Məhkəmə qərarları › İş №2(103)-11206/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11206/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11206/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 2(009)- 1275/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4013.5 manat əsas, 439.91 manat faiz, 1252.93 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5706.34 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “TBC” Kredit Bank olmayan Kredit təşkilatından illik 24 faizlə 24 ay müddətinə 5500 manat kredit götürmüşdür. “TBC” Kredit Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış X3 18 mart 2020-ci il tarixli müqaviləyə 1 nömrəli Əlavə Sazişə əsasən Cavabdeh ilə “TBC” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 2(009)- 1275/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh İddiaçı ASC xeyrinə 19.09.2019-cu il tarixli müqavilə üzrə 2510.03 manat əsas, 45.61 manat faiz, 200 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının tutulması, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 145 manat məbləğində pulun 72.50 manatının İddiaçı ASC-dən, 72.50 manatının Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, ekspert rəyində cərimə borcuna aparılmış silinmələri hesablamamış, bu da əsas və faiz borcunun az hesablanmasına səbəb olmuşdur. Təkrar ekspertiza keçirilərək dəbbə borcuna silinmələr də nəzərə alınmalıdır. Dəbbə pulunun həcmini azaldarkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “TBC Kredit” BOKT ilə borcalan Cavabdeh arasında bağlanılmış 19.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 24%-lə 5500 manat məbləğində kredit verilmişdir. “TBC Kredit” BOKT ilə "xxxx" İKB ASC arasında bağlanmış X3 27.02.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh ilə “TBC Kredit” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. 26.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh bank ilə bağlanmış 19.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 4013.5 manat əsas borc, 439.91 manat faiz borcu və 1252.93 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5706.34 manat borcu mövcuddur. 16.07.2021-ci il tarixli, 9/3978 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nə 3110.03 manat əsas borc, 45.61 manat faiz borcu müəyyən edilir. Cavabdeh tərəfindən 26.02.2021-ci il tarixdən sonra 600 manat məbləğində ödəniş aparıldığı müəyyən edilmiş, lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 26.02.2021-ci il tarixə göstərildiyindən 600 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, cərimə məbləğini azaltmaqla iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının bu barədə dəlilləri əsassızdır. Borcun düzgün hesablanmaması, təkrar ekspertiza keçirilməsi ilə bağlı isə Kollegiya qeyd edir ki, bu arqumentinin yoxlanılmasına əsas verəcək əlavə heç bir sübut təqdim edilməmişdır. Ekspert rəyi kifayət qədər əsaslandırılmış, onu şübhə altına almağa əsas verən hər hansı hal müəyyən edilməmişdir, təkrar ekspertiza keçirilməsini zəruri edən hal yoxdur. Cavabdeh tərəfindən sonradan ödənilmiş 600 manatın əsas borcdan silinməsi barədə məhkəmənin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının təklif etdiyi əlavə dəstəkləyici tədbirlərin İ hissəsinin (Koronavirus pandemiyası dövründə əhalinin, iqtisadiyyatın və bank sektorunun requlyativ tədbirlərlə dəstəklənməsi) 1-ci bəndində Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi ilə bağlı tədbirlər sırasında Kredit öhdәliklәrinin (әsas borc vә faiz ödәnişlәri) tam vә ya qismәn gecikdirilmәsi halında borcludan әlavә cәrimә faizi, dәbbә pulu vә digәr ödәnişlәrin tutulmamasının banklara tövsiyә edilmәsi göstərilmişdir. Baxılan iş üzrə isə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qeyd olunan tövsiyələri nəzərə alınmamış, əksinə hesabdan çıxarışdan görünür ki, pandemiya dövründə kredit müqaviləsi üzrə aparılmış ödənişlər əsasən dəbbə borcuna silinmiş, 01.12.2020-ci il tarixdən sonrakı ödənişlər isə tamamən dəbbə borcuna silinmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə apelyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1275/2021 saylı iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar