Məhkəmə qərarları › İş №2(103)-1131/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1131/2024

15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1131/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin qaytarılması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “pulun tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “BMW 535” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, İddiaçı xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitəsini “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” kimi səlahiyyətlər əsasında X6 etibar etmişdir.

2. X10 xx.xx.2022-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” əsasında “BMW 535” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20 000 manata Cavabdeh Ramız oğluna satmış, avtomobil xx.xx.2022-ci il tarixdə **-ZY-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh Ramız oğlunun adına rəsmiləşdirilmişdir.

3. Cavabdeh ərizə ilə Sumqayıt şəhər polis idarəsinə müraciət edərək 2022-ci ilin iyul ayının sonlarından sentyabr ayına qədər hissə-hissə əridilməsi üçün İddiaçı 30,5 ton mis qırıntısı göndərdiyini, ancaq həmin şəxsin malı geri qaytarmadığını, bu səbəblə ona 204 000 ABŞ dolları məbləğində maddi ziyan dəydiyini bildirmiş, Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi tərəfindən 25 oktyabr 2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur.

4. İddiaçı da Sumqayıt şəhər polis idarəsinə müraciət edərək göstərmişdir ki, Cavabdeh onun əvvəllər direktor işlədiyi "xxxx" MMC-yə müxtəlif vaxtlarda təxminən 570 ton mis tullantısı vermiş, həmin tullantılardan təxminən 30,5 tonunun pulunu MMC ona vermədiyindən Zaur dəfələrlə bu barədə ona demiş, o da öz növbəsində MMC rəhbərliyinə bildirmiş, MMC tərəfindən tezliklə həmin pulun qaytarılacağı bildirilmiş, Zaur müxtəlif şəxslərə borclu olduğunu və tez bir zamanda pula ehtiyacı olduğundan ona maddi köməklik etməsini, pul qaytarılan zaman isə onun pulunu qaytaracağını demiş, aralarında yaxşı münasibət olduğundan özünə məxsus 30 000 ABŞ dolları dəyərində 2013-cü il buraxılışlı “BMW 535” markalı avtomobilini ona vermişdir və avtomobilin, yaxud pulun ona qaytarılmasına köməklik göstərilməsini xahiş edir.

5. Həmin ərizələr üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı 2021-ci ildən tanıyır, həmin vaxt sonuncu "xxxx" MMC-də müdir işləmiş, o, mis qırıntılarını Yusifə göndərmiş, sonuncu, MMC-də həmin misi əridib saf hala gətirəndən sonra ona göndərmiş, o isə saf misi müxtəlif sahibkarlara satmışdır. Həmin işin görülməsi müqabilində 1 ton mis qırıntısına görə Yusifə 850 manat pul ödəmiş, onda mis qırıntısını saf hala çevirən avadanlıq olmadığından həmin MMC-yə müraciət etmişdir. Əvvəllər aralarında heç bir problem olmamışdır. 2022-ci ilin iyun ayının sonlarından, sentyabr ayına qədər hissə-hissə ümumilikdə Yusifə 30,5 ton mis qırıntısı göndərmişdir. MMC-də olan avadanlıq elə avandılıqdır ki, mis 32 ton olduğu halda həmin avandanlığı işə salmaq olur. Qeyd etdiyi miqdarda misi Yusifə göndərəndən 14 gün sonra misi saf hala gətirib ona qaytaracağını demiş, o, razılaşmış, həmin malı Yusif onun adından deyil, Xəqani Əlizadə adlı şəxsin adından sənədləşdirmişdir. Bunun səbəbini soruşan zaman, onun adı olduğu təqdirdə MMC-nin istehsal etməyəcəyini demiş, o da razılaşmışdır. 14 gün sonra Yusiflə bu barədə maraqlanan zaman işdən çıxarıldığını demiş, narahat olmamasını malı qaytaracağını bildirmişdir. Bundan sonra mütamadi onunla əlaqə saxlamış, ancaq sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 30,5 ton misi o, 204 000 ABŞ dollarına almış, Yusif 30 000 ABŞ dolları əvəzinə özünə məxsus “BMW” markalı avtomobilini onun adına keçirmişdir. Hazırda Yusif ona 174 000 ABŞ dolları pul verməlidir. Yusifi MMC-nin direktoru kimi tanıdığından həmin MMC-də digər şəxslərlə əlaqə saxlamamışdır.

6. Araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin oktyabr ayına qədər "xxxx" MMC-də transfarmator zavodunun direktoru vəzifəsində işləmiş, Cavabdeh 2021-ci yanvar ayında tanımışdır. Belə ki, Zaur dostu Xəqani Əlizadənin tanışı olmuşdur. Onlar təsadüfən bir məclisdə tanış olmuşlar. Həmin vaxt Zaur mis işi ilə məşğul olduğunu, mis qırıntılarını verib saf mis almaq istədiyini, həmin işlə "xxxx"-in məşğul olduğunu demiş, o da MMC ilə danışıb misi şirkətin qəbul etməsini və saf misə çevirilməsinə görə rəhbərlikdən icazə alacağını demiş, həmin vaxt Zaur, Hüseyn adlı sahibkarın zavodla işlədiyini, bu səbəblə öz adına yox, digər şəxsin adı ilə malın sənədləşməsini ondan xahiş etmiş, bundan sonra o, zavodun müşahidə şurasının sədri Talib müəllimlə danışmışdır. Belə ki, tanışlarının olduğunu və onların MMC-yə mis verib, həmin misi saf hala çevirmək istədiyini demiş, Talib müəllim onun tanışı olduğu təqdirdə heç bir problemin olmayacağını demiş və onu oğlu Azər müəllimin yanına yönəltmişdir. Azər müəllim isə bu işi köməkçisi İlkinə tapşırmışdır. Bundan sonra Zaur MMC-yə mis göndərməyə başlamış, həmin mallar Zaurun adından deyil, tanışı Xəqani Əlizadənin adından gəlmiş və qəbul sənədləri onun adına sənədləşdirilmişdir. Bir müddət Zaur MMC ilə işləmiş və heç bir problem yaşanmamışdır. Zaur 1 ton misin saf hala gətirilməsi üçün 500 ABŞ dolları pul vermiş, həmin pulu bəzi vaxtlar ona, bəzi vaxtlar isə özü zavoda göndərmişdir. Həmin pul Azərin köməkçisi İlkinə çatmış, İlkin də həmin pulu kasaya mədaxil etmişdir. Pul mədaxil olunandan sonra Zaur malı zavoddan çıxarmış, onun həmin proseslərdə heç bir marağı olmamış və heç bir məbləğdə pul çatmamışdır. 2022-ci ilin sentyabr ayında o, öz ərizəsi ilə işdən çıxmış, həmin vaxt şirkətdə maddi cəhətdən problemlər yaşanmağa başlamışdır. Belə ki, zavodda istehsalat dayandığından mis almağa imkanı olmamış, həmin vaxt Zaurun zavodda 30,5 ton misi olmuşdur. Zavod özü mis almağı dayandırdığından misi saf hala gətirən avadanlığı işlətməmişdir. Zaur ona türklərlə iş gördüyünü, onlara ya mal, ya da pul çatdırmalı olduğunu demiş, həmin vaxt pulu olmadığını, uzağı özünə məxsus avtomobili verə biləcəyini bildirmiş, bundan 1 həftə sonra Zaur ondan həmin avtomobili istəyərək zavoddan pulu alandan sonra avtomobilinin pulunu qaytaracağını söyləmiş, o da avtomobilini 30 000 ABŞ dollarına hesablayıb Zaura vermişdir.

7. Araşdırma zamanı izahatı alınmış X7 göstərmişdir ki, Cavabdeh 2015-ci ildən tanıyır, sonuncu həmin vaxt əlvan metalların alqı-satqısı ilə məşğul olmuşdur. 2021ci ilin ortalarında Yusif və Zaur ona bildirmişdir ki, Zaur "xxxx" MMC-yə mis vermək istəyir, ancaq onun adından verilsə MMC qəbul etməyəcək. Onların xahişi ilə Zaurun MMC-yə verdiyi mis onun adından sənədləşdirilmişdir. Belə ki, MMC-də həmin misin sənədlərdə ona məxsus olduğu görünmüş, halbuki həmin misi Zaur MMC-yə göndərmişdir. Onun bu proseslərə görə onlardan heç bir narazılığı olmamışdır. Sonradan xəbər tutmuşdur ki, Zaurun göndərdiyi misi MMC qaytarmamış və pulunu verməmişdir.

8. Araşdırma zamanı izahatı alınmış Nümayəndə2 göstərmişdir ki, 2018-ci ildən “X19” MMC-də işləyir. Cavabdeh ərizəsi ilə tanış olmuşdur, bildiyi qədərilə həmin şəxsin adına heç bir metal qəbul olunmamışdır. Həmin şəxs MMC-də transfarmator zavodunun direktoru işləmiş İddiaçı vasitəsi ilə MMC-yə mis vermişdir. MMC-nin Ukrayna və Rusiya ilə müqavilələri vardır. Ancaq hazırda hər iki ölkə arasında müharibə olduğundan MMC-yə ödənişlər olunmur və MMC-də maddi sıxıntılar yaranmışdır. Bu səbəbdən MMC qeyd olunan misin pulunu qaytara bilməmişdir. Ancaq yaxın bir həftə ərzində MMC-yə köçürmələr olacaqdır və qeyd olunan pullar şəxslərə ödəniləcəkdir.

9. İstintaq orqanı tərəfindən, Cavabdeh “X19” MMC ilə yaranmış mülki mübahisə ilə bağlı, eləcə də İddiaçı 30 000 ABŞ dolları dəyərində avtomobili Cavabdeh verməsi, sonuncunun həmin avtomobili ona qaytarmaması ilə bağlı yaranmış mülki mübahisə ilə bağlı aidiyyəti üzrə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir.

10. Cavabdeh fərdi sahibkarlıq statusu olsa da, İddiaçı fərdi sahibkar deyildir; hazırda o, əmək müqaviləsi əsasında "xxxx" MMC-də təhlilçi vəzifəsində işləyir.

11. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nin direktoru vəzifəsində işləmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. X11 “Atef-Transformator" X2 və Cavabdeh Ramız oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh ödəniş gününə manat məzənnəsi ilə 30 000 ABŞ dolları məbləğində pulun, "xxxx" MMC-dən 1827,5 manatın, vəkilin hüquqi yardımına görə çəkdiyi 300,00 manat xərcin, iddianın verilməsi üçün tərəfindən ödənilmiş 250,00 manat dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdən etibarən "xxxx" MMC-nin plan şöbəsində əmək fəaliyyətinə başlayaraq orada müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə həmin zavodun direktoru vəzifəsində işləmiş və zavodda yaranmış durğunluq səbəbindən öz xahişi ilə işdən çıxmışdır. Həmin vəzifədə olarkən zavodla işləyən, yəni zavoda xammal verən fiziki şəxslərdən biri olan Xəqani Əlizadə kimi tanıdığı şəxs, Cavabdeh onunla tanış etmiş, sonuncu Xəqani Əlizadənin adından zavoda mis qırıntıları vermiş, aralarında münasibət yaranmış və heç bir problem yaşanmamışdır. Lakin getdikcə zavodda maddi problemlər yaranmış, istehsalatda dayanmalar olmuşdur. Yəni maliyyə çətinlikləri səbəbindən zavod mis qırıntıları almağı dayandırmış, misi saf hala gətirən avadanlıq işləməmiş və istehsalat dayanmışdır. Bu səbəblə digərləri kimi, Cavabdeh da zavodda bir neçə ton mis qırıntısı qalmış və pulunu ala bilməmişdir. Odur ki, xx.xx.2022-ci ildə işdən çıxdıqdan sonra Cavabdeh onunla qısa müddət ərzində bir neçə dəfə görüşərək zavodda qalmış mis qırıntılarının taleyinin necə olacağı ilə bağlı söhbətlər emişdir. Həmin görüşlərin birində Cavabdeh zavodda qalmış malının pulunun nə vaxt veriləcəyinin naməlum olduğunu, yeni biznes qurmaq üçün türklərlə işbirliyinə başladığını, bu səbəblə də mala və ya pula kəskin ehtiyacı olduğunu bildirərək ondan təcili kömək istəmişdir. Necə kömək edə biləcəyini soruşduqda isə o, 30 000 ABŞ dolları qiymətində olan ** KY *** dövlət qeydiyyat nişanlı “BMW-535” minik markalı, “SEDAN" tipli avtomaşınını, zavoddan pulunu aldıqdan sonra dəyərini qaytarmaq şərti ilə təcili surətdə ona verməyi xahiş etmiş, habelə bildirmişdir ki, belə edərsə, zavodun ona olan borcuna görə də onda arxayınçılıq (xatircəmlik) yaranacaqdır. Maşınını Zaurun mülkiyyətinə verməyə özlüyündə razı olmasa da, nəhayətdə, aralarında olan yaxşı münasibətə görə, habelə onun davamlı xahişləri əsasında göstərilən maşını xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında, onun təqdim etdiyi şəxsin, yəni X4 istifadəsinə vermişdir. Lakin bütün bunlara baxmayaraq Cavabdeh, bir neçə gün sonra, zavodda qalan mis qırıntılarının pulunu ondan tələb etməyə başlamış, cavabında isə o, bu məsələnin ona yox, zavoda aid olduğunu, direktor olduğu dövr üçün cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımadığını ona dəfələrlə bildirmişdir. Habelə ona izah etmişdir ki, xam mis qırıntılarıı ona yox, zavoda verilmiş və heç kim tərəfindən mənimsənilməmişdir. Digər tərəfdən Zaurdan, vədinə əməl edərək verdiyi minik maşınının pulunu qaytarmağı xahiş etmiş, lakin o, bundan qərəzli surətdə yayınmış, yalnız pullarını aldıqdan sonra ona 30 000 ABŞ dolları verəcəyini bildirmişdir. Odur ki, bu zəmində aralarında narazılıq yaranmış, nəticə etibarilə məsələnin həlli üçün tərəfindən Sumqayıt şəhər Polis İdarəsinə müraciət edilmişdir. Sumqayıt Şəhər Pİ-nin istintaq Şöbəsində aparılan apaşdırma zamanı yuxarıda göstərilən faktlar öz təsdiqini tapdığından müstəntiq X3 25 oktyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və həmin qərarla onların hər ikisinə mülki mübahisə ilə bağlı aidiyyəti üzrə mülki məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Həmin araşdırma zamanı cavabdeh “X19” MMC-nin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə2 göstərmişdir ki, zavodun Ukrayna və Rusiya ilə müqavilələri vardır, ancaq hər iki ölkə arasında müharibə olduğundan ödənişlər olunmur, odur ki, MMC-də maddi sıxıntılar yaranmış, MMC qeyd olunan misin pulunu qaytara bilməmişdir. Ancaq yaxın bir həftə ərzində MMC-yə köçürmələr olacaqdır və qeyd olunan pullar şəxslərə ödəniləcəkdir. Artıq bu günlərdə məlum olmuşdur ki, cəmiyyət Cavabdeh borclu olduğu pulun əksər hissəsini bir neçə dəfəyə ödəmiş, qalıq hissəsinin ödənilməsindən isə imtina edərək həmin hissənin onun tərəfimdən ödənilməli olduğunu bəyan etmişdir. Hansı ki, cavabdehlər olan Cavabdeh və "xxxx" MMC qarşısında onun heç bir öhdəliyi və mükəlləfiyyəti yoxdur. Digər tərəfdən məlum olmuşdur ki, Cavabdeh ona xəbər vermədən, xx.xx.2022-ci il tarixdə onun təqdim etdiyi şəxsə tərəfindən etibarnamə əsasında verilmiş avtomobili 10 gün sonra, yəni xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında öz adına rəsmiləşdirmiş və həmin avtomaşına ** ZY *** dövlət nömrə nişanı verilmişdir. Göründüyü kimi, Cavabdeh zavoda vermiş olduğu mis qırıntılarının puluna görə "xxxx" MMC cavabdeh olduğu halda, o, bazar qiyməti 30 000 (otuz min) ABŞ dolları olan maşınını mənimsəyərək ona həmin məbləğdə zərər vurmuşdur. Digər tərəfdən, 2-ci cavabdeh "xxxx" MMC-nin Cavabdeh çatası pulu vaxtında verməməsi səbəbindən o, artıq 5 (beş) aydan artıqdır ki, qiyməti 30 000 ABŞ dolları, yəni milli valyuta ilə qiyməti 51 000 (əlli bir min) manat olan əmlakından (avtomaşınından) məhrum olmuşdur. Ona görə də hesab edir ki, həmin dövr üçün "xxxx" MMC-dən xeyrinə faizlər tutulmalıdır. Həmin faizlərin məbləği isə 1825,00 (min səkkiz yüz iyirmi beş) manat təşkil edir (51.000 manatın illik 8,6 faizi=4386 azn : 12 ay=365,5 azn x 5 ay =1827,5 manat.

14. Sonradan İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 ərizə təqdim edərək, “Atef-Transformator" MMC-nin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli protokol-qərardadına əsasən “Atef-Transformator" MMC cavabdehlər siyahısından çıxarılmışdır.

15. Cavabdeh Ramız oğlunun nümayəndəsi (vəkili) isə X8 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində göstərilməklə) qarşılıqlı iddia ərizəsi təqdim etmiş, ödəniş gününə uyğun manatın məzənnəsi ilə 42 000 ABŞ dolları məbləğində pul vəsaitinin və 305 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin 12 may 2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır.

17. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Cavabdeh həqiqətən də İddiaçıla sonuncunun da bildirdiyi kimi Xəqani Əlizadə vasitəsilə tanış olmuş, daha sonra İddiaçı onun mis qırıntılarını saf hala gətirərək fərqli sahibkarlara satmağı barədə məlumatı olduqdan sonra, ona direktor işlədiyi "xxxx" MMC-nin belə bir imkana - yəni mis qırıntısını saf hala çevirən avadanlığa sahib olduğunu bildirmişdir. Daha sonra Cavabdeh mis qırıntılarını şəxsən İddiaçı göndərdikdən sonra sonuncu həmin qırıntıları saf hala gətirmiş və ona geri göndərmişdir. Həmin işin görülməsi müqabilində Cavabdeh tərəfindən İddiaçı bir ton mis qırıntısına görə 850 manat (500 ABŞ dolları) pul ödənilmişdir. Həmin vaxt onların arasında heç bir problem olmamışdır. Cavabdeh ümumiyyətlə "xxxx" MMC-ni tanımamış, malları birbaşa olaraq İddiaçı ona bildirdiyi adresə çatdırmışdır. 2022-ci ilin iyun ayının sonlarından sentyabr ayına qədər hissə-hissə olmaqla ümumilikdə 30,5 ton mis qırıntısını Yuisf İsmayılova göndərmiş, o isə Cavabdeh avadanlığın işə düşməsi üçün ən azı 32 ton mis qırıntısı olmasın zərurətini bildirmiş, qalan mis qırıntısını İddiaçı göndərdikdən sonra sonuncu Cavabdeh 14 gün sonra mis qırıntısını saf hala gətirib ona qaytaracağını bildirmişdir. Lakin sənədləşmə Cavabdeh adına deyil, Xəqani Əlizadənin adına aparılmışdır. 14 gün müddət yekunlaşdıqdan sonra İddiaçı malları Cavabdeh göndərmədiyi üçün onunla əlaqə saxlamış, Yusif bildirmişdir ki, MMC-dən işdən çıxarılmışdır, lakin malları ona çatdıracaqdır, narahat olmasın. Cavabdeh dəfələrlə İddiaçıla əlaqə saxlasa da Yusif müxtəlif bəhanələr gətirmiş və malları ona təhvil verməmişdir. Zaurun artıq heç bir əlacı qalmadığı üçün "xxxx" MMC ilə əlaqə yaratmağa çalışaraq mülkiyyət hüququ ona məxsus olan malların nəyə görə İddiaçı tərəfindən geri qaytarılmadığını soruşduqda onlar bildirmişlər ki, İddiaçı ona məxsus malların külli miqdarda hissəsini onların xəbəri olmadan mənimsəmiş və buna görə də şirkətdən qovulmuşdur, həmçinin onlar bildirmişlər ki, ona vurulmuş olan ziyanın şirkətin payına düşən hissəsi tam şəkildə qarşılanacaq, yerdə qalan məbləğ isə İddiaçı tərəfindən ödəniləcəkdir. Lakin şirkət tərəfindən ödənişlər gec edilmiş, səbəb olaraq bildirilmişdir ki, MMC-nin Rusiya və Ukrayna şirkətləri ilə müqavilələri vardır, ancaq hal-hazırda müharibə olduğuna görə onlar ödənişlər edə bilmirlər, buna görə də pulun geri qaytarılması mümkün deyildir. Daha sonra şirkət tərəfindən 132 000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh ödənilmiş, İddiaçı isə öz payına düşən 72 000 ABŞ dolları məbləğində pul vəsaiti olmadığını bildirmiş, borcun bir hissəsinin əvəzinə, yəni 30 000 ABŞ dollarının yerinə istifadəsində olan “BMW-535” markalı avtomobilini verə biləcəyini qeyd etmişdir. Cavabdeh İddiaçı qeyd edilən şərti ilə razılaşdıqdan sonra, avtomobilə dair ilk öncə sürücüsü X4 adına etibarnamə verilmiş, daha sonra avtomobil onun adına rəsmləşdirilmişdir. Lakin bugünədək İddiaçı üzərinə götürdüyü öhdəliyi icra etməmiş, borclu olduğu 42 000 ABŞ dolları məbləğində pul vəsaitini geri qaytarmamışdır. Bu halları "xxxx" MMC-nin əməkdaşları, həmçinin şahidlər X14, X12 və Türkiyə Cumhuriyyəti vətəndaşı Şener Bilgi də təsdiq edə bilərlər.

18. Məhkəmə iclaslarında izahat verən İddiaçı iddia tələbini müdafiə edərək həmçinin bildirmişdir ki, Zaurla əvvəllər yoldaş olmuş, Zaur türklərlə müqaviləsi olduğunu və onlara pul verməli olduğunu, "xxxx" şirkətindən də pul alacağını bildirdiyi zaman, o, maşının satılması üçün “Turbo.az” saytında elan yerləşdirdiyini, maşını satdıqdan sonra pulu verə biləcəyini, şirkətdən pulu aldıqda isə geri qaytarmasını bildirmişdir. Zaur tanışı vasitəsi ilə maşını satacağını bildirdiyi üçün Zaurun sürücüsünə ümumi etibarnamə vermiş, bundan sonra isə sürücüsü ilə Zaur arasında alğı-satqı aparıldığını öyrənmişdir. Zaurun iddiası ilə bağlı o, hər hansı bir öhdəlik götürməmişdir. Ərizə yazıb işdən çıxdıqda isə barəsində araşdırma aparılmış, hər şeyi təhvil verərək, təmiz halda işdən çıxmışdır.

19. İddiaçı nümayəndəsi (vəkili) ilkin iddia tələbini müdafiə edərək bildirmişdir ki, məhkəmə iclaslarında həqiqətən sübuta yetirildi ki, X13 ilə Cavabdeh Ramız oğlunun tanışlığı olmuş, onlar "xxxx" MMC-yə mis, xammal verən başqa bir şəxs vasitəsilə tanış olmuşlar. Cavabdeh sonradan Yusıf İsmayılovun orada işləməsini bildiyindən, həmçinin tanışlıqları olduğu üçün özünün yox, başqa bir adam vasitəsilə müvafiq qaimələrlə ora xammal vermiş, zavodla işləmiş və pullarını da almışdır. Lakin ortada müəyyən bir borc məbləği qalmışdır və Zaur hazırda həmin borcu Yusifdən tələb edir. Zaur Yusifə türklərlə işlədiyini, ona maşın lazım olduğunu və zavoddan pulu aldıqdan sonra maşını qaytaracağını bildirmişdir. Zaur maşını bilavasitə istəsə də, Yusif həmin maşını Zaurun mülkiyyətinə verməmiş, etibarnamə əsasında vermiş və sonradan məlum olmuşdur ki, Zaur maşını öz adına keçirmişdir. Lakin Zaur maşını öz adına keçirsə də, həmin maşına görə aralarında müəyyənləşdirilmiş pul məbləğini, yəni 30 000 ABŞ dollarını Yusifə verməmişdir. Qeyd olunan hallar məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Zavodun nümayəndəsi də izahatında bildirmişdir ki, həmin mallar qaimə vasitəsilə zavoda verilmiş, müəyyən məbləğ Cavabdeh ödənilməmişdir və həmin məbləğ İddiaçı tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yəni əgər Cavabdeh tərəfindən mallar zavoda verilibsə, zavod da bunun qarşılığında katod və s. kimi məmulatları Zaura qaytarmayıbsa, bu İddiaçı günahı deyil. Yəni mal bilavasitə zavoda verilir, burada da bütün prosedurlar rəsmi şəkildə gedir. Zavodun nümayəndəsi özü də deyir ki, zavodda hər şey rəsmi qaydada olur və onlarda qeyri-rəsmi heç nə ola bilməz. Digər tərəfdən zavodun nümayəndəsi bildirdi ki, onlar arasında “centlmen razılaşması olub, İddiaçı bilavasitə zavoda borcu olub, lakin onlar borcu istəmirlər. Lakin belə bir hal hüquqverici əsas deyil və İddiaçı zavoda nə kimi borcu olması, nəyə görə olması və borcun haradan yaranması barədə sübutlar təqdim olunmamışdır. İlkin iddianın mahiyyəti məhz iddiaçının mülkiyyəti, əmlakı ilə əlaqədardır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı təqdim etməyi, alıcı isə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Tərəflər maşının qiyməti ilə bağlı 30 000 dollara razılaşsalar da, Zaur həmin məbləği Yusifə verməmişdir. Yəni alqı-satqının müddəaları baxımdan iddia tələbi tam əsaslı və haqlıdır. Məhz Sumqayıt şəhər polis idarəsində də araşdırma gedən zaman hazırki dediklərinə uyğun ifadələr, izahatlar alınmışdır. Qarşılıqlı iddia tələbi ilə bağlı isə şahidlər iddia tələbinin əsaslılığına dəlalət edən sübutlar təqdim etməmiş və ifadələr verməmişlər. Onlar yalnız Zaur və Yusif arasındakı münasibətlərlə bağlı fikirlər söylədilər və Zaurun Yusifə pul verməsini bildirdilər. Zaur zavoda xammal verib mal alırsa, Yusifə nə üçün pul verilməlidir?. Yəni Cavabdeh zavoda verdiyi mallara görə İddiaçı pul istəməsinin hüquqi əsası yoxdur, çünki zavodun fəaliyyətinə görə İddiaçı məsuliyyət daşımır. İddiaçı işdən çıxan zaman da şirkətin rəsmiləri sənədlərə imza çəkmiş, həmin zaman heç bir mal qalığı olmamışdır. Çünki anbar ayrı fəaliyyət göstərir, xammal birlikdə istehsal olunmur və müəyyən bir ardıcıllıq mövcuddur. Bu xüsusatlar bir daha göstərir ki, Cavabdeh malının İddiaçı tərəfindən mənimsənilməsinə dəlalət edən heç bir hal yoxdur. Qarşı tərəfin dediyi, tərəflər arasında olan şifahi razılaşma məhkəmə mübahisəsinin predmetinin tədqiqatı olmadı və nə kağız daşıyıcıda, nə də ki, digər maddi sübut növündə belə bir razılaşma yoxdur.

20. Cavabdeh Ramız oğlunun nümayəndəsi (vəkili) qarşılıqlı iddia tələbini müdafiə, ilkin iddianı isə rədd edərək bildirmişdir ki, Zaurun Yusifə qarşı heç bir zərər vurması yoxdur. Şahid ifadələrindən aydın olur ki, Yusif və Zaur arasında iş olub, Yusifin Zaura borcu olub, etibarnamə verilib və alqı-satqı olub. İddiaçı Cavabdeh aralarındakı şifahi razılaşmaya əsasən 42 000 dollar borcu qalıb, bununla bağlı zavodun nümayəndəsinin və şahidlərin çıxışları vardır.

21. Qarşılıqlı iddia üzrə üçüncü şəxs kimi göstərilmiş "xxxx" MMC-nin nümayəndəsi bildirmişdir ki, Cavabdeh şirkətə müraciət edərək, şirkətə külli miqdarda mis verdiyini bildirmiş, bu məsələ ilə bağlı həmin dövrdə şirkət tərəfindən araşdırılma aparılmış, Cavabdeh şirkətlə əlaqəli olduğu hissədə pulu şirkət tərəfindən ödənilmişdir. Həmin vaxt Yusif bəy şirkətə məxsus zavodda direktor işləmiş və şirkətə məxsus 80 000 manat məbləğində misi gizli yolla şirkətdən çıxarmışdır. Həmin dövrdə sürücülərin, digər işçilərin izahatları alınmış, mis "katuşka”larının müəyyən hissəsinin rayona göndərildiyi, qalan hissəsinin Yasamal rayonuna boşaldıldığı müəyyənləşdiilmişdir. Şirkətlə Yusif bəy arasında olan razılaşmaya əsasən Yusif bəy həmin zərəri Zaura ödəməyi öz öhdəsinə götürmüşdür. Şirkət öz üzərinə düşən zərər məbləğini ödədiyi üçün qalan məbləğ Cavabdehla İddiaçı arasında olan məsələdir. Yusif bəyin zavodda uzun müddət işləməsi, onun xahişi nəzərə alınmış, onunla şirkət arasında "centlmen razılaşma” əldə edilmilşdir ki, dəymiş zərəri Yusif bəy ödəyəcək, şirkət də polisə məlumat verməyəcək.

22. Məhkəmənin şahid qismində dindirdiyi X12 bildirmişdir ki, o, əvvəllər Cavabdeh sürücüsü işləmiş, Cavabdeh verdiyi pulu aparıb Yusif bəyə vermişdir. Yusif bəyə pulu 1 dəfə evinin qarşısında, 2 dəfə işlədiyi zavodda, 1 dəfə də uşağı xəstəxanada olan vaxt aparıb orada vermişdir. Mənzildə 20 000 manat, zavodda 17 000 dollar və təqribən 10 000-15 000 dollar, xəstəxanada isə 10 000 və ya 20 000 dollar pul vermişdir. Bu borc, yəni 42 000 dollar məbləğində pul iş əsasında yaranmışdır. Zaur dəfələrlə zavoda mis göndərmiş, onun əsasında pul vermiş, mis katoda çevrilmişdir.

23. Məhkəmənin şahid qismində dindirdiyi X14 bildirmişdir ki, Yusif bəylə əvvəlcədən tanışlığı olmamış, bu problemlər yaranan dövrdə onu tanımışdır, Zaur isə onun yaxın dostudur. Zaur həm telefonda danışanda, həm də üzbəüz görüşəndə işlərinin ləngidiyini, pulun və ya misin verilməsini xahiş edirdi. Əvvəl Zaur bəy tədarükçülərdən aldığı misləri Yusif bəyə işçiləri vasitəsi ilə xammal şəklində təhvil vermış, bu formada aralarında alver olmuşdur. Zaura da həmin vaxt mis lazım olmuşdur, heç pul iddiası yox idi. Sonradan problemlər yarandıqda onlar hər dəfə görüşürdülər, hər dəfə Yusif bəy bugün-sabah ödəyəcəyini bildirirdi. Sonuncu dəfə görüşdə iştirak edən zaman həmin borc məbləğinin 42 000 dollardan artıq olmasını eşitmişdir. Onlar aralarındakı münasibətə, birlikdə yeyilən-kəsilən çörəyə görə 10 000 – 15 000 manat və ya dollar güzəşt ediləndən sonra 42 000 dollar borc qalmışdır. Yusifin problemlərinin çox olduğunu görüb aralarındakı münasibəti nəzərə alaraq Zaur bəy borc məbləğini çox aşağı salmışdır.

24. Birinci instansiya məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

25. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

25.1. İlkin iddia ərizəsindən və iddiaçının əsaslandırmasından görünür ki, Cavabdeh X5 əvvəllər direktor işlədiyi "Atef- Transformator” MMC-yə müxtəlif vaxtlarda təxminən 570 ton mis tullantısı vermiş, həmin tullantılardan təxminən 30,5 tonunun pulunu avadanlıq işləmədiyi üçün saf hala çevirmək mümkün olmadığından “Atef- Transformator" MMC Cavabdeh verməmişdir. Zaurla aralarındakı münasibətlər yaxşı olduğundan və Zaurun türklərlə iş gördüyü üçün pula ehtiyacı olduğundan, özünə məxsus “BMW 535” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satıb işlərini həll etməsi üçün etibarnamə əsasında Zaurun sürücüsü Turala vermiş, Zaur isə şirkət ona olan borcunu ödədikdən sonra maşının pulunu ona geri qaytaracağını bildirmişdir. Hazırda şirkət tərəfindən Zaura olan borcun əksər hissəsi ödənildiyi üçün o, maşınının pulunu geri tələb edir. 25.2. Məhkəmə qeyd edir ki, iş materiallarından İddiaçı xx.xx.2022-ci il tarixdə “BMW 535” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh sürücüsü X6 etibar etdiyi müəyyən olunur. Həmin etibarnamənin məzmunundan görünür ki, iddiaçı etibarnaməni "sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” kimi səlahiyyətlər əsasında vermişdir. Göründüyü kimi iddiaçı etibarnaməni verən zaman etibar edilən şəxsin həmin nəqliyyat vasitəsi barədə sərəncam vermək hüququ olduğunu bilmiş və könüllü surətdə buna razılıq verərək iradə ifadəsini bildirmişdir. Tərəflər arasında həmin nəqliyyat vasitəsinin və ya pulunun sonradan geri qaytarılmasına dair razılaşma olmasını nəzərdə tutan hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, hər bir tələbin əsası olmalı, həmin əsasa uyğun, onu təsdiq edən sübutlar olmalıdır. Qanunvericiliyə əsasən sübut dedikdə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar başa düşülür ki, həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hazırki iş üzrə iddiaçının cavabdehə öz nəqliyyat vasitəsini sonradan qaytarmaq şərtilə verməsi və ya onun dəyərinin qaytarılması ilə bağlı iddiaçı tərəfin izahatından başqa sübutlar yoxdur. İddiaçının izahatı təkbaşına sübutetmə vasitəsi sayılmayaraq, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının izahatını təsdiq edəcək digər sübutlar olmadığı üçün, digər sübutlarla yanaşı yoxlanıla və qiymətləndirilə bilmir. Bu səbəbdən də iddiaçının izahatı mötəbər sübut sayılmır və məhkəmə qətnamə qəbul edərkən mötəbər olmayan sübuta əsasla bilməz. Çünki məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tərəfindən sorğu verilərək əldə edilmiş şikayət materiallarından da həmçinin iddiaçının dedikləri öz təsdiqini tapmamışdır. Bir sözlə, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı öz tələbini təsdiq edən sübutları təqdim edə bilmədiyi üçün məhkəmə qərarı ehtimallara əsaslana bilməz. Bu səbəbdən ilkin iddia əsassızdır. 25.3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ramız oğlu isə iddia tələbini onunla əsaslandırmışdır ki, 204 000 dollar məbləğində malın iddiaçıya verilməsi şikayət materiallarında öz əksini tapmışdır. Həmin məbləğdən 130 000 dollar zavod tərəfindən ona qaytarılıb, 72 000 dolların 30 000 dollar hissəsi isə İddiaçı tərəfindən maşın verməklə ödənilib. Bu səbəbdən hazırda geri qalan 42 000 dolların qaytarılması barədə tələblə məhkəməyə müraciət edilmişdir. 25.4. Cavabdeh İddiaçı barəsində olan şikayəti əsasında da həmçinin Sumqayıt şəhər polis idarəsində müvafiq araşdırma aparılmış, araşdırma zamanı Cavabdehla, “X19” MMC arasında olan münasibətlərin mülki hüquq xarakterli olması müəyyən edilmiş və Cavabdeh “X19” MMC ilə yaranmış mülki mübahisə ilə bağlı aidiyyəti üzrə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. 25.5. Qarşılıqlı iddia üzrə iddiaçı tərəf Zaurun "xxxx" şirkəti ilə heç bir əlaqəsi olmadığını və malları bilavasitə Yusifə təhvil verdiyini bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən İddiaçı verildiyi iddia olunan mis qırıntıları şəxsən İddiaçı özünə deyil, "xxxx" MMC-yə təhvil verilmiş və şirkətin nümayəndəsi Nümayəndə2 bildirdiyi kimi qaimələr əsasında verilmiş mis qırıntılarının dəyəri olaraq Cavabdeh müəyyən ödəniş edilmişdir. 25.6. Həmçinin, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə üçüncü şəxs qismində məhkəməyə izahat verən şirkətin nümayəndəsi Nümayəndə2 bu məsələ ilə bağlı həmin dövrdə şirkət tərəfindən araşdırılma aparıldığını və Cavabdeh şirkətlə əlaqəli olduğu hissədə pulunun şirkət tərəfindən ödənildiyi, geri qalan məbləğin isə İddiaçı tərəfindən Cavabdeh ödənilməsi barədə aralarında "centlmen razılaşması” olduğu, həmçinin, İddiaçı şirkətdə uzunmüddət işləməsinin nəzərə alınaraq polisə məlumat verilməməsi barədə qeyd etdikləri həqiqətə uyğun deyil və əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh şikayəti əsasında müvafiq araşdırma aparılaraq, materiallar toplanılmış, lakin yekun nəticədə şikayətin dəlilləri əsaslı olmadığı üçün İddiaçı əməllərində cinayət tərkibi olmadığı müəyyən olunmuşdur. Bununla yanaşı, İddiaçı Cavabdeh tərəfindən təhvil verilmiş 72 000 dollar məbləğində mis qırıntılarını mənimsəmə faktının olması və bununla bağlı şirkətin sadəcə olaraq İddiaçı şirkətdə uzunmüddət işləməsini nəzərə alaraq heç bir addım atmaması, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar olduğu halda (şirkətin nümayəndəsinin bildirdiyinə əsasən) işdən azad etməyərək, öz ərizəsinə əsasən işdən çıxarılması, polisə şikayət etməməsi və kifayət qədər yüksək məbləğdə pulun (manat məzənnəsi ilə 122 400 manat) qaytarılması ilə bağlı sadəcə olaraq yazılı deyil, şifahi razılaşma bağlaması inandırıcı deyil. 25.7. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd edir ki, şahid İlham Qayıbovun bildirdiyi hallar, yəni Cavabdeh İddiaçı onun vasitəsilə dəfələrlə müxtəlif məkanlarda pul verməsi, 42 000 dollar məbləğində borcun iş əsasında yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin, X24 Hüseynovun dəfələrlə zavoda mis göndərdiyini, onun əsasında pul verməsini və bunun qarşılığında misin katoda çevrilməsini qeyd etmişdir. Göründüyü kimi şahidin ifadəsindən Zaurun mis qırıntılarını Yusifə təhvil verməsi ilə bağlı hər hansı məlumatı olmadığı, əksinə Zaurun dəfələrlə zavodla iş gördüyünü və ora katoda çevrilməsi üçün mis qırıntıları göndərdiyi müəyyən olunmuşdur. 25.8. Məhkəmə digər şahid Azər Axundovun ifadəsində qeyd etdiyi, Zaur bəyin tədarükçülərdən aldığı misləri Yusif bəyə işçiləri vasitəsi ilə xammal şəklində təhvil verməsi, bu formada aralarında alver yaranması, Yusifin Zaura 42 000 dollardan artıq borcu olmasını eşitməsi və aralarındakı münasibətə görə güzəşt edərək 42 000 dollar istəməsi barədə hallarla razılaşmayaraq qeyd edir ki, hazırki ifadədən Yusif və Zaur arasında mis qırıntılarının emalı ilə bağlı münasibətlərin yaranması və bunun əsasında Yusifin Zaura borclu olması bilavasitə öz təsdiqini tapmır. Belə ki, şahid ifadəsi kimi Azər Axundovun, eləcə də İlham Qayıbovun ifadəsi qarşılıqlı iddianın təmin edilməsi üçün kifayətedici deyildir. Çünki məhkəmə iclasında şahid qismində dindirilmiş hər iki şəxs məhz Cavabdeh yaxın dostu və əvvəlki işçisi olmaqla iş üzrə maraqlı tərəfdir və bu səbəbdən Cavabdeh maraqlarından çıxış edərək izahat vermişlər. Buna görə də işdə maraqlı olan şahidlərin izahatı əsasında qətnamə qəbul edilməsi əsaslı deyil. Qeyd etmək lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şahid ifadələri sübutetmə vasitəsi olsa da, məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də əsassız olduğundan təmin edilə bilməz. Mülki iş üzrə həm ilkin, həm də qarşılıqlı iddiaçı öz tələblərinin əsasllarını məhkəmə sübut edə bilməmişdir.

26. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 385-ci, 386-cı, Mülki Prosessual Məcəllənin 14.2-ci, 76-cı, 77-ci, 80-ci, 81-ci, 88-ci və 106-cı maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarlarına, Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevin şikayəti üzrə” 2020-ci il 14 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarlarına istinad etmişdir.

27. Qətnamədən ilkin iddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayəti verilərək onun qismən – ilkin iddia tələbinin təmin olunmamasına dair hissədə ləğv edilməsi və ilkin iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmiş, ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırılan şikayətdə məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.

28. Qətnamədən qarşılıqlı iddiaçının nümayəndəsi (vəkili) də apellyasiya şikayəti verərək qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, təmsil etdiyi şəxsin iddia tələbinin tam sübuta yetirildiyini nəzərə almadığını, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz

29. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz(lar) verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

30. İlkin və qarşılıqlı iddiaçıların məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri), həmçinin ilkin iddiaçının özü apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, işə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış "xxxx" MMC-nin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

33. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.

35. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

39. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

40. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

41. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

42. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

43. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

46. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

55. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

56. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

57. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

58. İlkin iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, o, direktoru olduğu "xxxx" MMC-nin Cavabdeh olan borcunun 30 000 ABŞ dolları hissəsini özünə məxsus avtomobili adı çəkilən şəxsə könüllü verməklə icra etmiş, Cavabdeh həmin vəsaiti ona geri qaytaracağına söz versə də, öhdəliyini yerinə yetirməmişdir.

59. Başqa sözlə, iddiaçının özünün bildirdikləri əsasında müəyyən olunan odur ki, o, "xxxx" MMC-nin öhdəliyinin qismən icrasını həyata keçirmiş, kreditor (Cavabdeh) isə bu icranı qəbul etmişdir (§ 38).

60. Belə olan halda ilkin iddiaçının, "xxxx" MMC-nin əvəzinə icra etdiyi öhdəliyin icrası ilə bağlı kreditora ödədiyi vəsaiti (verdiyi əmlakı) geri tələb etməsi, yalnız sözügedən öhdəliyin əslində mövcud olmadığı sübuta yetirilməklə əsassız varlanma müddəalarına istinadən irəli sürülə bilər.

61. İlkin iddiaçı isə belə bir hal irəli sürmür - əksinə, qeyd olunduğu kimi, "xxxx" MMC-nin müvafiq öhdəliyinin mövcudluğunu və bu öhdəliyin bir hissəsini özünün icra etdiyini bildirir.

62. Göstərilənlərə əsasən kollegiya, birinci instansiya məhkəməsinin ilkin iddia tələbi üzrə gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşır və əlavə olaraq qeyd edir ki, ilkin iddiaçı, "xxxx" MMC-nin əvəzinə icra etdiyi öhdəlik üçün həmin MMC-nə qarşı müvafiq tələb irəli sürmək hüququna sahibdir.

63. Kollegiya bu kontekstdə onu da vurğulayır ki, "xxxx" MMC-nin nümayəndəsinin bildirdiyi hal, yəni MMC ilə ilkin iddiaçı arasında "xxxx"nın mövcudluğu hazırkı iş baxımından deyil, əgər ilkin iddiaçı MMC-nə qarşı müvafiq tələbi irəli sürərsə, həmin işə baxıldığı zaman əhəmiyyət kəsb edə bilər.

64. Kollegiya, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir və qarşılıqlı iddia ərizəsində irəli sürülən dəlillərlə eyni məzmunda əsaslandırılan apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə əsaslandırma aparmağa zərurət görmür.

65. Xüsusilə nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçının, 132 000 ABŞ dollarının ona məhz MMC tərəfindən qaytarıldığını bildirməsi və eyni zamanda İddiaçı MMC-nin direktoru olaraq mis emalını şəxsən həyata keçirmək imkanında olmasının mümkünlüyünün ağlabatan olmadığı, qarşılıqlı iddiaçının tələbinə cavab verməli olan subyektin MMC olduğu qənaətinə gəlməyə əsas verir.

66. İddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürülən tələb isə təmin oluna bilməz (§ 45, 46).

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1924/2023 saylı iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar