Məhkəmə qərarları › İş №2(103)-1126/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1126/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1126/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Talışinsiki Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi K.X3, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(010)-961/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, borclu Cavabdeh 23.01.2012-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməmiş 1840,35 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 743,05 manat faiz, 768,44 manat cərimə, müqavilənin bitmə tarixdən 26.12.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 273,78 manat borc, ümumilkidə 3625,62 manat məbləğində kredit borcunun tutulması və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan «Texnikabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2012-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. 09.02.2015-ci il tarixli razılaşmaya əsasən kreditin müddəti 23.01.2017-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borc alan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borcalanın 26 dekabr 2019-cu il tarixinədək 23 yanvar 2012-ci il tarixli, kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 1840,35 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 743,05 manat faiz, 768,44 manat cərimə, müqavilənin bitmə tarixdən 26.12.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 273,78 manat borc, ümumilkidə 3625,62 manat məbləğində kredit borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(010)- 961/2020 saylı qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh 23.01.2012-ci il tarixli 201CNNW150410004 saylı kredit müqaviləsinə əsasən 1093 manat əsas borc, 365,30 manat faiz borcu, 50 manat cərimə, gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5% hesablanmaqla faiz borcu 273,78 manat olmaqla ümumilikdə 1782,08 manat və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüqun normalarının pozulması, keçirilmiş ekspertizanın əsassız olması, ekspertin texniki səhv səbəbindən yanlış nəticəyə gəlməsi, bununla əlaqədar iş materiallarına müvafiq hesabdan çıxarış əlavə edilməsi, əsas borcun 1902,53 manat olması, kompensasiya kimi hesablanmış 62,18 manat nəzərə alınmaqla 1840,35 manat qalması və s. kimi əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətlərinin dəlillərini əsassız sayaraq, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş, həmçinin kredit borcunun apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə uyğun müəyyən olunmasına etiraz etməməsini bildirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kredit borcunun tutulması hissəsində qismən ləğv olunmalıdır. İşdə olan 09 fevral 2015-ci il tarixli razılaşmaya əsasən - bank Cavabdeh illik 20% olmaqla 24 ay müddətinə 1093 manat məbləğində kredit vermişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayəti ilə qismən razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsi kredit borcunun tutulması hissəsində səhvə yol vermiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Belə ki, apellyasiya icraatı zamanı təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 19 may 2021-ci il tarixli əlavə ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2012-ci il tarixli, 201NNW150410004 saylı kredit müqaviləsi (həmçinin, həmin müqaviləyə edilmiş əlavə və dəyişikliklər) üzrə həmin müqavilənin şərtləri, həyata keçirilmiş ödənişlər və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının icrası qaydasında hesablanmış kompensasiya nəzərə alınmaqla, 23 yanvar 2017-ci il tarixə borcu 1458,3 manat, o cümlədən əsas borc üzrə 1030,82 manat, faiz borcü üzrə 427,48 manat təşkil etmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iddiaçının özünün təqdim etdiyi razılaşmaya 1 saylı Əlavədən görünür ki, kreditin məbləği 1093 manat göstərilmiş, həmçinin ödəniş cədvəlində də müddətin sonuna əsas borcun həmin məbləğdə qaytarılmalı olması qeyd edilmişdir. Belə olan halda əsas borcun iddia ərizəsində göstərilən məbləğdə olması anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Həmçinin, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza rəyləri ilə də iddiaçının tələb etdiyi məbləğlər təsdiq olunmamışdır. İddiaçı problemli kreditlərin kompensasiyası ilə bağlı məlumatlara istinad etsə də, hazırki iş üzrə tədqiq olumuş sübutlarla əsas borcun 1030,82 manat, faiz borcunun isə 427,48 manat olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. MM-nin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki hallarını və sübutları, həmçinin qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun və faizlərin tutulması hissəsində dəyişdiriməlidir. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində ümumilikdə 100 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(010)-961/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(010)-961/2020 saylı qətnaməsi əsas borcun və faizlərin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borca görə 1030,82 (bir min otuz manat, 82 qəpik) manat, faizlərə görə 427,48 (dörd yüz iyirmi yeddi manat, 48 qəpik) manat pul vəsaiti tutulsun. Qətnamə yoxlanılan qalan hissədə (cavabdehdən 50 manat cərimə, gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5% hesablanmaqla faiz borcu 273,78 manat və 30 manat dövlət rüsumunun tutulması hissədə) dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən 100 (bir yüz) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar