Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11243/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 MTK-nın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3125/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı kredit borcunun tutulmasına dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən xeyrinə 195.754,04 manat əsas, 47.798,15 manat faiz, cəmi 243.552,19 manat məbləğində kredit borcunun, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3125/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 Nazim qızı, Cavabdeh3 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətdə göstərmişlər ki, cavabdehlərin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatı olmamış, yalnız müvafiq icra hakimiyyəti orqanına gedərkən məlumatlanmış, məhkəmə iclaslarında iştirakı və hüquqlarının müdafiəsi təmin edilməmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin həcmi artırılmış, məbləğ artırılmış və qətnamə ilə təmin edilmiş, lakin iddianın həcminin hansı səbəbdən artırılması əsasları qətnamədə qeyd olunmamış, ərizə elektron kabinetə əlavə edilməmişdir. Halbuki mülki qanunvericiliyin tələbinə görə kommersiya mübahisələri üzrə sənədlər elektron məhkəmə informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə təqdim edilməlidir. İddiaçı bank tərəfindən əlavə məbləğlərə görə hesablanan rəqəmlər əsaslı şübhələr doğurur. Tələb olunan məbləğin külli miqdarda olmasını və əlavə məbləğlər tutulmasının qarşısını almaq məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli idi. Məhkəmə iclasında Cavabdeh2 MTK-nın nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 449.1, 739.1, 739.2, 470.1, 472.1-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.03.2016-cı il tarixli, 2-14-03- 2016-El-AS saylı təminatlı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 240 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə hesablanmaqla 203.935 manat məbləğində kredit verilmiş, zaminlər Cavabdeh2 MənzilTikinti Kooperativi və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşlər, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka 195.754,04 manat əsas, 47.798,15 manat faiz, cəmi 243.552,19 manat məbləğində borcları qalmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın həmin hissələrdə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Cavabdehlərin birgə verdikləri apellyasiya şikayətinin məzmunundan görünür ki, ikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. İddia tələbinin mübahisələndirilən hissədə faktiki əsası (faktiki hallar) tələbin həmin hissələrdə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin rəsmi qeydə alındığı və yaşadığı, eləcə də hüquqi ünvanının olduğu yerə məhkəmə sifarişli məhkəmə bildirişləri və SMS bilidirşlər göndərmişdir. Məhkəmə bildirişləri digər cavabdehlərə çatdırılsa da, Cavabdeh1 gedən məhkəmə bildirişləri “qapı bağlıdır” qeydləri yazılmaqla məhkəməyə qaytarılmışdır. Cavabdeh1 həmin ünvanda faktiki yaşamırsa yaxud başqa ünvanda yaşayırsa bu barədə mülki hüquq münasibətlərində olduğu banka banka məlumat verməli idi. Buna baxmayaraq, SMS bildiriş onlara çatmışdır. Göründüyü kimi, cavabdehlərin bu dəlillərdən istifadə etməsi əslində qeyd olunan kredit və zaminlik müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq məqsədi daşıyır ki, bu da hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. Əks halda cavabdehlər faktiki yaşadığı və hüquqi ünvanı yaxud yazışmaların göndərilməsini istədiyi ünvan barədə yaxud ünvanının dəyişməsi barədə banka vaxtında və düzgün məlumat verməyə borclu idi. İkincisi, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də hər hansı bir əsas və zərurət olmamışdır. Belə ki, iddiaçı 14.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 240 ay müddətinə illik 8 faizlə 203 935 manat kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərdən 8 180,90 manat əsas borcdan, 34485,19 manat faiz borcundan, 211,83 manat cərimədən silinmişdir. Ödəniş cədvəli üzrə 195 754.04 manat əsas borc, 31 may 2021-ci il tarixə isə 47798.15 manat faiz borcu qalmışdır. Demək, bankın verdiyi izahlı maliyyə arayışına görə ödənilən məbləğlərin hansı hissəsinin əsas borca, hansının isə faiz borcuna və cəriməyə silindiyi dəqiq göstərilmişdir. İşdə olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (bax.i.v.18-20)diqqət yetirdikdə aydın olur ki, ödənişlər tam olaraq həmin cədvələ uyğun silinmişdir. Bu cür vəziyyətdə ödənişlərin hansı hissəsinin əsas borca, hansı hissəsinin isə faiz borcuna hesablanmasının aydın və müəyyən olunduğu halda ekspertizanın keçirilməsinə də əsas və zərurət yoxdur. Əgər cavabdehlər göstərilənlərdən artıq hansısa məbləğdə ödəniş etmişlərsə, ən azından məhkəməyə bu barədə sübut təqdim edə bilərdilər, lakin etmədilər. Demək, şikayətlərindəki dəlillər yalnız formal olmaqla, işə baxılması müddətini süni surətdə uzatmaq məqsədi daşıyır. Üçüncüsü, cavabdehlərin göstərdiyi digər dəlillər də onların iddiaçı ilə bağladığı kredit və zaminlik müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki, cavabdehlər qeyd olunan kredit və zaminlik müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehlərin birgə verdikləri apellyasiya şikayətində göstərdikləri dəlillər mübahisələndirdikləri hissələrdə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirildiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Mülki ş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3125/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11243/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11243/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver