Məhkəmə qərarları › İş №2(103)-1128/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1128/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1128/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2982/2021 saylı işi üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "Yelo Bank” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "Yelo Bank” ASC-nin xeyrinə 2014-cü il 11 iyun tarixli kredit müqaviləsi üzrə banka 13421,51 manat əsas, 7792,64 manat faiz, 1422,66 manat cərimə və kredit müqaviləsi üzrə 11.06.2019-cu il tarixdən 16.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 1123,8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23760,61 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzilin hərracdan əldə edilən vəsait hesabına "Yelo Bank” ASC-nə ödənilməsi, satışdan əldə onlunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi şəkildə icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: “Nikoil" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli, 24-G-0-0-255-14 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, kreditor Cavabdeh1 illik 25% faiz hesablanmaqla 60 ay müddətinə, aylıq ödəniş 498,97 manat olmaqla 17000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; “Nikoil" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli 24-G-0-0- 255-14 saylı saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla ipotekaqoyan arasında bağlanmış 11 iyun 2014-cü il tarixli, 24-G-0-0- 255-14 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə ayrılmış 17000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər ünvan 1 ünvanında yerləşən 53,57 km.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzilin ipotekaya qoyulması barədə razılığa gəlmişlər. Müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka qoyulmuş əmlak 60000 manat məbləğində qiymətləndirilmişdir; "xxxx" İKB ASC tərəfindən verilən 11 iyun 2014-cü il tarixli məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh1 17000 manat məbləğində kredit verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ******* saylı, RX seriyalı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 saylı evin, 98 saylı mənzili mülkiyyət hüququ ilə Cavabdeh1 adına 14.05.2014-cü il tarixindən rəsmiləşdirilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzili "xxxx" İKB ASC- nin 12 saylı filialının xeyrinə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 2128 nömrəli reyestr kitabının 197012 nömrəli vərəqində qeydiyyata alınmışdır; Bakı şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilən 10 iyun 2014-cü il tarixli 30 №-li arayışda görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilində qeydiyyatdadırlar; İpoteka saxlayan İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh1 ünvanlanan 12 yanvar 2021-ci il tarixli bildirişdən görünür ki, ona kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilinə ipoteka müqaviləsinə əsasən tutma yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir; "Express Courier Services” MMC tərəfindən tərtib edilən 18.01.2021 -ci il tarixli aktdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilinə məktub göndərilmiş, lakin ünvanda məktubun götürülməsindən imtina edilmişdir. Bu səbəbdən məktub "imtina” qeydi ilə geri qaytarılmışdır; "Yelo Bank” ASC-nin Cavabdeh1 ünvanladığı 12 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi və məhkəməyə müraciət edilməsi barədə barədə xəbərdarlıq edilmişdir; "Express Courier Services” MMC tərəfindən tərtib edilən 18.01.2021 -ci il tarixli aktdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilinə məktub göndərilmiş, lakin ünvanda məktubun götürülməsindən imtina edilmişdir. Bu səbəbdən məktub "imtina” qeydi ilə geri qaytarılmışdır; İpoteka saxlayan "Yelo Bank” ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanan 22.01.2021-ci il tarixli (ipoteka predmetinə tutma yönəldiməsi haqqında bildirişin qeydə alınması haqqında ərizəsindən görünür ki, bank qeyd edilən ərizə ilə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilinə tutmanı yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən elektron çıxarışdan görünür ki, bank tərəfindən idarəyə ünvanlanan ərizə 22.01.2021-ci il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmış, hazır olma tarixi 22.01.2021-ci il olaraq qeyd edilmişdir. Rüsum olaraq 30 manat məbləğində ödəniş edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 9/4247 saylı, 28 iyul 2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 11 iyun 2019-cu il tarixinə (kredit müqaviləsinin bitmə tarixinə) 13426,93 manat əsas, 7867,08 manat cərimə borcu, 16 fevral 2021-ci il tarixinə (maliyyə arayışının verildiyi tarixə) 13426,93 manat əsas, 8995,31 manat faiz borcu hesablanmışdır. Qeyd edilmişdir ki, 11 iyun 2014-cü il tarixli, 24-G-0-0- 255-14 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmamışdır; "Legal Prime” MMC tərəfindən verilən 05 avqust 2021-ci il tarixli, LP-126/2021 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 62000 manat, hazırki bazar dəyəri 70000 manat olaraq müəyyən edilmişdir (səh.13, 17,24, 25, 26, 27, 28, 29, 31, 33, 34, 35, 84, 91) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2982/2021 saylı işi üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilərək,11 iyun 2014-cü il tarixli, 24-G-1-0-255-14 saylı kredit müqaviləsi üzrə 13421,51manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı "Yelo Bank” ASC-yə ödənilməsi, tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 3, mənzil 98 (Reyestr nömrəsi: **********24-05101-093048) ünvanında yerləşən mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 62000 manat müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına kredit borcu ödənilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh1 ümumi qaydada tutulması, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 98 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1 ay ərzində mənzildən çıxarılması (mənzili boşaltma və tərk etmə) iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin qanuni qüvvəyə mindikdən və icraya yönəldikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi 1 ilədək müddətə təxirə salınması, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, ümumilikdə 60 manat xərcin 30 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin 50(əlli) manat hissəsi Cavabdeh1, 50(əlli) manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, həmçinin iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində vəsaitin 150 manat hissəsi Cavabdeh1, 150 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq "Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.7, 269.4, 295, 317.1, 319.1, 319.6, 385.1; "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4, 59.3.1, 59.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir.Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuş onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu,S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana - Cavabdeh1 qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh1 tutularaq iddiaçı "Yelo Bank” ASC-yə ödənilməlidir. İpoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 62000 manat məbləğində müəyyən edilməlidir.Məhkəmə iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, Bakı şəhəri, Binəqədi rayonu,S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ipoteka predmeti olan mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.Belə ki, "İpoteka haqqında” Qanunun 59-cü maddəsi ilə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın həmin mənzildən çıxarılması qaydası tənzimlənmişdir. Həmçinin Mülki Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Ona görə də, həmin evə tutma yönəldiyi təqdirdə cavabdehlərin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi həmin Qanunun 59-cu maddəsinin və MM-in 205.2-ci maddəsinin müəyyən etdiyi qaydada tənzimlənməlidir.İddiaçı kimi "Yelo Bank” ASC-nin cavabdehin ipoteka predmeti olan mənzilə olan istifadə hüquqlarının itirilməsi barədə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki "İpoteka haqqında” Qanunda bankın cavabdehlərə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi predmetli iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil satıldığı halda, həmin mənzili əldə edəcək yeni mülkiyyətçiyə məxsusdur. İpoteka predmetinin ipoteka qoyan tərəfindən alınması da istisna edilmir. Digər tələblər də eyni ilə mülkiyyətçiyə məxsus mülkiyyətin müdafiəsi ilə bağlı(MM 157) yaranan tələblərdir. Eyni zamanda "İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində qeyd edilən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci "1 ay ərzində tərk etməlidirlər” ifadəsi, həm ipoteka predmetinin mülkiyyətçisinin, həm də onunla yaşayan digər şəxslərin ipoteka predmetindən çıxarılmalarını və ipoteka predmetini boşaltmalarını özündə ehtiva edir.Odur ki, məhkəmə iddia tələbini yalnız ipoteka predmeti ipoteka qoyandan qeyri şəxslərə satıldığı halda cavabdehlərin həmin mənzildən 1 ay ərzində çıxmaları və mənzili boşaltmaları(tərk etmələri) hissəsində əsaslı hesab edir.Məhkəmə eyni zamanda cavabdehlərin iddia ərizəsinə etirazındakı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.Cavabdehlər iddia ərizəsinə etirazda bildirmişlər ki, ipoteka predmeti onların yeganə yaşayış yeridir və tək yaşayış yerinə tutmanın yönəldilməsi Konstitusiya və beynəlxalq hüquq normalarına uyğun deyildir.Məhkəmə yeganə yaşayış yeri olan ipoteka predmetinə tutma yönəldilməsinin qanunsuzluğu barədə cavabdehlərin etirazı ilə razılaşmır. Belə ki, ipoteka hüququnun elə əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Eyni zamanda ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Yəni ipotekanın mahiyyəti elə ondan ibarətdir ki, borclu müqavilə üzrə öhdəliyini icra etmədikdə ipoteka saxlayan tələbini ipoteka qoyanın mülkiyyətində olan əmlak hesabına təmin edə bilsin. İpoteka predmetinin yeganə yaşayış yeri olması ipotekanın mahiyyətini dəyişmir.Buna baxmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.4-cü maddəsində qeyd edilmişdir ki, tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır.Məhkəmə cavabdehlərin etirazında qeyd olunan halları onların vəsatəti kimi qiymətləndirir və o qənaətə gəlir ki, həqiqətən ipoteka predmeti cavabdehlərin yeganə yaşayış yeridir və bu əsasla ipoteka predmetinə tutmanın yönəldilməsi 1 ilədək müddətə təxirə salınmalıdır. İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2982/2021 saylı 24 sentyabr 2021-ci il tarixli qətnaməsi tam ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2, 482.4, 449.4, 462.3, 465.2: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 385.1.1, 385.1.2, 385.1.4, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, 11 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün Cavabdeh1 banka dəvət edilmişdir. Lakin Cavabdeh1 vaxtında banka gəlməməməsi səbəbindən və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icra müddəti 31.12.2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır.Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 6cı bəndində bankalar tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını təqdirdə faiz və cərimə borcları silinsin. Fərmanda faiz və cərimə borclarının silinməsi banklara məcburi deyil tövsiyə edilmişdir. Həmçinin hazır ki, iş üzrə Cavabdeh1 ilə güzəştli şərtlər ilə yeni müqavilənin bağlanmaması bankın təqsirindən deyil cavabdehin banka dəvət edilməsinə baxmayaraq, onun banka gəlməməməsi səbəbindən Fərmanın icarsı qeyri mümükün olmuşdur.Bundan başqa, məhkəmənin cavabdehlərin etirazında qeyd olunan halları onların vəsatəti kimi qiymətləndirərək, həqiqətən ipoteka predmetinin cavabdehlərin yeganə yaşayış yeri olması və bu əsasla ipoteka predmetinə tutmanın yönəldilməsini 1 ilədək müddətə təxirə salması əsassızdır. Məhkəmənin cavabdehlərin iddia ərzəsinə etirazını oralara qətnamənin icrasına möhlət verilməsinə dair vəsatət kimi qəbul etməsi qanunverciliyin tələblərinin pozulmasıdır.Belə ki, məhkəmə ipoteka predmeti olan əmlakın cavabdehlərin yeganə yaşayış yeri olduğunu tam araşdırmadan, cavabdehlərə verilən möhlətin qanunla müəyyən edilmiş ən yuxarı həddini seçmişdir. Bundan başqa, 11 iyun 2014-cü il tarixli ipoteka müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadəsidir və cavabdehlər müqavilə üzrə öhdəliklərin tam və vaxtında yerinə yetirilməsini öz üzərlərinə götürmüşdürlər. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, qətnamə qanuni qüvvəyə mindikdən və icraya yönəldikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi 1 ilədək müddətə təxirə salınsın, halbuki, icra mərhələsində borclu bununla bağlı məhkəməyə müraciət edə bilər.Cavabdeh tərəfindən öhdəliyin vaxtında və tam yerinə yetirilməməsi, həmçinin məhkəmənin qətanamənin icrasına 1 il möhlət verməsi iddiaçı kimi bankın mənafeyinə toxunur. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nnın iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-12, 15, 34.1, 36.1, 36.3, 39, 47.4, 48,59; Mülki Məcəllənin 269-270, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Qətnamə üzrə maddi hüquq normaların tətbiqində ümumilikdə qüsurlar müəyyən edilməsədə, ipoteka predmetinə tutmanın yönəldilməsi 1 ilədək müddətə təxirə salınması hissəsində iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi əsasları ilə həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar mövcuddur. Belə ki, ilk iddia üzrə tələblərin təmin edilən hissəsi üzrə sübutlar mənzərsində əsasları müəyyən edilməyən və hazırki icraata aidiyyəti olmayan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsinin bir ilədək müddətə təxirə salınması barədə yanlış qənaətə gəlmiş, bu hissədə qətnamə ləğv edilməlidir. Diqqətə çatdırılmalıdır ki, qətnamənin icrasına möhlət verilməsi məhkəmə qərarlarının icrasına nəzarət qaydasında həll edilməsi mümkün olan prosedurdur. Qətnamə qəbul edilən zaman müqavilə müddətinə faiz borcunun olmaması, ondan sonrakı dövrə tələb hüquqlarını məhdudlaşdıran amil kimi, habelə restrukturizasiya tələblərinə riayət etməməyin nəticəsi olaraq, faizin və cərimənin tutulmasını yolverilməz edir. Ona görə bu hissədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Apellyasiya şikayəti qeyd edilən əsaslarla qismən təmin, ipoteka predmetinə tutmanın yönəldilməsinin bir ilədək müddətə təxirə salınması hissəsində qətnamə ləğv , tələb olmadığından şikayət verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçıya aid edilməlidır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2982/2021 saylı işi üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən- qətnamənin qanuni qüvvəyə mindikdən və icraya yönəldikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsinin bir ilədək müddətə təxirə salınması hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar