Məhkəmə qərarları › İş №2(103)-11305/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11305/2021

19.11.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11305/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5753/2020 saylı, 23.09.2021-ci il tarixli qərardadından iş üzrə tərəf olmayan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Ərizçi Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5753/2020 saylı 10.12.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, 13.07.1949-cu il təvəllüdlü X1 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5753/2020 saylı 10.12.2020-ci il tarixli qətnaməsində apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5753/2020 saylı 10.12.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5753/2020 saylı, 23.09.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5753/2020 saylı, 10.12.2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən: Fərid Əyyubov). Həmin qərardaddan Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət Məhkəməni eyni saylı 21.10.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu mülki iş üzrə tərəf deyil və qətnamə onun qanuni maraqlarına və mülki hüquqlarına toxunmur. Mülki Prosessual Məcəlləsin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa geri qaytarılır. Sadalananlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5753/2020 saylı, 23.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar