Məhkəmə qərarları › İş №2(103)-1119/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1119/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1119/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının etibarnamə əsasında nümayəndəsi X2, Cavabdeh Əzizova (Qafarova) Nərgiz Rauf qızının etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4521/2021 saylı,10 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh Əzizova (Qafarova) Nərgiz Rauf qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimə borcunun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 15 may 2015-ci il tarixli, 100/18/106442/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 5.147,37 manat əsas, 2.868,91 manat faiz borcu, 3.030,80 manat cərimə borcu, 726,33 manat gecikmiş vaxt üçün hesablanmış illik beş faiz dərəcəsi olmaqla, cəmi 11.773,41 manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standart” KB ilə Cavabdeh arasında 14.05.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 22% olmaqla, 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün onun banka 5.147,37 manat əsas, 2.868,91 manat faiz borcu, 3.030,80 manat cərimə borcu, 726,33 manat gecikmiş vaxt üçün hesablanmış illik beş faiz dərəcəsi olmaqla, cəmi 11.773,41 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4521/2021 saylı,10 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 5.147,37 manat (beş min yüz qırx yeddi manat otuz yeddi qəpik) əsas borc və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı QSC “Bank Standard” KB-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Əzizova (Qafarova) Nərgiz Rauf qızı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4521/2021 saylı,1 0 iyun 2021-ci il tarixli qətnaməsi prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. İşə cavabdeh kimi cəlb edilməyinə baxmyaraq birinci instansiya məhkəməsində iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə mənim iştirakım olmadan baxılmışdır. Qətnamə qəbul edilən zaman mülki qanunvericiliyin məhkəmə çəkişməsi prinsipi də gözlənilməmişdir. Bankla arasında olan 14.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə o, hər ay ardıcıl olaraq ödəmələri vaxtlı-vaxtında yerinə yetirmiş, sonuncu ödəmə isə 15 iyul 2016-cı ildə olmuşdur. İddiaçı bankın isə iddia tələbi ilə çıxış etmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində bu tipli iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 373.3-cü maddəsində deyilir: Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn iddia müddəti 3 (üç) ildir. Əgər məhkəmədə iştirakı təmin olunsaydı məhkəmə prosesində o, müddətin keçməsi ilə bağlı ərizə təqdim edərək məhkəmədən işin nəticəsinə təsir edəbiləcək bu faktiki halın araşdırılmasını xahiş edəcəkdim. Məhkəmə prosesi barədə məlumatlı olmadığım üçün ondan asılı olmayan səbəblərə görə birinci instansiya məhkəməsində proseslərdə iştirak etməmiş və müddətin keçməsi ilə bağlı ərizə təqdim etmək imkanı olmayıb. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4521/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və hazırki işə iddia müddəti tətbiq edilməklə iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh Əzizova (Qafarova) Nərgiz Rauf qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Nərgiz Əzizovanın (Qafarova) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh Nərgiz Əzizovanın (Qafarova) nümayəndəsi və vəkili Vəkil verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4521/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və hazırki işə iddia müddəti tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nın nümayəndəsi X3 cavabdeh Nərgiz Əzizova (Qafarova) tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4521/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh Nərgiz Əzizova (Qafarova) apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan, QSC “Bank Standart” KB-nın “Əhmədli” filialı ilə Cavabdeh arasında bağlanmış 100/18/106442/15 saylı, 14 may 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, QSC “Bank Standart” KB-nın “Əhmədli” filialı Cavabdeh illik 22 % dərəcəsi olmaqla 36 ay müddətinə 7.500 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İ.vər. 11 - 14) İş materiallarında olan, QSC “Bank Standart” KB-nın Əhmədli” filialı ilə Cavabdeh arasında bağlanmış 100/18/106442/15 saylı, 14 may 2015-ci il tarixli kredit müqaviləsinə əlavə olan “1 saylı ödəniş cədvəli” dən görünür ki, borcalan Cavabdeh illik faiz dərəcəsi 22 % olmaqla 36 ay müddətinə verilmiş 7.500 manat məbləğində əsas borcu 2.811.42 manat məbləğində faizlər olmaqla cəmi 10.311,42 manat məbləğində pulu, 13 iyun 2015-ci il tarixdən başlayaraq, aylıq 286,43 manat məbləği həcmində olmaqla 14 may 2018-ci il tarixə kimi kreditora ödəməlidir.(İ.vər. 23) İş materiallarında olan, ləğv prosesində olan QSC “Bank Standart” KB-nın 18 mart 2021-ci il tarixli, 2m200800654 saylı maliyyə arayışından görünür ki, Cavabdeh Bankla arasında bağlanmış 100/18/106442/15 saylı, 14 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 02.03.2021-ci il tarixə əsas borcu 5.147,37 manat, faiz borcu 2.868,91 manat, cərimə borcu 3.030,80 manat, gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz məbləği olmaqla 726,33 manat, ümumilikdə 11.773,41 manat məbləğində qalıq borcu vardır.(İ.vər. 15) İş materiallarında olan, LPO QSC “Bank Standard” KB-nın 18 mart 2021-ci il tarixində cavabdehə ünvanladığı 2m200800725 saylı pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən 3 gün müddətində qeyd olunan borcun ödənilməsi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir.(İ.vər. 9) İş materiallarında olan, Mərkəzi Bankın problemli kreditlərin kompensasiyasına dair çıxarışa əsasən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Cavabdeh QSC “Bank Standard” KB-yə dair restrukturizasiya olunması təklif olunan kredit məbləği 5147.37 manat təşkil edir.(İ.vər. 36 - 39) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi iddia tələbinin faiz, cərimə və digər xərclər hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədiyinə görə iddia tələbi bu hissədə əsassızdır və ona görə də iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Məhkəmə kollegiyası cavabdeh Nərgiz Əzizovanın (Qafarova) apelyasiya şikayətinin hazırki mülki işə iddia müddəti tətbiq edilməklə iş üzrə icraata xitam verilməli olması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Plenum Qərarında göstərilir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.” İş materialları ilə müəyyən olunmuşdur ki, QSC “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında olan 100/18/106442/15 saylı, 14 may 2015-ci il tarixli kredit müqaviləsi 36 (otuz altı) ay müddətinə bağlanmış və kredit müqaviləsi üzrə icra müddəti 14.05.2018-ci il tarixdə bitmişdir. İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə hazırki iddia tələbi ilə məhkəməyə 08.05.2021-ci il tarixdə, yəni icra müddətinin bitdiyi vaxtdan 3 il müddət daxilində müraciət etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Nərgiz Əzizovanın (Qafarova) hazırki mülki işə iddia müddəti tətbiq edilməklə iş üzrə icraata xitam verilməli olması barədə apelyasiya şikayətinin dəlilləri əsassızdır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Nərgiz Əzizovanın (Qafarova) apelyasiya şikayətində göstərdikləri digər dəlilləri də əsasızdır. Belə ki, cavabdeh Nərgiz Əzizova (Qafarova) apelyasiya şikayətində göstərdikləri dəlillərini təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu təsdiq edən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Bеləliklə, məhkəmə kollеgiyası,cavabdeh Nərgiz Əzizovanın (Qafarova) apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4521/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, cavabdeh Nərgiz Əzizovanın (Qafarova) apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh Əzizova (Qafarova) Nərgiz Rauf qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4521/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar