Məhkəmə qərarları › İş №2(103)-11301/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11301/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11301/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-5506/2021 saylı iş üzrə qəbul etdiyi 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 08.12.2020-ci il tarixli BAKU2-20875-601 saylı kredit müqaviləsinin və onun tərkib hissəsi olan 08.12.2020-ci il tarixli BAKU2-20875-601 saylı razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18733,31 (on səkkiz min yeddi yüz otuz üç manat otuz bir qəpik) manat əsas borc, 1509,87 (bir min beş yüz doqquz manat səksən yeddi qəpik) manat faiz borcu, 1556,56 (bir min beş yüz əlli altı manat əlli altı qəpik) manat cərimə borcu olmaqla cəmi 21799,74 (iyirmi bir min yeddi yüz doxsan doqquz manat yetmiş dörd qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edillməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-5506/2021 saylı iş üzrə qəbul etdiyi 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, Cavabdeh1 ilə bağlanmış 08.12.2020-ci il tarixli BAKU2- 20875-601 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 08.12.2020-ci il tarixli BAKU2-20875-601 saylı razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18733,31 (on səkkiz min yeddi yüz otuz üç manat otuz bir qəpik) manat əsas borc, 1509,87 (bir min beş yüz doqquz manat səksən yeddi qəpik) manat faiz borcu, 150 (bir yüz əlli) manat cərimə borcu olmaqla cəmi 20393,18 (iyirmi min üç yüz doxsan üç manat on səkkiz qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilərək yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş ürzə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmişdir. Baxmayaraq məhkəmə icalasında bu barədə şifahi vəsatət qaldırmış, iddiaçının iddia ərizəsindəki borc məbləği ilə razılaşmamışdır. Hesab edir ki, əsas və faiz borcu iddiaçı kredit təşkilatı tərəfindən şişirdilmişdir. Digər tərəfdən müqavilə üzrə öhdəliklərinin icrasında problemlər ondan asılı olmayan səbəblərdən (pandemiya, ailəsi ilə bağlı problemlər) baş vermiş, şəraitin dəyişməsi ilə bağlı müqavilə üzrə kredit ödənişlərində problemləri yaranmışdır. Borcun tam qaytarılmaması ondan asılı olmayan, obyektiv səbəblərə görə mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İzahatında əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı maliyyə arayışı təqdim edilmiş və həmin maliyyə arayışında cavabdehin borcu tam olaraq öz əksini tapmışdır. Bundan başqa kredit müqaviləsinin müddəti bitməsə belə faiz borcu məhz iddia ərizəsi verilən vaxta hesablanmışdır. Hesab edir ki, borcun məbləği düzgün hesablanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər, kollegiya cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilərək yeni qətnamənin qəbul edilməsini xahiş etmiş, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin qətnamə digər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində Cavabdeh1 münasibətdə yoxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 08.12.2020-ci il tarixli BAKU2- 20875-601№-li kredit müqaviləsinə əsasən müəyyən olunur ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC 20000 (iyirmi min) manat məbləğində krediti 240 ay müddətinə illik ən çoxu 50 (əlli) faizlə Cavabdeh1 verməyi, kredit alan isə həmin krediti razılaşmada əks olunan ödəniş cədvəli ilə müəyyən olunmuş qaydada və müddətdə kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 08.12.2020-ci il tarixli BAKU2- 20875-601 saylı razılaşmaya əsasən müəyyən olunur ki, bank boralana illik 18,6 %-lə 36 ay müddətinə 20.000 manat məbləğində kredit verir, borcalan isə kreditin əsas borc və faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 08.12.2020-ci il tarixli ödəniş qrafikinə əsasən müəyyən olunur ki, Cavabdeh1 08.01.2021-ci il tarixdən 08.12.2023-cü il tarixədək sonuncu ay 741,55 manat olmaq şərtilə, hər ay 729 manat olmaqla cəmi 26256,55 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.12.2020-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, 20000 manat məbləğində kredit Cavabdeh1 ödənilmişdir. İş materiallarında olan "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında bağlanmış 08.12.2020-ci il tarixli BAKU2-20875-601+BAKU1-41947 №-li zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası “Kreditor” ilə “Borclu” arasında yazılı sadə formada bağlanmış maksimal illik 50% faiz dərəcəsi ilə 240 (iki yüz qırx) aydan artıq olmayan müddətə 20.000 manat kredit verilməsini nəzərdə tutan Bakı şəhərində bağlanmış 08.12.2020-ci il tarixli BAKU2-20875-601 saylı kredit müqaviləsidir. İş materiallarında olan 18.08.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 18.08.2021-ci il tarixə 18733,31 manat əsas 1509,87 manat faiz, 1556,56 manat cərimə borcu omaqla cəmi 21799,74 manat borcu vardır. İş materiallarında olan 17.05.2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavadehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Eyni zamanda cavabdeh üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etməməsini ümumiyyətlə mübahisələndirilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Cavabdeh apellyasiya şikayətində borc məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya həmçinin qeyd edir ki, borcalanın maddi vəziyyətinin pisləşmiş olması iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir. Cavabdeh apellyasiya şikayətində həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə istinad etsə də, həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 7 sentyabr 2018-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Odur ki, ABŞ dollarının məzənnəsinin Azərbaycan manatına münasibətdə qalxması bankın iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-5506/2021 saylı iş üzrə qəbul etdiyi 14 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar