Məhkəmə qərarları › İş №2(103)-1126/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1126/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1126/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(001)-6825/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən bankın xeyrinə 5974,19 manat məbləğində əsas borcun, 1,36 manat məbləğində faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 13.07.2019-cu il tarixli Kompensasiya/Restrukturizasiya istehlak müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 6377,5 manat məbləğində kredit verilmşdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(001)- 6825/2021saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, “cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müəyyən olunmuş müddətə və məbləğdə kredit borcunu qaytarmağı habelə hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin məhkəmə cavabdehin bağlanmış müqavilə nəticəsində kredit məbləğini qəbul edib-etməyəcəyini pulu tərəfindən alınıb-alınmamasını araşdırmamışdır. Cavabdeh həmin müqavilənin formal bağlandığını yəni ona 6377,5 manat müqavilədə göstərilsədə cavabdehə verilməmişdir. Bankdan pulu almadan kredit müqaviləsini imzalayıb çıxıb getmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Cavabdeh ödənişləri edirdi. 4 min manata yaxın puldan ödəmiş sonra işdəm çıxamağı ilə bağlı ödəniş edə bilməmişdir. Daha sonra İddiaçı onu çağıraraq müqavilə imzalatmırmışdır. İzah verdilər ki, bu müqavilənən köhnə borcunu bağlamaq üçün olduğunu bildirmişlər. Lakin ona bank tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Həmçinin İddiaçı tərəfindən göstərilmiş məbləğ şişirdilmiş bir məbləğdir. Cavabdehin bankdan götürdüy məbləğ həddindən çoxdur. Cavabdeh həmin müqavilənin formal bağlandığını yəni ona 6377,5 manat müqavilədə göstərilsədə cavabdehə verilməmişdir. Bankdan pulu almadan kredit müqaviləsini imzalayıb çıxıb getmişdir. Belə ki, Restrukturizasiya İstehlak müqaviləsində, yəni bank qarşısında öhdəliyimin məqsədi kimi, guya köhnə borcun olmasıdır. Cavabdehi bankla Kompensasiya Restrukturizasiya istehlak müqaviləsinə əsasən kredit götürməyə təhrik edən və bu müqaviləni başdan düzüb qoşan məhz İddiaçı ASC olmuşdur. Onu aldatmış, etibarımdan sui-istifadə etmiş, nəticədə öz qulluq mövqeyindən istifadə edərək həm öz, həm də bankın mənafelərinə uyğun gələn bir müqavilə bağlanmışdır. Müqavilənin bağlanmasında məqsəd bankın mənafeyinə xidmət etmək, bankı maliyyələşdirilməsi olmuşdur. Yəni o, müqavilənin formal bir subyekti olmuşdur. Bu cür müqavilə onda göstərilən hüquqi nəticələri yaratmaq məqsədi ilə deyil, ancaq görünüş üçün bağlanmış uydurma əqddir. Uydurma əqd isə heç bir hüquqi nəticə yaratmır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı ASC və Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu kontekstdə kollegiya apellyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(001)-6825/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13.07.2019-cu il tarixli, FR/23859/70 saylı güzəştli kredit müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən bank Cavabdeh restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 ay müddətinə, 15.07.2024-ci il tarixinədək, illik 1 % ödəmək şərtilə 6377,5 manat kredit verməyi, Cavabdeh isə həmin kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. İlkin ödəniş tarixi 13 avqust 2019-cu il, sonuncu ödəniş tarixi 15 iyul 2024-cü il olaraq müəyyən edilmişdir. 13.07.2019-cu il tarixli ödəniş tapşırıqlarından görünür ki, ödənişin təyinatı və əsas kimi Cavabdeh tərəfindən kreditin ödənilməsi üçün 1268 manat və 5108,5 manat məbləğində vəsait köçürülmüşdür. Cavabdeh həmin ödəniş tapşırığını öz imzası ilə təsdiq etmişdir. İddiaçı ASC-nin 16.08.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka 5974,19 manat əsas, 1,36 manat faiz, 0 manat cərimə borcu vardır; İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 02.03.2021-ci il tarixli bildirişin surətinə əsasən Cavabdeh 13.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğini ödəməsi əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi, aralarında bağlanan müqavilənin ləğv ediləcəyi bildirilmişdir; 17.08.2021-ci tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehin restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsinə yönəltmiş, cavabdehin özü tərəfindən təsdiq olunmuş ödəniş tapşırıqlarına əsasən həmin məbləğlər köçürülmüş, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış öhdəliyi üzrə əsas və faiz borcunu vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlar əsasında iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun yalan əqd bağlaması ilə bağlı dəlilini əsassız hesab edərək, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumueue 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. İlk olaraq qeyd olunmalıdır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. MM-nin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli Qərar). Qeyd edilməlidir ki, yalan əqd sırf başqa əqdi gizlətmək məqsədilə edilən və görünüşdəki mənasına uyğun hüquqi nəticələri meydana gətirmək niyyəti olmadan edilən iradə ifadəsinin əmələ gətirdiyi əqddir. Yalan əqdin mövcudluğunun qəbul edilə bilməsi üçün aşağıdakı beş şərtin gerçəkləşmiş olması lazımdır: 1.Yalan əqdi əmələ gətirən iradə ifadəsini edən(lər) buna uyğun hüquqi nəticənin yaranmasını istəməmiş olmalıdır(lar). 2.Yalan əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olmalıdır. 3.İki ayrı əqd bağlanmış olmalıdır. 4.Bu əqdlərdən biri onu bağlayanların həqiqi iradəsini əks etdirməsinə baxmayaraq gizlədilmiş olmalıdır. 5.Bu əqdlərdən digəri olan görünüşdəki əqd isə, sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmış olmalıdır. Yalan əqdin olduğu hallarda əqdi bağlayanlar əslində bağladıqları əqdin heç hüquqi nəticə əmələ gətirməyəcəyini deyil, başqa mahiyyət və nəticə əmələ gətirməsini istəyirlər. Başqa sözlə, görünüşdəki əqdi ona uyğun hüquqi nəticələri əmələ gətirmək məqsədilə deyil, əsl niyyətlərində tutduqları başqa bir əqdə dair faktiki nəticələrin əmələ gəlməsinə hüquqi şərait yaratmaq məqsədilə bağlayırlar. Göründüyü kimi, öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13.07.2019-cu il tarixli, FR/23859/70 saylı güzəştli kredit müqaviləsi üzrə əqdin subyekt tərkibinə dair şərtlərə, əqdin məzmununa dair şərtlərə, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərə, əqdin formasına dair şərtlərə əməl olunmuşdur. Həmin müqavilə üzrə ayrılan 6377,5 manat kredit məbləği cavabdehin özünün razılığı ilə (ödəniş tapşırığına cavabdeh özü imza atmışdır) cavabdehə restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə köçürülmüşdür. Bu səbəbdən həmin kredit cavabdeh tərəfindən götürülməmişdir. Göründüyü kimi, tərəflər arasında əhəmiyyətsiz əqdin forması olan yalan əqdin (müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkət) bağlanması halı müəyyən olunmur. Kollegiya apellyatorun Bank tərəfindən göstərilmiş məbləğin şişirdilmiş bir məbləğ olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator işdə olan maliyyə sənədlərini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim etməmişdir. Göründüyü kimi, apellyatorun dəllilləri heç bir sübuta əsaslanmayan, formal olaraq verilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(001)-6825/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar