Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11343/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-333/2006 saylı, 07 oktyabr 2021ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “yaşayış sahəsinə hüququn tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Yasamal Rayon Məhkəməsinin 13.01.2006-cı il tarixli, 2(004)-333/2006 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək, Yasamal Rayon Məhkəməsinin 13.01.2006cı il tarixli, 2(004)-333/2006 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-333/2006 saylı, 07.10.2021 -ci il tarixli qərardadı ilə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili Nümayəndə ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilmiş və Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Yasamal Rayon Məhkəməsinin 13.01.2006- cı il tarixli, 2(004)- 333/2006 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti bərpa edilərək şikayət 2(004)-333/2006 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 Rayon Məhkəməsinin 2(004)-333/2006 saylı, 07.10.2021 -ci il tarixli, müddətin bərpasına dair qərardadından şikayət verərək, göstərilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət məhkəmənin eyni saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyasının iclasında Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili Nümayəndə şikayətlə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası nümayəndənin izahatını dinləyib, şikayəti işin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin normanın mənasından məlum olur ki, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan istənilən şəxs deyil, yalnız qanunda dairəsi müəyyən edilmiş şəxslər şikayət verə bilər. Bu baxımdan Kollegiya qeyd edir ki, rayon məhkəməsi ilk növbədə, Yasamal Rayon Məhkəməsinin 13.01.2006-cı il tarixli, 2(004)-333/2006 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş şəxslərin (yəni Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3), prosessual vəziyyətini (statusunu) müəyyən etməli, yəni həqiqətən də qeyd edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini həll etməli, buna dair müvafiq məhkəmə aktı qəbul edərək həmin şəxslərin prosessual statusu müəyyən etməli, yalnız bundan sonra müddətin bərpası barədə ərizəyə münasibət bildirməli idi. Kollegiya hesab edir ki, hər hansı əks yanaşma hüquqi müəyyənlik prinsipinə zidd olmuş olardı. Eyni zamanda, Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 tərəfindən Yasamal Rayon Məhkəməsinin 13.01.2006-cı il tarixli, 2(004)-333/2006 saylı qətnaməsinin onlara rəsmi təqdim edilməsi barədə ərizə 12.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş. Həmin qətnamə onlara 09.09.2021-ci il tarixdə təqdim edilmiş, onların apellyasiya şikayəti isə 21.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Məcəllənin 369.3-cü maddəsinin tələbinə görə, aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. Aylarla hesablanan müddətin qurtarması müvafiq günü olmayan aya düşdükdə müddət həmin ayın sonuncu günü qurtarır. Belə olan halda isə müəyyən edilir ki, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 tərəfindən Yasamal Rayon Məhkəməsinin 13.01.2006-cı il tarixli, 2(004)- 333/2006 saylı qətnaməsindən verilən apellyasiya şikayəti qətnamənin onlar tərəfindən qəbul edildiyi 09.09.2021-ci il tarixdə bir aylıq müddət ötürülmədən 21.09.2021-ci il tarixdə verilmişdir. Eyni zamanda, iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi müddətin bərpasına dair ərizəyə baxarkən iş üzrə tərəflərin, xüsusən də həmin mənzilin hazırkı mülkiyyətçisi Ş.Mehralıyevanın iştirakını təmin etməmişdir. Beləliklə də müəyyən olunur ki, rayon məhkəməsi prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, həmin qətnamə üzrə tərəflərin, qətnamədən şikayət vermiş Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3, eləcə də Maraqlı şəxs5 iştirakı təmin edilməklə hazırkı məhkəmə qətnaməsindən şikayət vermiş şəxslərin belə hüququnun olub-olması, başqa sözlə onların prosessual vəziyyətinin (statusunun) müəyyən edilməsi məsələsinə baxılması üçün iş materialları rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (19 may 2018-ci il tarixdən qüvvəyə minmiş) 1 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və kommersiya kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-333/2006 saylı, 07 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və Yasamal Rayon Məhkəməsinin 13.01.2006-cı il tarixli, 2(004)-333/2006 saylı qətnaməsi üzrə tərəflərin, qətnamədən şikayət vermək istəyən şəxslərin, eləcə də Maraqlı şəxs5 iştirakı təmin edilməklə həmin məhkəmə qətnaməsindən şikayət vermək istəyən şəxslərin belə hüququnun olub-olması, başqa sözlə onların prosessual vəziyyətinin (statusunun) müəyyən edilməsi məsələsinə baxılması üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-11343/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11343/2021
17.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver