Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11280/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı “Nikoyl” X1 ("xxxx" ASC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(010)-4675/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(010)- 4675/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh iddiaçı “Nikoyl” X1 xeyrinə 9044.19 manat əsas borc, 3798.27 manat faiz borcu və həmin günə hesablanmış 374.41 manat dəbbə pulu, ümumilikdə 13216.87 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin BDYPİ-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsum tutulmuş, tutmanın kreditin təminatı kimi Cavabdeh məxsus 1999-cu il buraxılışlı, “Mercedes Benz E240” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı, WDB2100611A888400 bank nömrəli, qara metal rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə olunacaq məbləğdən iddia tələbi həcmində iddiaçı “Nikoyl” X1 xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin surəti Cavabdeh 31 avqust 2021-ci il tarixdə qəbzə imza edilməklə rəsmi qaydada təqdim olunmuşdur. Qətnamənin poçt vasitəsi ilə cavabdehə təqdim olunmasını təsdiq edən sübut iş materiallarına əlavə olunmamışdır. Həmçinin iş materiallarından müəyyən olunur ki, cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti 06 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Lakin apellyasiya şikayətinin poçta hansı tarixdə verilməsini təsdiq edən sübut iş materiallarına əlavə olunmamışdır. Bu səbəbdən də, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət daxilində verilib-verilməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyini araşdırmadan şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayətin prosessual müddətin tələblərinə uyğun verilib-verilməməsi barədə hər hansı sübut mövcud olmadığından apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin verilməsi üçün prosessual müddətin dəqiq müəyyən edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(010)- 4675/2017 saylı qətnaməsindən Cavabdeh vermiş olduğu apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş şikayətin verilməsi üçün prosessual müddətin dəqiq müəyyən ediməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11280/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11280/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver