvvəl, ilk növbədə mübahisənin mediasiya prosesində həll edilməsi üçün mediatora müraciət etməlidir. Qeyd olunanlara əsasən, kollegiyа hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(005)- 5042/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(005)-5042/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar