Məhkəmə qərarları › İş №2(103)-1120/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1120/2024

12.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1120/2024 12.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərardadından X1 nümayəndəsi Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 “çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş kanalizasiya borusunun açılması və çirkab sularının axıdılmasına törədilən müdaxilənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət etmişlər. Daha sonra X3 “özbaşına tikilmiş binanın sökülməsi, çirkab sularının fərdi yaşayış evinin altından axıldılmasının qadağan edilməsi, maddi ziyanın əvəzi olaraq 10000 manat məbləğində pulun tutulması və ilkin iddia tələbinin rədd edilməsi” barədə iddia ərizəsi ilə müsatəqil tələb irəli sürmüşdür. Həmin iddia ərizəsi X1 nümayəndəsi (həmçinin cavabdeh) Cavabdeh tərəfindən 28 avqust 2023-cü il tarixdə imzalanaraq “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış kabinet vasitəsilə birinci instansiya məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi 24 oktyabr 2023-cü il tarixli qətnamə çıxararaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini rədd etmişdir. 26 oktyabr 2023-cü il tarixdə X1 nümayəndəsi Cavabdeh ərizə ilə birinci instansiya məhkəməsinə müarciət edərək, 24 oktyabr 2023-cü il tarixli qətnamədə X1 iddia ərizəsinə məhkəmə tərəfindən münasibət bildirilmədiyini qeyd edərək, həmin iddia ərizəsinə hüquqi mövqe bildirilməsini xahiş etmişdir. Qeyd olunan ərizəyə birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli məktubla cavab verərək, iddiaçı və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinin, yalnız iddiaçının yazılı razılığı ilə həll olunduğunu, bu səbəbdən də müraciətin təmin edilməsinin mümkün olmadığını bildirmişdir. 06 noyabr 2023-cü il tarixdə X1 nümayəndəsi Cavabdeh ərizə ilə birinci instansiya məhkəməsinə müarciət edərək, 24 oktyabr 2023-cü il tarixli qətnamədə X1 iddia ərizəsinə münasibət bildirilmədiyi üçün əlavə qətnamənin çıxarılmasını xahiş etmişdir. Lakin əlavə qətnamənin çıxarılması barədə ərizə Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış kabinetinə “apelyasiya şikayəti” kimi yerləşdirilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi 24 noyabr 2023-cü il tarixli qərardad qəbul edərək, verilmiş şikayəti qanunauyğun forma və məzmunda tərtib edilmədiyi üçün geri qaytarmışdır. Daha sonra 24 noyabr 2023-cü il tarixdə X3 24 oktyabr 2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayəti onun nümayəndəsi Cavabdeh tərəfindən fiziki şəkildə (qələmlə) imzalanmış və birinci instansiya məhkəməsinin “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış kabinetində yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi 27 noyabr 2023-cü il tarixli qərardad qəbul edərək, verilmiş şikayəti gücləndirilmiş elektron imzadan istifadə edilməklə imzalanmadığı üçün geri qaytarmışdır. X3 (nümayəndəsi Cavabdeh vasitəsi ilə) həmin qərardaddan şikayət vermiş və ləğv olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi 30 noyabr 2023-cü il tarixli qərardad qəbul edərək, verilmiş şikayəti geri qaytarmışdır. Qərardad belə əsaslandırılmışdır ki, şikayəti verən şəxs, yəni müstəqil tələb irəli sürən üçüncü şəxs X3 hazırki mülki iş üzrə tərəf deyil və tərəf olmadığından heç bir müstəqil tələb irəli sürə bilməz. Yəni məhkəmə tərəfindən cəlb olunmadığı üçün qərardaddan və qətnamədən şikayət verə bilməz. Bundan sonra Cavabdeh birinci instansiya məhkəməsinin 24 noyabr 2023-cü il tarixli (X1 apellyasiya şikayətinin geri qaytarılması barədə) qərardadından şikayət vermiş və ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi 06 dekabr 2023-cü il tarixli qərardad (hakim R.Qoşqarlı, 2(001)-4686/2023 nömrəli iş üzrə) qəbul edərək, verilmiş şikayəti geri qaytarmışdır. Qərardad belə əsaslandırılmışdır ki, hazırkı apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməmiş, yəni, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsini bildirməmişdir. Belə olan halda apellyasiya şikayəti geri qaytarılmalı və cavabdehə izah edilməlidir ki, o, göstərilmiş hal aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin qərardaddan Cavabdeh şikayət vermiş və ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, 24 noyabr 2023-ci il tarixli və 06 dekabr 2023-cü il tarixli qərardadda əsas kimi Cavabdeh tərəfindən verilmiş şikayətin MPM-ə “Əlavə 2”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmədiyi qeyd olunmuşdur. Bununla bağlı əvvəlcə qeyd edilməlidir ki, apellyasiya şikayəti Cavabdeh tərəfindən deyil, müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 tərəfindən verilmişdir. Cavabdeh apellyasiya şikayətində nümayəndə qismində iştirak edir və apellyasiya şikayəti onun elektron məhkəmə sistemindəki kabineti vasitəsi ilə göndərilmişdir. Məhkəmə apellyasiya şikayətinin MPM-ə “Əlavə 2”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmədiyini qeyd etmiş, MPM-nin 361.1.4-cü (şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi) maddəsinin altından xətt çəkərək xüsusi qeyd etmişdir. Bu cür fərqləndirici işarələrlə belə məhkəmə ümumi ifadələrdən yayınmış sayılmır. Apellyasiya şikaytinə nəzər saldıqda şikayəti göndərən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi aydın şəkildə görünür. Apellyasiya şikayəti MPM-ə “Əlavə 2”-də müəyyən edilmiş formada tərtib olunmuş, şikayətin 5 nömrəli bəndində məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, 12 nömrəli bəndində isə şikayət verən şəxsin tələbi aydın ifadə olunmuşdur. Göründüyü kimi apellyasiya şikayəti əsassız yerə geri qaytarılmışdır. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 23 noyabr 2023-cü il tarixli apellyasiya şikayəti qanunvericiliyin tələblərinə tam uyğun olaraq tərtib edilmişdir. Məhkəmə əsaslandırılmamış qərardad çıxarmaqla müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilmiş hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı hüququndan məhrum etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 15 dekabr 2023-cü il tarixli qərardad qəbul edilərək, şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad belə əsaslandırılmışdır ki, şikayət elektron kabinet vasitəsi ilə verilsə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra mətndə - MPM) 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun, yəni müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi Cavabdeh məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslarını, həmin aktın onun maraqlarına toxunmasını məhz MPM-ə 2 saylı Əlavədə göstərilən qrafalara uyğun tərtib etməmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayəti mümkün hesab edərək, icraata qəbul etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş əsas insan və vətəndaş hüquqularından biri də, qanunla qadağan olunmayan üsul və vasitələrlə hüquq və azadlıqların müdafiə edilməsidir. Həmin hüququn məhkəmə müdafiəsinə təminat verilir və məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin digər şəxslərin hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də, özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Məhkəmə müdafiəsindən istifadə dedikdə, məhkəməyə iddia tələbi və ya digər ərizə ilə müraciət etmək, qəbul olunmuş məhkəmə aktlarından şikayət vermək və s. başa düşülür. Hazırkı iş üzrə yaranmış mübahisə isə məhkəmə aktından verilmiş şikayət ilə bağlıdır və nəzərə alınmalıdır ki, şəxsin məhkəmə aktından verilmiş şikayətinin qəbul oluması üçün bəzi şərtlər müəyyən olunmuşdur. Belə ki, MPM-in 361.1-ci maddəsində apellyasiya şikayəti verilərkən, riayət edilməli olan tələblər öz əksini tapmışdır. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə görə şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. Şikayəti araşdıran məhkəmə kollegiyası isə müəyyən etmişdir ki, Cavabdeh şikayətində 24 noyabr 2023-cü il tarixli qərardadın sadəcə ləğv olunmasını xahiş etmiş, lakin qərardad ləğv olunduqdan sonra hansı hərəkətin edilməsini tələb etdiyini ifadə etməmiş, nəticədə qeyd olunan maddənin tələbini pozmuşdur. MPM-in 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, birinci instansiya məhkəməsi tələbin aydın göstərilmədiyi, yəni, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinin bildirilmədiyi üçün şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Cavabdeh isə qeyd olunan nəticənin əsassız olmasını sübuta yetirə bilməmiş, şikayətində formal mülahizələrə əsaslanmışdır. Odur ki, kollegiya hesab edir ki, şikayətdə göstərilən hallar birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və MPM-in 10.8-1, 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r v e r d i: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar