Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11171/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2969/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu günə qədər 25.000 ABŞ dolları məbləğində ödənilməmiş borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə 2018-ci ilin mart ayında 20.000 ABŞ dolları məbləğində borc vermişdir. Həmin ilin axırlarına qədər o, borcunu qaytarmağa söz vermiş və bu barədə ona 18 mart 2018-ci il tarixdə yazılmış qəbz vermişdir. Bir müddətdən sonra cavabdehə daha 5.000 ABŞ dolları borc pul vermiş, lakin bu barədə ondan hər hansı bir qəbz tələb etməmişdir, aralarında yaxın münasibətlər mövcud olmuşdur. Lakin görüşləri zamanı Cavabdeh ona ümumilikdə 25.000 ABŞ dolları məbləğində borclu olduğunu heç zaman inkar etməyib və tezliklə qaytaracağına söz verirdi. Aradan 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2969/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 25.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərci 125 manatın Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, imza nümunələri ekspertiza mərkəzinə təqdim edilənədək, ekspert tərəfindən rəy verilmişdir, imza nümunələri əsasında təkrar ekspertiza keçirilməlidir. İddiaçı 25000 ABŞ dolları tələb edir, məhkəmə əlyazmaya istinad edərək 20000 ABŞ dollarının verilməsinin etiraf edilməsinə əsaslansa da, 5000 ABŞ dollarına münasibətdə iş materiallarında hər hansı sübut olmamasına baxmayaraq, tutulması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, təmsil etdiyi şəxs həmin vaxt Bakı şəhərində olmadığından, imza nümunələrini sonradan təqdim etmişdir, cavabdeh əlyazmadakı imzanın ona məxsus olmadığını bildirir, buna görə də təkrar ekspertiza keçirilməlidir. 5000 ABŞ dollarına aid hissədə isə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə heç bir sübuta əsaslanmadan iddianı o hissədə də təmin etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, cavabdehi 7-8 ilə yaxındır ki, tanıyır və yaxın münasibətləri olmuşdur. Cavabdeh ona bildirmişdir ki, Şəmkir rayonunda istixana quraşdırmışdır və pulu çatmır, ondan borc istəmişdir. Yaxın münasibətləri olduğu üçün əvvəl 10000 ABŞ dolları vermiş, sonra əlavə 10000 ABŞ dolları da istəmişdir. Özündə olmadığı üçün dostundan 10000 ABŞ dolları alıb cavabdehə vermiş, dostunun istəyinə əsasən cavabdehə 20000 ABŞ dollarına dair əlyazma qəbzə imza etdirmiş və bu qəbz iki nüsxədən ibarət olmuşdur, bir nüsxəni məhkəməyə təqdim etmiş, digərini isə özündə saxlamışdır. Ona görə iki nüsxədə tərtib etmişlər ki, biri onda, biri cavabdehdə qalsın, lakin cavabdeh götürməmişdir ki, ehtiyac yoxdur. Cavabdeh üçüncü dəfə ondan 5000 ABŞ dolları istəmişdir, dostu ona demişdir ki, həmin pulu verəndə cavabdehdən qızıl-zinət əşyaları alsın, cavabdeh də arvadının bir neçə qızılını vermişdir, iki aydan sonra cavabdeh həmin qızılları iki-üç günlük geri istəmişdir ki, toya gedirlər, o da qızılların hamısını qaytarmışdır. Bir ilə yaxın müddət keçdikdən sonra cavabdehdən dostundan alıb verdiyi 10000 ABŞ dollarını qaytarmasını istəmiş, cavabdeh aprel ayında qaytaracağını bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. İddiaçı hazırda cavabdehə 25000 ABŞ dolları borc verdiyini iddia edərək, həmin borcun qaytarılmasını tələb edir. İddiasını cavabdehdən tərəfindən imzalanmış 18.03.2021-ci il tarixli əlyazma qəbzlə əsaslandırır. İş materiallarında olan 18.03.2018-ci il tarixli əlyazma qəbzdə qeyd edilmişdir ki, “Mən, Cavabdeh Tofik oğlu İddiaçı 20000 ABŞ dolları borc aldım. 2018-ci ilin axırında qaytarmaq şərti ilə”. Qəbz iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh həmin qəbzdəki imzanın ona məxsus olmadığını iddia etmiş, məhkəmə də məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 4/984 nömrəli ekspertiza rəyindən görünür ki, 18.03.2018-ci il tarixli qəbzdə “Məmmədov.A. İmza” yazıları qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Cavabdeh apelyasiya şikayətində təkrar ekspertiza keçirilməli olduğunu bildirərək, göstərmişdir ki, tərəfindən imza nümunələri ekspertiza mərkəzinə təqdim edilənədək, ekspert tərəfindən rəy verilmişdir. Həmin imza ona məxsus deyildir. Kollegiya qeyd edir ki, cavabdehin bu dəlili əsassızdır və ekspert rəyini şübhə altına alan, təkrar ekspertiza keçirilməsini zəruri edən hər hansı hal müəyyən edilməmişdir, belə ki, təqdim edilmiş ekspert rəyində göstərilmişdir ki, tədqiqat mülki iş materiallarının 16-cı vərəqində olan 21.05.2021-ci il tarixli ərizədəki imza və 35-ci vərəqində olan 09.06.2021-ci il tarixli etibarnamədəki xətt və imza nümunələri əsasında aparılmışdır. Göründüyü kimi cavabdeh tərəfindən verilmiş 21.05.2021-ci il tarixli ərizədə, həmçinin cavabdeh tərəfindən nümayəndə-vəkilinə verilmiş etibarnamədə onun tərəfindən sərbəst icra edilmiş imza və xətt nümunələri mövcudddur və ekspertiza tədqiqatının aparılması üçün kifayət etmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh özü 18.03.2018-ci il tarixli əlyazma qəbzə əsasən iddiaçıya 20000 ABŞ dolları borclu olduğunu etiraf edərək, borcunu qaytaracağını öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Kollegiya hesab edir ki, 20000 ABŞ dollarına aid hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməsi barədə məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. İddia tələbinin 5000 ABŞ dollarına aid hissəsində isə Kollegiya hesab edir ki, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Bu baxımdan, iddiaçı 5000 ABŞ dollarını cavabdehə verdiyini iddia etdiyindən, tələbinin əsasını təşkil edən həmin halları sübut etmək yükünü daşıyır. Lakin o, bu halı əsaslandıra, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Göründüyü kimi iddiaçı bu hissədə tələbini əsaslandıra bilməmişdir. Ona görə də həmin hissədə qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2969/2021 saylı iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh 5.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11171/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11171/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver