Məhkəmə qərarları › İş №2(103)-1132/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1132/2024

31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1132/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pulun tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1944/2023 nömrəli, 05 iyul 2023cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin rədd edilməsi barəsində xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 əməlində, habelə toplanmış materialda cinayət hadisəsi müəyyən olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

2. Həmin qərardan həmçinin görünür ki, təhqiqat araşdırması müddətində X3 izahat verərək təxminən 7-8 il qabaq tanıdığı Qafar adlı dostuna əlillik pensiyası almaq istədiyini bildirməsi, onun da Cavabdeh1 və Cavabdeh2h oğlu adlı tanışlarının olduğunu bildirməsi, sonuncunun Əhlimanla əlaqə saxlaması və şəhərin müxtəlif yerlərində görüşüb bu barədə müzakirələr aparması və onların bu işi bacardıqlarına inanıb Cavabdeh1 xx.xx.20222-ci il tarixdə 4.000 manat pulu ünvan 1 ünvanının qarşısında Əhlimanın idarə etdiyi avtomobildə Əhlimana və Talehə verməsi və həmin məbləği qəbul etmələrinə dair ona qəbz vermələrini, daha sonra xx.xx.2022-ci il tarixdə Yasamal rayonunda yerləşən 19 saylı notariusun qarşında əlavə olaraq Əhliman və Talehə 4.500 manat pulu verməsini və bu barədə də qəbz yazıb ona təqdim etmələrini, lakin bir müddət keçdikdən sonra işi alınmadığından Əhliman ümumi məbləğdən ona Yasamal rayonu 19 saylı notariusun qarşısında 2000 manat pul qaytardığını, beləliklə sonuncu İddiaçı ümumilikdə 6.500 manat ziyan dəydiyini bildirmişdir.

3. xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı və Cavabdeh1 Əziz İsgəndərovdan 4000 manat məbləğində pul borc almış və 25 aprel 2022-ci il tarixə qədər qaytaracaqlarını qeyd edərək qəbzi öz imzaları ilə təsdiq etmişlər.

4. xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh2 dostu Əhlimanın vasitəsilə tanış olduğu İddiaçı 3 ay müddətinə 4500 manat məbləğində pul borc almış və 13 avqust 2022-ci il tarixə qədər qaytaracağını qeyd etmişdir. Borc pul Cavabdeh1 iştirakı ilə verilmiş, Cavabdeh2 və Cavabdeh1 qəbzi öz imzaları ilə təsdiq etmişlər.

5. 05.04.2023-cü il tarixli X8 tərəfindən məhkəməyə təqdim olunan teleqramdan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə o tanış etmiş və tanışlığın məqsədi iddiaçıya pensiya təyin olunmasında kömək etməkdən ibarət olmuşdur. Sonradan İddiaçı alınan pulları qaytarmadıqlarına və pensiya məsələsini həll etmədiklərinə görə hər iki cavabdehlərə zəng vuraraq narazılığını bildirmiş, görüşüb iradlarını bildirərək pulu geri qaytarmalarını xahiş və tələb etmişdir. Lakin Cavabdeh1 aldığı pulun yarısını İddiaçı qaytarsa da, Cavabdeh2 isə bugünə kimi aldığı puldan bir manat da qaytarmamışdır. Bu haqda Yasamal RPİ-nin 29-cu PB-də ifadə də vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatında olan və faktiki yaşayan Cavabdeh1 və İmişli Şəhəri, H.Aslanov küçəsi, ev 14, mənzil 5 ünvanında pasport qeydiyyatında olan və faktiki yaşayan Cavabdeh2 müştərək qaydada ona olan 6500 manat əsas borcun və 75 manat ödənilmiş dövlət rüsumunun, cəmi olaraq 6575 manat məbləğində pulun alınıb İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2000 manat, digər Cavabdeh2 4500 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun illər tanıdığı X4 vasitəsilə tanış olduğu Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olaraq onun etibarından suiistifadə etmək yolu ilə onu aldatmışlar və 8500 manat pulunu ələ keçirərək mənimsəmişlər. Halal pulunu hər iki cavabdehlərə verərkən cavabdehlər aldıqları pula dair qəbz yazaraq imzaları ilə təsdiq etmişlər. Hər iki cavabdeh, yəni həm Cavabdeh1, həm də Cavabdeh2 çoxdandır iş düzəltməklə, kəsilmiş pensiyaları yenidən təyin etdirməklə, hərbi çağırışçılara yararsız hərbi biletlər hazırlatdırmaqla məşğudurlar və təsdiqlənmiş məlumata görə hər iki cavabdeh haqqında müxtəlif hüquq-mühafizə orqanlarında AR CM-nin müxtəlif maddələri ilə, o cümlədən 178.3.2-ci və 178.2.2-ci maddələri ilə cinayət işi açılmış və istintaq davam etdirilir. O, cavabdehlər haqqında bu təsdiqlənmiş məlumatları əldə edəndə artıq cavabdehlər tərəfindən dələduzluq yolu ilə aldadılmışdı və pulunu ələ keçirib mənimsəmişdilər. Buna baxmayaraq, halal pulunun əldə edilməsi üçün bütün sivil vasitələrdən, onu cavabdehlərlə tanış edən X1 istifadə etməyinə, dəfələrlə cavabdehlərlə görüşməyinə, uzun-uzadı mesajlaşmaqlarına, xahiş-minnətlərinə baxmayaraq halal pulunu tam olaraq əldə edə bilməmişdir. Təkcə Cavabdeh1 ona olan 4000 manat puldan hissəhissə olsa da, 2000 manat pul qaytarmış və qalan 2000 manat pulu bugünə kimi qaytarmamışdır. Cavabdeh2 isə ondan qəbz yazaraq aldığı 4500 manat puldan bugünə kimi bir manat da olsun qaytarmamışdır. Artıq hər iki cavabdehlər onun telefon zənglərinə cavab vermirlər, yazdığı mesajları oxumurlar və onunla görüşməkdən yayınırlar. Bütün bunlardan sonra o, cavabdehlər haqqında əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdir və ona şikayət ərizəsindəki göstərilənlərin mülki məsələ olduğu, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, Cavabdeh1 onun 2000 manat pulunu, Cavabdeh2 isə onun 4500 manat pulunu bu günə kimi qaytarmamışlar və qaytarmaq fikrində də deyillər.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1944/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ünsüyyət Mirzəyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh1 2000 (iki min) manat məbləğində, Cavabdeh2 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 75 (yetmiş beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 (on) manat məbləğində ödənilməmiş dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 739.1, 740-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 80, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin verdiyi izahat nəzərə alınmamış, ümumiyyətlə məhkəmə tərəfindən obyektiv araşdırılma aparılmamış, iddiaçının xeyrinə işin halları məhkəmə tərəfindən təhrif edilmişdir. İddiaçı barədə insanları aldadaraq onları pis vəziyyətə salması barədə şikayət ərizələri artıq hüquq mühafizə orqanlarına təqdim edilmişdir. İddiaçı yalandan borc verdiyi insanları şərləyərək onların qaytardıqları pul vəsaitini 2-ci dəfə əsassız olaraq tələb etməklə əsassız olaraq varlanmaq istəyir. Əvvəllər verdiyi borcu cavabdehin ödəməyinə baxmayaraq təkrar tələb etməsi ədalətsizlikdir. Həmin insan insanları aldatmaqla pul qazanır. Cavabdeh bildirir ki, onun hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı əlilliyi var. Ona yaddaşın enməsi, şəxsiyyət dəyişkənliyi diaqnozu qoyulmuşdur. O, C.Naxçıvanski adına hərbi liseydən zabit pilləsinə kimi yüksəlmişdir. İddiaçı onun sadələyindən, xəstəliyindən, etibarından sui-istifadə etmişdir. İddiaçı özünü vəkil kimi təqdim edərək əslində onlarla insanı aldatmışdır. Təxminən iki il əvvəl İddiaçı 4.000 (dörd min) sələmə pul vermişdir. Lakin məcburi şəkildə 4500 manat qəbz yazdırmışdır. Cavabdeh vacib pul lazım olduğundan həmin qəbzi imzalamalı olmuş, bir müddət sonra onun pulunu hissə-hissə qaytarmışdır. Sonra cavabdeh ondan verdiyi qəbzi istəyib, lakin o qəbzi cavabdehə qaytarmamışdır. Xeyli müddət sonra həmin qəbzdən istifadə edərək cavabdehi məhkəməyə verərək əlavə 4500 manat pulun guya ona qaytarılması barədə hazırki əsassız və qanunsuz iddianı qaldırmışdır. Bu insan uzun illərdir ki, mənim kimi çox saylı insanı aldadaraq zülm vermişdir. Dövlət işində işləyərək təxminən 600-700 manat maaşı olan bir vətəndaş bu qədər pulu hardan əldə edərək paylayır və sonradan şərləyərək həmin məbləğin ikiqatını geri alır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

16. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

25. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, qətnamə digər Cavabdeh1 tərəfindən mübahisələndirilmədiyindən, qətnamə yalnız Cavabdeh2 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi və tutulmalı dövlət rüsumuna aid hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1944/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

34. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni yoxlanılan hissədə qanuni və əsaslı hesab edir.

36. Belə ki, iş materiallarında cavabdehlər tərəfindən imzaları mübahisələndirilməyən əlyazma qəbzlər var.

37. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, cavabdehlər iddiaçının tələb etdiyi pulun qaytarıldığını qeyd etdiyinə əsasən, tərəflər arasında borc münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Belə ki, bu hal həm iddiaçı, həm cavabdeh tərəfindən təsdiqlənmişdir. Odur ki, cavabdehlərin iddiaçıdan iddia ərizəsində göstərilən məbləğdə pul alması üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur.

38. Bu halda iddiaçı tələbinin cavabdehlərə qeyd edilən məbləğdə pul verməsini sübut etmək yükündən azad olmuş, həmin məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir.

39. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində araşdırma zamanı, habelə apellyasiya şikayətində borcunun qaytarıldığını və iddiaçı tərəfindən ikinci dəfə həmin məbləğin qaytarılması tələb edildiyi qeyd etsə də, bu hala dair heç bir sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi).

40. Kollegiya vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008- ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

46. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1944/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar