Məhkəmə qərarları › İş №2(103)-11191/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11191/2021

09.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11191/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı icra qeydinin ləğv edilməsi, borc məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(005)-3574/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “notariat kontoru tərəfindən verilmiş 932 saylı 02.02.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi, onun tərəfindən Cavabdeh ödəniləcək borcunun 6300 manat olmasına dair” qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy Notariat ofisinin 932 saylı, 02.02.2021-ci il tarixli icra qeydinə əsasən ondan ümumilikdə cəmi 10.020 manat alınaraq Cavabdeh xeyrinə ödənilməsi göstərilmişdir. Cavabdeh ilə 2020-ci il tarixdə notariat kontorunda müqavilə bağlayaraq, 10.000 manat pulu qəbul etmiş, lakin razılaşdırılan vaxt cavabdehə hissə-hissə 3700 manat ödəniş etmişdir. Qalan məbləği borclu olduğunu bilir və etiraz etmir. 2021-ci ilin iyun ayı onu Gədəbəy rayon İcra və Probasiya şöbəsinə dəvət edərkən məlum olmuşdur ki, Cavabdeh 3700 manat pulu almadığını bildirir. Sonradan cavabdehlə telefonla danışmış və sonuncu 3700 manat almadığını demişdir. Bu haqsızlıqdan sonra məcbur qalıb hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(005)- 3574/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını aydınlaşdırmamış, tərəfləri dindirməmiş, heç bir əsas olmadan iddianı təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz etdi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 02.04.2021-ci il tarixli, 8i-932 №-li icra qeydindən görünür ki, Cavabdeh xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 10000 manat pulun tutulması qeyd edilmişdir. Bundan əlavə İddiaçı 0,10 manat məbləğində cərimə peniya və tələbkar tərəfindən ödəmilmiş 20 manat məbləğində dövlət rüsumu pul tutulması qeyd edilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990cı ildə anadan olmuş və Gədəbəy rayonu, Nərimankənd kəndində qeydiyyatdadır. “AZEMİS” elektron informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. 14.12.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Cavabdeh borc alan İddiaçı 10000 manat pul vermiş və borc alan həmin məbləği 28.02.2021-ci il tarixədək qaytarmasını öhdəsinə götürmüş və hər gecikən gün üçün 0.1% peniya ödəniləcəkdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləşmişdilər. İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, 28.02.2021-ci il tarixinə 14.12.2020-ci il tarixli, 314 № 535 saylı sənəddən irəli gələrək 10000 manat pulun İddiaçı tələb olunmuşdur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında borc müqaviləsi olmuş, həmin müqavilə üzrə İddiaçı Cavabdeh 10.000 manat borc almış, lakin həmin borc müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, Cavabdeh müraciəti əsasında Gədəbəy rayon notariat ofisi tərəfindən 02.04.2021-ci il tarixli icra qeydi verilmişdir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, İddiaçı həmin borcun 3700 manatını cavabdehə hissə-hissə qaytardığını və borc məbləğinin 6300 manat təşkil etdiyini, bu səbəbdən icra qeydinin ləğv edilməli olduğunu bildirir. Lakin İddiaçı göstərilən məbləği cavabdehə qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Həmin Təlimatın 162-ci bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. İşin müəyyən edilən halları və qanunvericiliyin sadalanan müddəaları baxımından bu nəticəyə gəlmək olur ki, tərəflər arasında 10.000 manat borcun verilməsini təsdiq edən notarial qaydada yazılı müqavilə mövcud olduğundan, habelə həmin müqavilə üzrə iddia müddəti ötmədiyindən bu müqavilə üzrə tələbkarın müraciəti əsasında notariat orqanı tərəfindən icra qeydinin aparılması qanuni olmuşdur və həmin icra qeydinin aparılması zamanı qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. Habelə, iddiaçının bu borc məbləğinin 3700 manat hissəsini cavabdehə qaytarması halı da öz təsdiqini tapmamışdır. Ona görə də mübahisələndirilən icra qeydinin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(005)- 3574/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar