Məhkəmə qərarları › İş №2(103)-11348/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11348/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11348/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6103/2012 saylı, 18 dekabr 2012ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 15751,14 ABŞ dolları əsas, 1120,90 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15872,04 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulması, tələbin ipoteka predmeti olan ** KS *** dövlət nömrə nişanlı “Hyundai Elantra” minik avtomaşınına yönəldilməsi və onun hərracda satışı hesabına pul vəsaitinin tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7605/2015 saylı, 03.12.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.12.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda digər Cavabdeh3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, eyni zamanda müvafiq qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakim T.Axundov, iş N 2(004)-6103/2012) ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh3 sözügedən qərardaddan da şikayət vermiş və şikayəti onunla əsaslandırmışdır ki, qərardadın özündən də görünür ki, məhkəmə, Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2012-ci il tarixli qətnaməsinin Cavabdeh3 təqdim edilmədiyini müəyyən etmişdir. Lakin buna baxmayraq, məhkəmə onu həmin qətnaməni mübahisələndirmək hüququndan hazırkı qərardadla məhrum etmişdir. Məhkəmənin qətnaməsi onun ərizəsi əsasında 27 avqust 2021-ci il tarixdə ona təqdim edilmişdir. Məhkəmə qətnaməsinin ona göndərilməsi və onun tərəfindən alınmasına dair mülki işin materiallarında heç bir sübut yoxdur. Qərardadın ləğv edilməsini, ərizənin təmin olunmasını xahiş edir. Yasamal rayon məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh3 məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, Cavabdeh3 izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə müvafiq məhkəmə qətnaməsinin Cavabdeh3 tərəfindən nə vaxt əldə edilməsi müəyyən edilməsə də, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, sonuncu mülki iş apellyasiya instansiyasında icraatda olarkən o, şəxsən məhkəmə iclasında iştirak etmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi kassasiya qaydasında mübahisələndirilməmişdir. Cavabdeh buraxılmış müddətin bərpa olunmasını xahiş etsə də, məhkəməyə buraxılmış müddətin üzrlü hesab edilməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçı apellyasiya qaydasında icraat aparılarkən məhkəmə araşdırmasında iştirak etdiyindən, hətta Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsini 16.06.2015-ci il tarixdə yaşadığı ünvanda rəsmi qaydada qəbul etdiyindən (i.v.154) onun birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatsız olması mümkün deyil. Belə olan halda, artıq prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci il maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, Cavabdeh3 prosessual müddətin bərpasına dair ərizəsində göstərilən halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh3 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 27 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar