Məhkəmə qərarları › İş №2(103)-1121/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1121/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1121/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5807/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.1.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-35886İB/2022saylı Razılıq ərizəsi imzalanmış, daha sonra tərəflər arasında 0084075AZN32458 saylı xx.xx.2022-ci il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İddiaçı iddia edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımınca icra etməmiş, nəticədə banka maliyyə arayışında göstərilən məbləğdə borcu yaranmışdır. Hazırda həmin borcu cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0084075AZN32458 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,777.72 manat əsas borc, 384.49 manat faiz borcu, 1,265.39 manat cərimə borcu olmaqla, cəmi 4,427.60 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 65 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.1.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC35886İB/2022 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında 0084075AZN32458 saylı xx.xx.2022-ci il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 303 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliyi 0084075AZN32458 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,777.72 (iki min yeddi yüz yetmiş yeddi manat yetmiş iki qəpik) manat əsas borc, 384.49 (üç yüz səksən dörd manat qırx doqquz qəpik) manat faiz borcu, 1,265.39 (min iki yüz altmış beş manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 4,427.60 (dörd min dörd yüz iyirmi yeddi manat altmış qəpik) manat, gecikmə günlərinin sayı: 303 gün. X3 əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, Kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə və ya Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 65 (altmış beş) manat dövlət rüsumu ödəmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5807/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi və 0084075AZN32458 saylı xx.xx.2022-ci il tarixli Maliyyələşdirmə ərizəsi üzrə əsas borca görə 2777,72 manat, faiz borcuna görə 384,49 manat, cərimə borcuna görə 277 manat olmaqla, cəmi 3439,21 (üç min dörd yüz otuz doqquz manat, iyirmi bir qəpik) manat məbləğində pul vəsaitinin və 65 (altmış beş) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-cü maddəsi, Mülki Məcəlləsinin 385, 386, 427, 428, 442, 443, 448, 462, 467 və 739-cu maddələrinə istinadla əsaslandırmış və göstərmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İş materiallarında olan maliyyə arayışı ilə də sübut olunur ki, cavabdehin borcu mövcuddur. Kreditorun dərhal icranı tələb etmək hüququ əsaslıdır. İş materiallarında olan, mötəbər sübut kimi qəbul edilən bankın təqdim etdiyi maliyyə arayışı ilə borcalanın əsas borc üzrə 2777,72 manat, faiz borcu üzrə isə 384,49 manat borcunun olduğu sübut edilir. Əsas və faiz borcunun əsassızlığı ilə bağlı iş materiallarında hər hansı şübhə doğuran məqam müəyyən edilməmişdir. Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 2777,72 manat əsas borca münasibətdə 1265,39 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edərək əsas borcun məbləğini nəzərə alaraq hesab etmişdir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hesablanmış dəbbə pulunun məbləği azaldılaraq 0084075AZN32458 saylı xx.xx.2022-ci il tarixli Maliyyələşdirmə ərizəsi üzrə 277 manat məbləğində müəyyən edilməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Birdəfəlik kredit üzrə, “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən ödəniş tarixdən sonra 7 (yeddi) gün ərzində ödəniş olmadığı təqdirdə, Müştəri müvafiq ərizə formasında müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsinin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də, hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi Dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrasının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0084075AZN32458 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 303 (üç yüz üç) gün cərimə məbləğinin 0084075AZN32458 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 277 (iki yüz yetmiş yeddi) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilməyən (cərimə hissəsi) hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış bank xidmətlərinin göstrilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.1.4 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2022-ci il tarixli GTC-35886İB/2022 saylı razılıq ərizəsindən görünür ki, Cavabdeh bu razılıq ərizəsini imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 1.1.4 №-li versiyasını diqqətlə oxuduğunu və bütün şərtlərini, müştəriyə aid hüquq və vəzifələri başa düşdüyünü və şərtlərlə razı olduğunu bildirmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, №0084075AZN32458 saylı maliyyələşdirmə barədə ərizədən görünür ki, İddiaçı ASC borcalana illik 26 % dərəcəsi ilə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi 5000 manat məbləğində işçi krediti verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürür. İddiaçı ASC-nin 01 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, №0084075AZN32458 saylı maliyyələşdirmə barədə ərizəsi üzrə 2777,72 AZN əsas, 384,49 AZN faiz, 1265,39 AZN cərimə borcu olmaqla, cəmi 4427,60 AZN borcu vardır. Gecikmə günlərinin sayı 303 gündür. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan bildirişin surətindən görünür ki, cavabdehə borcunun ödənilməsi təklif edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Əsas borclu müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehin bank qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı yalnız cərimə borcunu mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi gecikdirilmiş 2777,72 manat borca görə 1265,39 manat cərimənin (dəbbə pulu) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə uyğun olaraq yüksək məbləğ olması ilə əsaslandırmış və cavabdehdən 277 manat cərimə pulunun tutulması qənaətinə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmənin hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Mülki Məcəlləsinin 467-ci maddəsinin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməklə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etmədikdə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun 4 növünü fərqləndirir. Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi alternativ ödənilən dəbbə pulu, yəni, borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü müstəsna dəbbə pulu, yəni, borclu zərərin əvəzini ödəmir, o təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.3cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditor həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası hesab edir ki, hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, götürülmüş kreditin, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edib, əsas borcun və ona hesablanmış faizlərin cavabdehin ödəyə bilməməsini, gələcəkdə qətnamənin icrasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehin barəsində 2777,72 manat əsas borca münasibətdə 277 manat məbləğində dəbbə pulunun hesablanmasında birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5807/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar