Məhkəmə qərarları › İş №2(103)-11292/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11292/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11292/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7192/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı Bank "xxxx" ASC tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs Cavabdeh2) “kredit müqaviləsinin ləğv edilərək müqavilə üzrə borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-7192/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, qərardad belə əsaslandırılmışdır ki, iddiaçı müqavilənin ləğvi tələbini irəli sürməsinə baxmayaraq iddia qaldırmamışdan əvvəl bununla bağlı cavabdehə təklif göndərməmiş, beləliklə də pretenziya qaydasına əməl olunmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəməni eyni saylı 19.10.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda (Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş qayda) prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşımaqla, bununla bağlı iddiaçının cavabdehə göndərdiyi bildirişin forması hər hansı əhəmiyyət kəsb etməməkdədir. Başqa sözlə, əgər müvafiq bildirişdə cavabdehin öz öhdəliyinə əməl etmədiyi irəli sürülərək bu halın davam edəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə bəyanat (iradə ifadəsi) yer alırsa və bu bildirişi almış cavabdeh mübahisənin məhkəmə müstəvisinə çıxmaması üçün hər hansı aktiv hərəkət nümayiş etdirmirsə, sözügedən qaydaya əməl olunmadığına dair gəlinən qənaət yalnız formal yanaşma kimi qiymətləndirilə bilər. Bu mənada kollegiyanın qənaətinə görə, borc məbləği ödənilməyəcəyi halda müqavilənin xitam olunması ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə bağlı müraciət ediləcəyi barədə cavabdehin məlum olan ünvanına bildiriş göndərmiş və cavabdehdən hər hansı cavab almadığı (cavabdehin öz ünvanında yaşayıb-yaşamamasından asılı olmayaraq) üçün məhkəmədə iddia qaldırmış iddiaçı, həmin qaydaya əməl etmiş hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Buna görə də kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilərək qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, məhkəmə iddia ərizəsi üzrə icraatın mümkünlüyü məsələsinə yenidən qiymət verməlidir. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsini icraata qəbul etmək səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti isə bununla bağlı olaraq yalnız iddia ərizəsinin icraata qəbul edilməməsinin əsaslılığını və qanuniliyini yoxlamaqdan ibarətdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7192/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar