Məhkəmə qərarları › İş №2(103)-1129/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1129/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1129/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6417/2022 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 101840-PC0271/14 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə illik 28% ödəmək şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər borclular Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli 101840-PC0271/14 saylı zaminlik müqaviləsi bağlanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. Kreditor İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kreditorun xeyrinə 8550,22 manat əsas borc, 1040,29 manat faiz borcu olmaqla, cəmi 9590,51 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.

3. Kreditor tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 101840-PC0271/14 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə illik 28% ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər borclular Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli, 101840-PC0271/14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borc alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini icra etməmiş, nəticədə xx.xx.2016-ci il tarixə borclunun İddiaçı ASC-yə 8550,22 manat əsas borc, 1040,29 manat faiz borcu olmaqla, cəmi 9590,51 manat borcu yaranmışdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-4107/2016 saylı məhkəmə əmri ilə borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8550,22 manat əsas borc, 1040,29 manat faiz borcu olmaqla, cəmi 9590,51 manat borcun və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir.

5. Borclu Cavabdeh3 etirazı əsasında Xətai Rayon Məhkəməsinin qərardadı ilə xx.xx.2016-cı il tarixli, 2(011)-4107/2016 saylı məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçilməsi qərara alınmışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6417/2022 saylı qətnaməsi ilə (Hakim: Sərdar Mehrəliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 101840-PC0271/14 saylı istehlak krediti müqaviləsinə əsasən 8550,22 manat əsas borc, 1040,29 manat faiz borcu olmaqla, cəmi 9590,51 (doqquz min beş yüz doxsan manat 51 qəpik) manat borc və 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 borc alması və onu vaxtında ödəməməsi, xx.xx.2016-ci il tarixə banka 8550,22 manat əsas borc, 1040,29 manat faiz borcu olmaqla, cəmi 9590,51 manat borcunun qalması, digər cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün tam şəkildə məsuliyyət daşıması barədə bank qarşısında öz üzərinə öhdəlik götürməsi iş materialları ilə təsdiq olunduğundan, cavabdehlər borc müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən, bununla da müqavilələrin şərtlərini pozduqlarından həmin borc cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

8. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 739.1, 385.1, 443.1, 445.1, 445.2.1, 470.1, 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(011)-6417/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ətraflı və düzgün araşdırmamış, iddianın təmin edilməsi hissəsində hər hansı sübutun olmamasını nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışını əsas götürmüş, eləcə də ondan sonrakı müddət ərzində kredit məbləği Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanının icrası ilə bağlı restrukturizasiya olunmuş pul vəsaiti olmasını nəzərə almamışdır. Hesab edir ki, 2014-cü il tarixli zaminlik müqaviləsinin müddətindən artıq 8 il keçdiyindən, bank pulunu əsas borcludan tələb etməlidir. Məhkəmə müddəti nəzərə alaraq kredit borcunun qalan hissəsini əsas borcludan tələb etməli və zaminliyə xitam verməli idi. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız iddiaçının məhkəmə əmri barədə ərizəsində göstərilənləri nəzərə almaqla kifayətlənib, cavabdehin təqdim etdiyi dəlilləri araşdrmamışdır. Belə ki, tərəfindən verilmiş ekspertiza keçirilməsi və kredit dosyesinin tələb olunması barədə vəsatəti təmin edilməmişdir. Eləcə də, qeyd olunan pul vəsaitinin restrukturizasiya olunub-olunmaması araşdırılmamışdır. İddiaçı tərəfindən məhkəməyə hər hansı sübutun əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri əlavə edilməmiş, təqdim edilən bütün sənədlər kserosurət olmaqla, həmin sənədlərin həqiqiliyi araşdırma predmeti olmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

13. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın tam rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

19. 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

23. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

25. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

26. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

27. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

AR Mülki Prosessual Məcəlləsi

29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 101840-PC0271/14 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə illik 28% ödəmək şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər borclular Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli, 101840-PC0271/14 saylı zaminlik müqaviləsi bağlanmışdır, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddia ərizəsində qeyd edilən məbləğdə ödənilməmiş borcu yaranmışdır.

34. Cavabdeh3 öhdəliyin icrasının təmin edilməsi üçün zamin olduğundan və onun kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün tam şəkildə məsuliyyət daşıması barədə bank qarşısında öz üzərinə öhdəlik götürməsi iş materialları ilə təsdiq olunduğundan məhkəmə kollegiyası hesab edir ki, əsas borcludan tutulmalı olan məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin əsas borclu ilə yanaşı, ondan da müştərək qaydada tutulması doğru olmuşdur.

35. Apellyator iş materiallarında zəruri sənədlərin kserosurətlərinin əlavə edildiyini bildirsə də, iş materiallarından görünür ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilələrin və maliyyə sənədlərinin əsli təqdim edilmişdir.

36. Bundan başqa, apellyator borc məbləğinin zaminlərdən tutulmalı olmadığını, tələbin zaminlərdən tutulmasına dair müddət keçdiyini bildirsə də, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsini məhkəməyə xx.xx.2016-cı il tarixdə, yəni kredit müqaviləsinin hələ qüvvədə olduğu müddətdə vermişdir.

37. Ona görə də, AR Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsi üçün müəyyən edilmiş şərtlər hazırkı işdə mövcud deyildir.

38. Həmçinin, apellyator hazırkı kredit müqaviləsi üzrə yaranmış borcun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı restrukturizasiya olunmuş pul vəsaiti olmasını göstərmiş, lakin qeyd edilən borcun restrukturizasiya olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

39. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsasssız olmuşdur və həmin dəlillər birinci instansiya məhkəməsinin qəbul etmiş olduğu qətnamənin ləğv edilməsi üçün əsas vermir.

40. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6417/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar