Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11189/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-196/2021 saylı iş üzrə qəbul etdiyi 01 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 13355,05 manat əsas borcun, 4204,33 manat faiz borcu olmaqla cəmi 17559,38 manat borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən, 24a nömrəli evin 17 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 89000 manat müəyyən edilməsi, əmlakın hərracda satıldıqdan bir ay sonra cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 09.10.2017-ci il tarixli 23KD/17 saylı Kredit Müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 24% hesablanmaqla 31214 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən, 24a nömrəli evin 17 nömrəli mənzilinə dair 09.10.2017-ci il tarixli sonrakı İpoteka Müqaviləsi və 18.12.2017-ci il tarixli saziş bağlanmışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə banka 17559,38 manat borcu qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-196/2021 saylı iş üzrə qəbul etdiyi 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 13354,51 manat əsas borc, 4201,50 manat faiz borcu olmaqla, cəmi 17556,01 manat (on yeddi min beş yüz əlli altı manat bir qəpik) məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən, 24a nömrəli evin 17 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçı "xxxx" ASC-yə ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən, 24a nömrəli evin 17 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manat ekspertiza xərci Cavabdeh1 tutularaq dövlət büdcəsinə köçürülməsi və iş üzrə keçirilmiş "xxxx" MMC-nin tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat xidmət haqqının Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsinə əsasən tələb edilən kredit vəsaitinin Cavabdeh1 verilməsi barədə mötəbər sübut təqdim edilmədiyindən, həmin kredit vəsaiti təyinatı üzrə cavabdehə verilmədiyindən və həmin məbləğin də cavabdehdən tələb edilməsini inandırıcı və həqiqətə uyğun hesab edilmir və iddiaçı "xxxx" KB ASC öz üzərinə düşən «iddia edən sübut etməlidir» vəzifəsini yerinə yetirmədiyi üçün onun iddiası əsassızdır, təmin oluna bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, təqdim edilən kassa məxaric orderi və hesabdan çıxarışdan göründüyü kimi Cavabdeh1 iddiaçı "xxxx" ASC-dən kredit müqaviləsinə əsasən kredit vəsaitini əldə etmişdir. Buna baxmayaraq müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər, vəkil qismində Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştiraklarının üzrlü səbəbdən mümkün olmadığını bildirməklə iclasın təxirə salınmasını xahiş etsə də, üzrlü səbəblər barədə hər hansı sübut təqdim edilmədiyindən, kollegiya cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, iddiaçı tərəfindən eləcə də digər Cavabdeh2 tərəfindən qətnamə mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə -Cavabdeh1 münasibətdə yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan tərəflər arasında bağlanmış 09.10.2017-ci il tarixli 23KD/17 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 12 ay müddətinə, illik 24% hesablanmaqla 31214 manat kredit verilmiş, sonuncu həmin məbləği 09.10.2017-ci il tarixdən 09.10.2018-ci il tarixədək hər ay 1225 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.10.2017-ci il tarixli sonrakı İpoteka Müqaviləsindən və 18.12.2017-ci il tarixli sazişdən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən, 24a nömrəli evin 17 nömrəli mənzili 89000 manat məbləğində qiymətləndirilərək, "xxxx" KB ASC-də mülkiyyətçi tərəfindən ipotekaya qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22.11.2017-ci il tarixli, RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, mülkiyyət hüququ ilə Cavabdeh1nın mülkiyyətində olan (03.07.2007-ci il tarixli, MH ******* nömrəli Çıxarış) Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən, 24a nömrəli evin 17 nömrəli mənzili 12 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 09.12.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 13355,05 manat əsas borcu, 4204,33 manat faiz borcu olmaqla cəmi 17559,38 manat borcu vardır. İş materiallarında olan 15.07.2017-ci il tarixli arayışın surətindən görünür ki, digər Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun əvəzi olaraq, könüllü şəkildə, notarial qaydada razılaşma əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi təklif edilmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin digər xəbərdarlıq məktubu ilə 5 gün müddətinə borcun ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilmiş 24.12.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən, 24a nömrəli evin 17 nömrəli mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair məlumat göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 17.06.2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən, 24a nömrəli evin 17 nömrəli mənzilin bazar dəyəri 91.000 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 21.10.2020-ci il tarixli, 9/3975 nömrəli ekspert rəyinə əsasən, 09.10.2017-ci il tarixli 23KD/17 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 09.12.2019-cu il tarixə "xxxx" KB ASC-yə 13354,51 manat əsas, 4201,50 manat faiz borcu təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 25.01.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən, 24a nömrəli evin 17 nömrəli mənzilin bazar dəyəri 95.000 manat, likvid dəyəri 90.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (maddə 319.1). Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Eyni zamanda həmin qanunun 59.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş 1 (bir) ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən cavabdeh tərəfindən kredit müqaviləsindəki göstərilən məbləği iddiaçıdan qəbul edilmiş, həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh1 məhkəmə iclasında iştirak etməklə, yalnız borc məbləğini mübahisələndirmişdir. Göründüyü kimi müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma bağlanmış İpoteka Müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan mənzilə yönəldilmə barədə iddia tələbi də əsaslı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-196/2021 saylı iş üzrə qəbul etdiyi 01 iyul 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11189/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11189/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver