Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11354/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-4413/2021 № mülki iş üzrə apellyasiya icraatının mümkünlüyü üçün əsasların olub-olmamasını yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və həmin Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun depozitdə olan pul məbləği ilə əvəzləşdirilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.08.2021-ci il tarixli qərardadla iş üzrə icraata xitam vermişdir. İddiaçı2 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətin qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.09.2021-ci il tarixli qərardadla şikayəti, prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarmışdır. İddiaçı2 bu qərardaddan da Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və 17.08.2021-ci il tarixli qərardaddan verdiyi şikayətin icraata qəbul edilməsini və şikayətə baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 18.10.2021-ci il tarixli qərardadla şikayəti təmin edilməsini, özü tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli qərardadının ləğv edilməsini və 17.08.2021-ci il tarixli qərardaddan İddiaçı2 verdiyi şikayətə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, hazırki iş üzrə apellyasiya icraatının başlanması üçün əsas yoxdur, apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 398-ci maddəsinin tələbinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). İşin materiallarından görünür ki, 17.08.2021-ci il tarixli qərardaddan İddiaçı2 verdiyi şikayətin qaytarılması barədə 23.09.2021-ci il tarixli qərardadını ləğv etmiş Rayon Məhkəməsi görülməli olan sonrakı prosessual hərəkəti yerinə yetirməmiş, yəni 17.08.2021-ci il tarixli qərardaddan verilmiş şikayətə baxmamışdır. Göründüyü kimi, Rayon Məhkəməsi onun üçün artıq məcburi olan prosessual hərəkəti etməmiş, MPM-nin 269.2-ci maddəsinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayətə Rayon Məhkəməsi tərəfindən qiymət verilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Məhkəmə hesab edir ki, hazırki iş üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366, 402-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və 17 avqust 2021-ci il tarixli qərardaddan İddiaçı2 verdiyi şikayətə baxılması üçün mülki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11354/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11354/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver