Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11255/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(006)-2468/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra, cavabdeh) qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən mülkiyyətində olan «HYUNDAİ SONATA» markalı, **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş 5149 manat, eyni markalı avtomobilin bir aylıq icarə haqqı üçün 2400 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7579 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28.12.2020-ci il tarixdə mülkiyyətində olan "HYUNDAİ SONATA” markalı, **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını idarə edərkən "MERCEDES BENZ” 190 minik markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın avtoqəza törətmiş və nəticədə avtomobilə ciddi ziyan dəymişdir. Bundan sonra, avtomobili “X5 Departamenti”nə aparıb dəymiş ziyanın müəyyən edilməsini xahiş etmiş, tərtib edilmiş qüsur aktına əsasən avtomobilə 5149 manat ziyan dəydiyi aşkarlanmışdır. Avtoqəza törətmiş avtomobil 25.01.2020-ci il tarixdə cavabdeh ASC-də PAA********** nömrəli icbari sığorta müqaviləsi əsasında sığorta edilmişdir. Bu isə o deməkdir ki, həmin avtomobilin sahibi tərəfindən iddiaçıya vurulmuş ziyan ASC tərəfindən qarşılanmalıdır. Cavabdehin əməkdaşları isə iddiaçıya bildirirlər ki, onun avtomobilinin sıradan çıxmış detallarını «ölüxanadan» alıb 1500 manata düzəldəcəklər. Buna görə də tərəflərin razılaşmaları baş tutmamışdır. Hansı ki, cavabdeh tərəfindən iddiaçının avtomobili tam olaraq təmir edilib düzəldilməli idi. Bundan başqa, bir ay müddətində cavabdeh ödənişi vaxtında etmədiyi üçün iddiaçının avtomobilsiz qalma müddətində eyni markalı avtomobil üçün bir gün üçün nəzərdə tutulan icarə haqqı, yəni hər gün üçün 80 manat (2400 manat) cavabdeh şəxsdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(006)- 2468/2021 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) cavabdehdən vurulmuş maddi ziyana görə 4130 manat və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı olmaqla, cəmi 4145 manat alınaraq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 15 manatının isə iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manatının cavabdehdən tutulması qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın 1480 manat hissədə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə əsassız olması, cavabdehin mütəxəssisləri tərəifndən zərər dəymiş əmlaka baxış keçirilməsi, hesablama aktı tərtib olunmaqla dəymiş ziyanın məbləğinin 1480 manat müəyyən olunması, dəymiş ziyanın miqdarının müəyyən olunmasının cavabdehin hüququ olması, ekspertiza rəyinin əsassız olması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından şikayətin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 31.01.2017-ci il tarixdə verilmiş, AC № 890308 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «HYUNDAİ SONATA» markalı, **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı məxsusdur. İşdə olan Gəncə şəhər BPİ DYPŞ tərəfindən tərtib edilmiş 28.12.2020-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, «MERCEDES BENZ» 190 minik markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İşdə olan «X5 Departamenti» tərəfindən verilmiş 28.12.2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, «HYUNDAİ SONATA»markalı, **-CK-*** dövlət qeydiyyat avtomobilə cəmi 5149 manat ziyan dəymişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 29.12.2020-ci il tarixli hesablama aktının surətindən görünür ki, «HYUNDAİ SONATA» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1480 manat məbləğində ziyan dəymişdir. Beləliklə, işdə olan sübutlara əsasən mülki məsuliyyəti cavabdeh təşkilat tərəfindən icbari sığortalanmış «MERCEDES BENZ» 190 minik markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçının idarə etdiyi «HYUNDAİ SONATA» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Belə olan halda isə, iddiaçı dəymiş maddi zərərə görə sığorta haqqının ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdeh iddiaçıya dəymiş zərərin məbləğini 1480 manat həddində qiymətləndirmiş, iddiaçı isə zərərin 5149 manat olmasını iddia etmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edərkən işdə olan sübutlara, işin mübahisəsiz hallarına, həmçinin ekspertiza rəyinə əsaslanmışdır. Cavabdeh etirazının və apellyasiya şikayətinin əsası kimi qətnamədən yalnız zərərin məbləği hissədə narazı qaldığını göstərmiş, iddiaçıya dəymiş zərərin 1480 manat həddində müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ilə razılaşmayaq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. MM-in 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. MM-in 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari Sığortalar haqqında» Qanunun 19-cu maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığma dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: - zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; - zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; - zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; - sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, cavabdeh icbari sığortanı həyata keçirərkən sığorta hadisəsi baş verdikdən sonra zərərin obyektiv qiymətləndirilməsi istiqamətində zəruri addımlar atmalıdır. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə isə zərərin miqdarının qiymətləndirilməsini tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İşdən göründüyü kimi, tərəflər arasında zərərin qiymətləndirilməsi cavabdehin özü (mütəxəssisləri) tərəfindən 29 dekabr 2020-ci il tarixli hesablama aktına əsasən aparılmış, iddiaçı bununla razılaşmamış, buna baxmayaraq tərəflərin qarşılıqlı razılığı ilə müstəqil ekspert təyin olunmamış, bu istiqamətdə ümumiyyətlə hər hansı addım atılmamışdır. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə cavabdehin etirazının (həmçinin apellyasiya şikayətinin) əsası kimi, yəni zərərin məbləğinin 1480 manat təşkil etməsi barədə istinad etdiyi hesablama aktı qanuni və əsaslı sayıla bilməz. Məhz bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, «İcbari Sığortalar haqqında» Qanunun 22.1.7-ci maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək sığortalının hüququdur. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 9/3074 №-li rəyindən görünür ki, 28 dekabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2010-cu il buraxılışlı «HYUNDAİ SONATA» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4130 manat müəyyən edilir (ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir). Göründüyü kimi, birinci instansiya məhkəməsi ekspertiza təyin etməklə zərərin məbləğini dəqiqləşdirmiş, cavabdeh isə ekspertiza rəyinin əsassızlığı ilə bağlı məhkəməyə hər hansı əks sübut təqdim edə bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh etirazının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) nəticəsində əmlaka dəymiş zərərin əvəzinin ödənilməsi istiqamətində hərəkətləri qanuni zidd olmuş, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(006)-2468/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(006)- 2468/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11255/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11255/2021
07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver