Məhkəmə qərarları › İş №2(103)-1124/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1124/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1124/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X9” Bakı filalının-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1124/2025 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı “X9” Bakı filalının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1857/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 30 yanvar 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X9 Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 «24» Sentyabr 2022- ci il tarixli 902 №li kredit müqaviləsi üzrə əsas borcuna görə 3.912,70 manat, faiz borcuna görə 187,83 manat, cəmi 4100,53 manat borcun və 61 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X9 Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1Yusif oğlu və Cavabdeh2 4100,53 manat (Bundan 3.912,70 manat vaxtı keçmiş borcu 187,83 manat faiz borcu təşkil edir) məbləğində 13-03- 2024-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 61.00 manat dövlət rüsumunun tutularaq «X9» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X9» Bakı filialı ilə Cavabdeh1Yusif oğlu arasında imzalanmış 24 Sentyabr 2022-ci il tarixli 902 № kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 14% ödəmək şərti ilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X9» Bakı filialı ilə Cavabdeh2 arasında 1014 № saylı zaminlik müqavilələrii imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 170,89 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 13 Mart 2024-cü il tarixə «Bank» a kredit borcu üzrə - 3076,02 manat ödəniş yerinə yetirməli idi. Lakin 13 Mart 2024-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 1.800,0 ödəniş həyata

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1857/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3912,70 manat, faiz borcu 187,83 manat borcu olmaqla, cəmi 4100,53 manat kredit borcunun və ödənilmiş 61,00 manat dövlət rüsumu olmaqla, cəmi 4161,53 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçı “X9” Bakı filalının xeyrinə tutulması, “X9” Bakı filalı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 902 saylı kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 421.2, 423.2, 425, 427, 439, 442, 448, 739 və 472-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh X3 apellyasiya şikayəti verərək, əsas və faiz borcunun dəqiq hesablanaraq həmin hissədə qətnamənin dəyişdirilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə öz qətnaməsində əsassız olaraq məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığımızı, gəlməməyimizin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlmədiyimizi qeyd etmişdir. Halbuki qərar barədə məlumat yalnız icra mərhələsində olarkən ona məlum olmuşdur. Belə olan halda, adıçəkilən məhkəmə aktı çəkişmə şəraiti təmin olunmadan qəbul edilən qərar kimi qiymətləndirilməlidir. Bundan əlavə, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, yalnız hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Halbuki barəsində qət edilmiş ödənilməsi nəzərdə tutulan məbləğin (əsas və faiz borcla bağlı) hesablanması xüsusi biliklərin tətbiqini zəruri edir. Odur ki, «X9» Bakı filialının iddia tələbində irəli sürdüyü məbləği Xəzər Rayon Məhkəməsinin olduğu kimi qəbul etməsi iş üzrə məhkəmənin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyini şübhə altına alır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi qərarda, məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən qeyd olunan məbləğdə əsas və faiz borcun borclulardan tutulması qənaətinə gəlmişdir. 24 Sentyabr 2022-ci il tarixli 902 № kredit müqaviləsinə əsasən məlumdur ki, qardaşı Cavabdeh1 illik kreditdən istifadə haqqı 14% ödəmək şərti ilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Lakin həmin müqavilənin 5.1-ci bəndində qeyd olunmuşdur ki, kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Banka»a illik 24% ödəməlidir. Müqavilədə qeyd edilən bu maddə kontragentə qeyri-bərabər şərtlər təklif etdiyindən və bir tərəfin ödəmə qabiliyyətinin olmamasından dolayı yolla sui-istifadə edərək faiz dərəcəsinin süni surətdə artırılması yolu ilə kontragentin vəziyyətini daha da pisləşdirmiş olduğundan qeyd olunan hallar borclunun əmlak mənafeyi və digər əsaslı mövqeyinin tam nəzərə alınmasını zəruri edir. Cavabdeh2 məhkəmə tərəfindən göndərilmiş bildiriş və digər sənədləri almamışdır. Bu da məhkəmənin cavabdehi iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etmədiyinin bariz örnəyidir. Beləliklə, əvvəlcədən məhkəmə tərəfindən yanlış olaraq MPM-in 185-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan iclasların keçirilməsinin qanuni olmasının qeyd edilmiş qətnamənin, prosessual hüquq normalarının kobud şəkildə pozulması nəticəsində ortaya çıxdığının sübutudur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyası iddiaçı tərəfin ərizəsini, işin hallarını, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alaraq Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

12. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər;

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

18. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

23. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Cavabdehlərdən yalnız biri (Cavabdeh2) tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin kredit borcu ilə bağlı məbləğə aid hissədə dəyişdirilməsi xahiş edildiyindən qətnamə yalnız həmin cavabdehə münasibətdə və qeyd edilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

31. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 902 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə «X9» Bakı filialı arasında 36 ay müddətinə, illik 14% olmaqla 5000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır.

32. xx.xx.2022-ci il tarixli, 1014 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 «X9» Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 902 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

33. Kassa məxaric orderindən görünür ki, 5000 manat Cavabdeh1 ödənilmişdir.

34. Bildirişlərdən görünür ki, borclular kredit müqaviləsi üzrə borc barədə xəbərdar edilmişlər.

35. xx.xx.2024-cü il tarixli, 2024-248 saylı maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcu 3912,70 manat əsas, 187,83 manat faiz borcu olmaqla ümumilikdə 4100,53 manat təşkil edir.

36. Beləliklə, sadalanan iş materiallarının tədqiqi nəticəsində kollegiyanın müəyyən etdiyi hallara görə, «X9» Bakı filialı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 902 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalan Cavabdeh1 36 ay müddətinə, illik 14% olmaqla 5000 manat məbləğində kredit verilmiş, zamin X4 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə cavabdehlərin banka ödənilməmiş borcları yaranmışdır.

37. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

38. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı həmin cavabdehə münasibətdə təmin etməkdə haqlı olmuşdur.

39. Kollegiya apelyasiya şikayətində qeyd olunan məhkəmə ekspertizasının təyin edilməməsi barədə dəlilə münasibətdə isə bildirir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da aydın olduğu kimi, məhkəmə orqanlarının ekspertiza təyininə dair səlahiyyətləri dispozitiv həddə müəyyən edilmişdir.

40. Bundan əlavə Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Qeyd edilən normaların tələblərindən də göründüyü kimi istər iddianı irəli sürən şəxs, istərsə də həmin iddia tələbi ilə razılaşmayaraq buna etiraz edən müvafiq olaraq öz mülahizələrini əsaslandırmalı və məhkəmə həmin əsaslandırmaların kökündə duran sübutlara qiymət verməli, yalnız həmin dəlillər kifayət etmədikdə məhkəmə tərəfindən bunun üçün əlavə tədbirlərin görülə biləcəyi nəzərdə saxlanılmalıdır. Hazırki iş üzrə cavabdeh zamin iddiaçı tərəfindən hesablanmış əsas və faiz məbləğləri ilə razı olmadığını bildirsə də, bu mülahizələrini əsaslandıracaq hər hansı dəlili məhkəməyə təqdim etməmiş, iş materiallarında qeyd edilən sənədlərin mübahisəyə qiymət vermək üçün kifayət olmaması və məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin iş üzrə zəruri olduğunu təsdiq edəcək hər hansı əsaslar aşkarlanmamışdır. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin göstərilən dəlilini əsassız hesab edir.

42. Cavabdeh həmçinin apellyasiya şikayətində kredit müqaviləsinin 5.1-ci bəndini də mübahisələndirmişdir. Kollegiya həmin dəlillə bağlı isə bildirir ki, Cavabdeh2 azad şəkildə bankla zaminlik müqaviləsi bağlamış və sərbəst iradəsi əsasında kredit müqaviləsi üzrə yarana biləcək bütün öhdəliklərin icrası üçün məsuliyyət daşıdığını ifadə etmişdir.

43. Kollegiya cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə zəruri məlumat verilməsinə baxmayaraq, onlar tərəfindən iclasda iştirak təmin edilməmiş, buna görə də müvafiq nəticələrə dair hər hansı məsuliyyətin məhkəməyə aid edilməsi əsassızdır.

44. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, öhdəlik tərəflər arasında razılaşdırılmış müqavilə ilə şərtləşdirildiyindən və həmin öhdəliyin dairəsinin dəyişdirilməsinə hər hansı qanuni əsas mövcud olmadığından iddiaçının apelyatora qarşı olan mübahisələndirilən tələbi əsaslıdır və təmin edilməlidir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

47. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

49. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

50. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1857/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar