Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11325/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı (maraqlı şəxs qismində Maraqlı şəxs) “kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2503/2021 saylı, 01.09.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon 9 saylı Notariat ofisində Maraqlı şəxslə onun arasında 24.06.2020-ci il tarixdə süni formada bağlanılmış qanunsuz və əsassız kredit müqaviləsinin etibarsız hesab edərək ləğv edilməsi, həmin müqavilə əsasında ondan tələb edilən 10.700 manat borcun notariat ofisi tərəfindən iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs, İddiaçı Nərimanov rayon 9-saylı Notariat ofisinə gətirərək, məcburi formada, saxtakarlıq etməklə, süni formada onu özünə borclu etmək üçün Notariusun iştirakı ilə 24.06.2020-ci il tarixdə 10.700 (on min yeddi yüz) manat vəsaitin borc olaraq iddiaçıya verilməsinə dair kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinin süni formada bağlanmasının səbəbi ondan ibarət idi ki, o maraqlı şəxs N.E.X4 ML markalı, ** OM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi almışdır. Alqı-satqı notarial qaydada etibarnamə əsasında baş tutmuşdur. Bir müddət sonra həmin nəqliyyat vasitəsini bəzi ehtiyat hissələrində nasazlıq olduğundan, yəni əlavə təmirə ehtiyac olduğundan, iddiaçı Səfiyar adlı şəxsə notarial qaydada etibarnamə əsasında alqı-satqı etmişdir. Həmin müddətdə Maraqlı şəxs dərhal etbarnaməni notarial qaydada etibarsız hesab edərək, iddiaçının ona manat borcunun olduğunu bildirmişdir. İddiaçı isə ona heç-bir borcunun olmamasını bildirmiş, çünki, ona borcu olduğu halda, həmin müddətdə onunla borc müqaviləsi bağlayar və nəqliyyat vasitəsini iddiaçıya yalnız sürmək üçün etibar edərdi. Lakin, həmin etibarnamə üzrə bütün səlahiyyətləri iddiaçıya etibar etmişdir. Eləcə də həmin nəqliyyat vasitəsinin heç-bir təmirə ehtiyacının olmadığını bildirmişdir. Maraqlı şəxs həmin nəqliyyat vasitəsini iddiaçı aldığı qiymətdən öz düşüncəsinə əsasən bir az artıq qiymətə satdığını düşünərək, ondan əlavə pul almaq məqsədilə, ona əlavə pul verəcəyini bildirərək, alqı-satqıda borclu qaldığını bildirmişdir. Lakin, iddiaçının ona borcu qalmamış və bu borcun olması heç-bir yerdə öz əksini tapmamışdır. İddiaçı isə ona heç-bir borcunun olmadığını bildirdikdə, Maraqlı şəxs etibarnaməni etibarsız hesab etdirmişdir. Bu halda nəqliyyat vasitəsini alan Səfiyar adlı şəxs 2019-cu ilin fevral ayında Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinə, 2020-ci il tarixdə Bakı şəhəri Baş Polis idarəsinə və Bakı şəhər Prokurorluğuna şikayət vermişdir. Polis və Prokurorluq orqanlarında araşdırma zamanı hadisənin mülki xarakter daşıdığı məlum olduqda və heç-bir cinayət tərkibi olmadığı halda iş materiallarını rədd etmişdir. Lakin, Səfiyar adlı şəxsə etibarnamə verilməsi üçün iddiaçının üzərinə Maraqlı şəxslə süni kredit müqaviləsi bağlanılması öhdəliyi qoyulmuşdur. Bunun üçün 9-saylı Notariat ofisinə gələrək, 24.06.2020-ci il tarixdə süni və təsir altında onunla 10.700 manat dəyərində kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsi bağlanılarkən, notariat ofisinin depozit hesabına Maraqlı şəxs tərəfindən 10.700 manat pul vəsaiti qoyularaq, özü tərəfindən də həmin 10.700 manat pul vəsaiti çıxarılmışdır. Notariat ofisinin əməkdaşları və videogörüntülər bunu təsdiq edə bilər ki, Maraqlı şəxs tərəfindən ona 10.700 manat məbləğində pul vəsaiti verilməmişdir. Bu sadəcə süni rəsmiləşmə ilə iddiaçı maraqlı şəxsə borclu qalmışdır. Həmin məbləğ müqavilə bağlanılmamışdan əvvəl ondan tələb edilirdi. Bu halda o iki dəfə 10.700 manat məbləğində maraqlı şəxsə borclu edilmişdir. Sözügedən kredit müqaviləsi əsassız və qanunsuz məcburi formada iddiaçıya pul verilmədən bağlandığından, etibarsız hesab edilərək, ləğv edilməlidir. .24 iyun 2020-ci il tarixdə notariat qaydasında onunla kredit müqaviləsi bağlanılaraq, kredit müqaviləsinə əsasən Maraqlı şəxs ona 10.700 manat məbləğində borc pul verməsi təsdiqlənmişdir. Müqavilənin müddəti 01.07.2021-ci il tarixə kimi olduğu halda, müqavilə 12 ay, 06 gün müddətinə bağlanılmışdır. Bu halda 06 gün əlavə edilməsinin əsası nə idi? Notariat ofisinə gələrkən Maraqlı şəxs Yasamal rayon Polis idarəsinə edilmiş şikayətinə əsasən qeyd edilən avtomobil alqı-satqısına dair etibarnamənin ləğv edilməsinin səbəbi nə idi? Bundan sonra iddiaçının üzərinə süni formada 10.700 manat qanunsuz rəsmiləşmə əsasında öhdəlik qoyulmuşdur. Kredit müqaviləsi bağlanıldığdan sonra depozit hesaba 10.700 manat qoyularkən, həttda 200 manat çatmadığından pulun qoyulmasında gecikmə olmuşdur. Bu zaman depozit hesaba qoyulan pul məbləği iddiaçının tərəfindən deyil, Maraqlı şəxs tərəfindən götürülmüşdür. Bu hadisə isə notariusun gözüönündə və videogörüntü əsasında təsdiqlənmişdir. Müqavilənin 5 və 6-cı bəndlərində qeyd edilən "Borc alan" və "Borc verən" adlı tərəflər söz kimi təsdiq edilmişdir. Bu halda müqavilə etibarsız hesab edilərək ləğv edilməlidir. Müqaviləyə xitam verilməlidir. Mübahisəli kredit müqaviləsinə əsasən qeyd edilən 10.700 manat pul ona verilməmişdir. Bu halda müqavilənin şərtlərinə əsasən həmin məbləğin ondan tələb edilməsi əsassızdır.
3. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2503/2021 saylı, 01.09.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Aytən Novruzova).
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2503/2021 saylı, 01.09.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin bağlanılmasının səbəbi ondan ibarət idi ki, iddiaçı maraqlı şəxs N.E.X5 ML markalı, ** OM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi almışdır. Alqı-satqı notarial qaydada etibarnamə əsasında baş tutmuşdur. Bir müddət sonra həmin nəqliyyat vasitəsini bəzi ehtiyat hissələrində nasazlıq olduğundan, yəni əlavə təmirə ehtiyac olduğundan, iddiaçı Səfiyar adlı şəxsə notarial qaydada etibarnamə əsasında həmin avtomobili alqı-satqı etmişdir. Bu zaman Maraqlı şəxs dərhal etbarnaməni notarial qaydada etibarsız hesab edərək, iddiaçının ona 10.700 manat borcunun olduğunu bildirmişdir. İddiaçı isə ona heç-bir borcunun olmamasını bildirmişdir. Çünki, iddiaçının ona borcu olduğu halda, həmin müddətdə onunla borc müqaviləsi bağlayardı və nəqliyyat vasitəsini iddiaçıya yalnız sürmək üçün etibar edərdi. Lakin, həmin etibarnamə üzrə bütün səlahiyyətləri iddiaçıya etibar etmişdir. Eləcə də iddiaçı avtomobili alarkən, həmin nəqliyyat vasitəsinin heç-bir təmirə ehtiyacının olmadığını bildirmişdir. Buna baxmayaraq avtomobilin böyük dəyərdə təmirə ehtiyacı olması aşkarlanmışdır. Maraqlı şəxs məqsədi həmin nəqliyyat vasitəsini iddiaçının aldığı qiymətdən artıq qiymətə satdığını ehtimal edərək, ondan əlavə pul almaq məqsədilə etibarnaməni ləğv edərək, iddiaçını özündən aslı vəziyyətə salmışdır. Notariat ofisində sözügedən kredit müqaviləsinin süni şəkildə pərdələmək məqsədilə bağlanmasına səbəb, həmin avtomobili iddiaçıdan almış Səfiyar adlı şəxsin çıxılmaz vəziyyətdə qalaraq 2019-cu ilin fevral ayında Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinə, 2020-ci il tarixdə Bakı şəhəri Baş Polis idarəsinə və Bakı şəhər Prokurorluğuna şikayət etməsi olmuşdur. Çünki iddiaçı ona həmin avtomobili satmış, lakin avtomobil satıldıqdan sonra maraqlı şəxs etibarnaməni notariat ofisində ləğv etdirərək, Səfiyar adlı şəxsi və iddiaçını özündən asılı etmişdir. Polis və Prokurorluq orqanlarında araşdırma zamanı hadisənin mülki xarakter daşıdığı məlum olmuş və heç-bir cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Səfiyar adlı şəxsə etibarnamə verilməsi üçün iddiaçının üzərinə vəziyyətdən istifadə edərək, N.E.Ağavevlə süni kredit müqaviləsi bağlanılması öhdəliyi qoyulmuşdur. Bunun üçün 9-saylı Notariat ofisinə gələrək, 24.06.2020-ci il tarixdə süni və təsir altında iddiaçı ilə 10.700 manat dəyərində kredit müqaviləsi bağlanılmışdı. Lakin iddiaçıya pul verilməmişdir. Bu halda iddiaçı borclu ola bilməzdi. Məhkəmə isə kredit müqavilsinin hansı şərtlər daxilində bağlanmasını, həmin müqaviləyə əsasən iddiaçıya pul verilib-verilməməsini araşdırmadan, MM-nin 5.3, 324.1, 337.1, 339.1, 339.4, 340.1, 340, 739, 740, və s. maddələrinə istinad edərək qətnamə qəbul etmişdir. Amma əsas hissədə araşdırılma aparılmamışdır. Cavabdeh məhkəmədə iştirak etməmiş, maraqlı şəxs isə iddianın sübut edilə bilmədiyini bildirmişdir. Məhkəmə isə cavabdehin iştirakı olmadan işə baxaraq, iddianın əsassız olduğunu bildirmişdir. Məhkəmənin bu qənaətə gəlməsi iddianın əsassız olmasına əsas ola bilməz. Çünki, cavabdeh məhkəməyə gəlmədiyi və iddia tələbinə etiraz etmədiyi halda iddia qəbul edilmiş sayılır. İş üzrə 27.05.2021-ci il tarixdə işin əsasını təşkil edən "vəsatət” qaldırılaraq, Səfiyar adlı şəxsin məhkəmədə iştirak etməsinin təmin edilməsini, Notariat ofisi tərəfindən pulun iddiaçıya verilməsini təsdiq edən video görüntülərin məhkəməyə təqdim edilməsi, 2019-2020-ci il tarixlərdə Şəfiar adlı şəxsin iddiaçıya qarşı Polis və Pokurorluğa etdiyi şikayəti ilə bağlı şikayət ərizəsinin və buna dair aidiyyatı sənədlərin məhkəməyə təqdim edilməsi və özünün iştirakı xahiş edilmişdir. Vəsatət məhkəmə tərəfindən təmin edilsə də, iddiaçı həmin sənədlərin surəti ilə, videogörüntü ilə, tanış edilməmiş və Səfiar adlı şəxsin iştirakı məhkəmədə təmin edilməmişdir. Sözügedən qətnamədə isə qətnamənin əsasını, ədalətli olmasını təsdiq edən vəsatətdə göstərilənlərlə bağlı araşdırmalar əlavə edilməmişdir. Bu halda qətnamə əsassızdır və ləğv edilməlidir. Çünki, kredit müqaviləsi vəsatətdə göstərilənlərdən sonra məcburi, asılılıq və pul verilmədən süni formada bağlanılmışdır. Həmin sənəd və videogörüntülər məhkəməyə təqdim edildiyi halda ədalət ortaya çıxacaqdır. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən, kredit müqaviləsinin məcburi formada bağlanmasının sübut edilmədiyi və kifayət qədər güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq edilmədiyi bildirilmişdir. Eləcə də iddiaçının aldadılaraq ona pul verilmədən kredit müqaviləsinin də əsaslı olmasını araşdırmadan əsaslı olduğunu təsdiq etmişdir. Bu əsas vəsatət araşdırıldıqdan sonra məlum ola bilərdi. Vəsatət isə təmin edilsə də icra edilməmişdir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmişlər.
7. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq ağır xəstə olması səbəbindən kollegiya iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
10. İş materiallarında olan Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq olunmuş 24.06.2020-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən Maraqlı şəxs İddiaçı 10700 (on min yeddi yüz) manat məbləğində faizsiz borc pul vermiş, İddiaçı bu müqavilədə göstərilən məbləği, yəni 10700 (on min yeddi yüz) manat borc pulu 01.07.2020-ci il tarixədək 1700.00 (bir min yeddi yüz) manat, qalan 9000.00 (doqquz min) manat məbləğini hər ay 750.00 (yeddi yüz əlli) manat ödəmək şərti ilə 01.07.2021-ci il tarixədək Maraqlı şəxs qaytarmağı öhdəsinə götürmüşdür.
11. ”Muğanbank” ASC-nin 24.06.2020-ci il tarixli kassa mədaxil orderinin surətinə əsasən Maraqlı şəxs tərəfindən X1 hesabına kredit müqaviləsi üzrə ”Muğanbank” ASC-yə 10700,00 (on min yeddi yüz) manat məbləğində pul ödənilmişdir;
12. ünvan 1 ünvanladığı 24.06.2020-ci il tarixli məktubun surətində - “ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs notariat qaydasında təsdiq ediləcək KREDİT müqaviləsi üzrə 10700,00 (on min yeddi yüz manat 00 qəpik) manat məbləğində pulun müvafiq müqavilə tərəfimdən təsdiq edildikdən sonra mənim məktubum əsasında ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün bankımızda olan **********00001AZM54 №-li depozit hesabıma qəbul olunmasını xahiş edirəm” göstərilmişdir. Hüquqi dəyərləndirmə:
13. İşin mahiyyəti ilə bağlı kollegiya aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
15. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir;
16. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
17. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər;
18. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır;
19. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir;
20. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir;
21. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
22. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
23. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
24. Kollegiya işin hallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, 24.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Maraqlı şəxs ilə iddiaçı arasında 10700 (on min yeddi yüz) manat borc pulun verilməsi barədə müqavilə bağlanmışdır. Hazırda iş üzrə iddiaçı müqavilənin etibarsızlığını məhkəmədə mübahisələndirir, həmin müqavilə əsasında ondan tələb edilən 10.700 manat borcun notariat ofisi tərəfindən iddiaçıya ödənilməsini xahiş edir.
25. Kollegiya sadalanan hüquq normalarının tələblərinə əsasən qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir.
26. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur.
27. Əqdin etibarsız sayıla bilməsinin digər bir əsasını uydurma əqd təşkil edir. Udurma əqd dedikdə, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İddiaçı cavabdehlə aralarında bağlanmış 24.06.2020-ci il tarixli kredit müqaviləsinin uydurma əqd olduğunu, ümumiyyətlə cavabdeh tərəfindın ona hər hansı məbləğdə borcun verilmədiyini, müqavilədə göstərilmiş pul vəsaitinin əslində onun tərəfindən alınmadığını bildirir. Lakin həmin müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olması (müqavilənin uydurma olması) sübut olunmur. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir.
28. Lakin kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq vurğulayır ki, iddiaçı kredit (borcun etiraf edilməsi) müqaviləsinin görünüş üçün bağlandığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əqdin uydurma olması kifayət qədər güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır.
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.
30. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
31. Kollegiya eyni zamanda qeyd edir ki, işin hallarından iddiaçı ilə cavabdeh arasında 24.06.2020-ci il tarixli kredit müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları məhkəmə tərəfindən müəyyən edilmir. Hüquqi nəticə etibarı ilə iddiaçı iradə ifadəsini bildirməklə həmin müqaviləni imzalamışdır. İddiaçının bu müqavilənin bağlanmasına məcbur edilməsi halını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və iş materiallarında aşkar edilməmişdir.
32. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, 24.06.2020-ci il tarixli kredit müqaviləsinin iddiaçı tərəfindən imzalanması, özündə onun şərtləri ilə tanış olması və bu şərtləri bəyənməsini ehtiva edir. Hər bir halda, kredit müqaviləsinin imzalanması iddiaçının iradəsindən asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. Müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmış və notariat qaydasında təsdiqlənmişdir.
33. Kollegiya hesab edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 24.06.2020-ci il tarixli kredit müqaviləsinin uydurma əqd olduğunu iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Hüquqi nəticə etibarı ilə tərəflər öz iradə ifadələrini bildirməklə sərbəst surətdə öz aralarında kredit müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən iddiaçı cavabdehdən 10700 (on min yeddi yüz) manat məbləğində pul vəsaitinin borc alındığını etiraf etmiş və müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilə, o cümlədən tərəflərin imzaları 09 saylı Notariat ofisi tərəfindən təsdiq edilmişdir. Bununla belə qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir.
34. İddiaçı apellyasiya şikayətində Maraqlı şəxs ilə bağlanmış müqavilənin pərdələnmiş ədq olması, həmin müqavilənin bağlanması nəticəsində pul almaması, müqavilənin təsir altında bağlanması hallarına istinad etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülən müqavilənin təsir altında bağlanması, müqavilə nəticəsində iddiaçının pul almaması halı iş materialları ilə sübuta yetirilmədiyindən əsassızdır və qətnamənin ləğvi üçün əsas deyildir. Bundan başqa iddiaçı apellyasiya şikayətində cavabdehin məhkəmə iclasında iştirak etməməsinin iddianın etirafı kimi qəbul edilməli olduğunu bildirmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllədə cavabdehin məhkəmə iclasında iştirak etməməsinin iddianın etirafı kimi qəbul edilməsi halı öz əksini tapmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
35. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur və iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
38. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2503/2021 saylı, 01.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev