Məhkəmə qərarları › İş №2(103)-1136/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1136/2024

11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1136/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-3186/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Xətai RPİ-nin 36-cı Polis Bölməsinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh3 qaşı müvafiq tədbirlərin görülməsini, pozulmuş hüquqlarının bərpasnı xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, Cavabdeh1 2019-cu ilin avqust ayında onun baldızından 5.000 manat, 2021-ci ilin yanvar ayında onlardan 5.000 manat məbləğində vəsait almış, X4 isə başqa şəxsə olan 5.600 manat borcunu bağlamışdır.

2. Cavabdeh1 Xətai RPİ-nin 36-cı Polis Bölməsində vermiş yazılı izahatında X2 10%-lə pul aldığını, bir neçə ay ödəniş etdiyini, Laləyə 9.500 manat fazi borcunun qaldığını bildirmişdir.

3. Cavabdeh3 yazılı izahatında borcdan məsələ böyüyəndə xəbərdar olduğunu, borcun qaytarılması ilə bağlı İddiaçı tərəfindən ona lotoreya oynamaq təklifi gəldiyini, 8.000 manat ödədiyini, bundan sonra ondan faizlər tələb edildiyini bildirmişdir.

4. X9 yazılı izahatında Cavabdeh1 borc pul verdiyini, borcun 15.000 manat olduğunu, Şəbnəmin həyat yoldaşı X4 ona 7.000 manat məbləğində lotoreya pulu ödədiyini bildirmişdir.

5. İddiaçı ərizəsi əsasında görülmüş işlərə dair arayışa əsasən müraciət müəllifinə mövcud məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

6. İddiaçı Xətai RPİ-nin 36-cı Polis Bölməsinə təkrarən xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək 15.600 manat məbləğində puldan cəmi 932 manat qaytarıldığını bildirərək qalan məbləğin qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir.

7. Cavabdeh3 yazılı izahatında X3 onun həyat yoldaşı Cavabdeh1 ümumilikdə 8.000 manat məbləğində aylıq faizlə pul verdiyini, həmin pulun çoxdan qaytarıldığını, onlardan tələb olunan məbləğ faizlərin olduğunu bildirmişdir.

8. Xətai RPİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar ilə İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, müraciət müəllifinə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 15.600 manat məbləğində pulun və 135 manat miqdarında dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildən cavabdehlərlə ailəvi olaraq tanışdırlar. 2017-ci ildən isə birlikdə “Herbalife” şirkətinin qida məsləhətçisi kimi fəaliyyət göstərir və ailəvi olaraq dostluq edirlər. 2019-cu ilin avqust ayında, Cavabdeh1 və Cavabdeh2 X5 – onun baldızını ölkədə olmamaqlarından istifadə edərək və guya razılıqlarının olmasını deyərək, aldadıb və ondan 5.000 manat pul almışdır. Bu məsələnin üstü açılandan sonra, Cavabdeh1 həmin pul məbləğinin onlara “Herbalife” məhsulları ilə geri qaytaracağına söz vermiş, lakin sözünün üstündə bugünədək durmamışdır. 2021-ci ilin yanvar ayında isə Cavabdeh1 onlardan öz ailəvi işləri üçün 1 aylıq 5.000 manat pul istəmiş, bu pulu da o, onlara inanaraq vermişdir. Bundan dərhal sonra onlara Cavabdeh3 oğlu müraciət etmiş və bildirmişdir ki, onun 5.600 manat miqdarında borcu var və həmin adam bu borcun bağlanmasını istəyir. Ondan kömək istəmiş və o, öz kömək əlini uzadaraq həmin borcu bağlamışdır. Hümbətov R. bütün borc məbləğinin əvəzində onlara Masazırda və ya Atyalıda torpaq sahəsi verəcəyini söz vermişdi. Bugünə kimi həmin şəxslər pulun geri qaytarılması üçün heç bir hərəkət etməyiblər. Aralarında inamın olması səbəbindən heç bir yazılı müqavilə də olmayıb. Sonradan müəyyən olunmuşdur ki, bu şəxslər bir çox adamı aldadaraq pulları mənimsəyiblər. Bu məsələ ilə bağlı onlar Xətai rayonu 36 saylı Polis şöbəsinə müraciət etmişdirlər. İşin araşdırılması zamanı polis əməkdaşları müəyyən etmişlər ki, işin xüsusiyyətləri mülki işə aiddir. Bununla bağlı olaraq da müvafiq qərar qəbul edilmişdir. Cavabdehlərin izahatları polis şöbəsində alınarkən, onlar borcu etiraf etmişlər. Sənədlər təqdim edilmişdir. Hesab edir ki, cavabdehlərin hərəkətlərində əsassız varlanmanın elementləri mövcuddur.

11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(005)-3186/2023 nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) iddia tələbi rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri, habelə əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; həmin Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, hər iki halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğini cavabdehlərə verdiyini, beləliklə də həmin şəxslərin əsassız varlandığını, yaxud icra olunmamış öhdəliyin mövcudluğunu sübuta yetirməlidirlər.

13. Mülki işin materialları ilə tərəflərin arasında hər hansı yazılı müqavilənin, cavabdehlər tərəfindən verilmiş iltizamın olmadığı təsdiq edilir. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflərin arasında öhdəlik münasibətləri yaranmamışdır.

14. Məhkəmənin gəldiyi qənaətə görə, iddiaçının cavabdehə münasibətdə pul tələbinə dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır.

15. İddiaçı iddia ərizəsində cavabdehlərə 15.600 manat məbləğində pul verdiyini və pulun geri qaytarılmadığını bildirir. İddiaçının dediklərinə əsasən, pul məbləğlərinin verilməsi 3 epizodda baş verib. Birinci dəfə 2019-cu ilin avqust ayında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının baldızı X1 iddiaçıya məxsus 5.000 manat məbləğində pul alınıb. İkinci dəfə 2021-ci ilin yanvar ayında Cavabdeh1 yenidən iddiaçıdan 5.000 manat məbləğində pul alıb. Bundan dərhal sonra isə digər Cavabdeh3 5.600 manat məbləğində borc pul istəmiş o məbləğin əvəzində Masazırda və Ayalıda torpaq sahəsini verəcəyini söz versə də, vədinə əməl etməmişdir.

16. İddiaçı cavabdehlərin Xətai RPİ-nin 36-cı polis bölməsində verdiyi izahatlara istinad edərək, onlar tərəfindən pul məbləğlərinin alındığının etiraf edildiyini bildirsə də, mülki işin materiallarında olan izahatlardan görünür ki, cavabdehlərdən Cavabdeh3 ümumilikdə 9.500 pulun alındığını və bunun 8.000 manatının qaytarıldığını bildirib. Digər Cavabdeh1 öz izahatında Lalə Meydanovaya faiz borcunun olduğunu bildirmişdir.

17. Məhkəmə daha sonra hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikasının MPM-nin 88 və 106.1-ci maddələrinin mənası görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

18. Digər tərəfdən cavabdehlər məhkəmə iclasında polis orqanında verdiyi izahatları təsdiq etməyərək, iddiaçıya borclarının olmadığını bildirmişlər.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 15.600 manat məbləğində pul verildiyi göstərilsə də, bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, yenə də iddiaçının istinad etdiyi izahatlarda da cavabdehlər tərəfindən 15.600 manat məbləğində borc pulun alındığı göstərilməmişdir. Digər tərəfdən cavabdeh 8.000 manat pulun geri qaytarıldığını bildirmiş, iddiaçının həyat yoldaşı L.Meydanova 7.000 manat pulun cavabdeh tərəfindən verildiyini, lakin bu pulun lotoreya pulu olduğunu bildirmişdir. Lakin bunu da təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya təklif edilsə də, hər hansı digər sübut – qəbz, iltizam, yazılı müqavilə, şahid ifadəsi və s. kimi sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərin 2 il əvvəl polis orqanlarında verdikləri və hazırda təsdiq etmədikləri izahatların əsasında iddianın təmin edilməsi mülki prosessual hüququn ədalətlilik, hərtərəfli araşdırma və sübutların əsasında qətnamənin qəbul edilməsi prinsiplərinə uyğun hesab edilə bilməz.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1091, 1092.1-ci maddələrinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3, 100-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarına, «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə və “Van Mexelen və başqalarının Niderlanda qarşı” iş üzrə qəbul edilmiş qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuna və hüquqa ziddir. İşin hallarını araşdırarkən, məhkəmə cavabdehlərin ziddiyətli ifadələri ilə məhdudlaşmışdır. Belə ki, məhkəmə cavabdehlərin Xətai rayon 36-cı Polis İdarəsində verdikləri ifadələri və etirafları saymamış və onları nəzərə almamışdır. İddia tələbi cavabdehlərin polisdə şəxsi imzaları ilə təsdiq edilmiş izahatlarına əsaslanmışdır. Cavabdeh1 öz ifadəsində qeyd etmişdir ki, artıq Lalənin və digər şəxslərin pullarını verə bilmədiyi üçün Laləyə 9.500 manat borcu qalmışdır. Lalə onun həyat yoldaşıdır və verilən pullar ailəsinə aid pul vəsaitidir. Məhkəmə iddiaçı tərəfindən və dövlət orqanının təsdiqi olan dəlilləri nəzərə almayaraq, hesab etmişdir ki, cavabdehlərin heç bir sənədsiz, sübutsuz “pulu vermişik, borcumuz yoxdur” ifadələri əsaslıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, X8 tərəfindən verilmiş məbləğ onların birgə puludur. Pulu həyat yoldaşı Meydanova Lalə vermişdir. Cavabdeh3 iki dəfə olmaqla cəmi 932 manat məbləğində pulu onun kartına köçürmüşdür.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 İgəndər qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onun iddiaçıya borcu yoxdur. Anası bankdan pul götürmüş, həmçinin lotoreya şəklində də pulu qaytarmışlar. Lalə ona bildirmişdir ki, 9.500 manat borcu qalıb. Onu lotoreyaya qoşsun, məsələ bitsin. Lotoreyada 8.000 manat ödəmişlər, 1.500 manatı da bankdan götürüb ödəmişlər. 2017-ci ildən Laləyə üç il faiz ödəmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, evlərinin içində iddiaçıya lotoreyadan 8.000 manat pul vermişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 ona verilmiş suallara cavab olaraq bildirdi ki, 15.600 manat məbləğində borcun Cavabdeh1 verildiyini təsdiq edən sübutları yoxdur. Ona 7.000 manat məbləğində lotoreya pulu verilməyib, o, 7.000 manat lotereya pulunu Şəbnəmin həyat yoldaşı Raufa verib ki, aparıb başqalarına olan borcunu qaytarsın. Cavabdehlərdən tələb edilən pul evin puludu, iddiaçı ilə birgə nikah dövründə əldə olunub. Şəbnəm digər şəxslərdən də borc pul götürüb, sonra bundan xəbəri olmuşdur. Bunu bilsə idi, ona pul verməzdi. Şəbnəmə faizlə pul verməmişdir. Borcdan cəmi 932 manat pul qaytarılmışdır.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı: Vurğulanmalıdır ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası tərəfləri və üçüncü şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul etməklə iddia tələbi qismən təmin edilməlidir.

36. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, işdə olan sübutlara düzgün qiymət verməmiş, nəticədə işin hallarına uyğun gəlməyən qətnamə qəbul etmişdir.

37. Mülki-prosessual qanunvericiliyin tələbləri baxımından göstərilənlər qətnamənin ləğv edilməsi üçün əsasdır.

38. Hazırki iş üzrə iddiaçı cavabdehlərə ümumilikdə 15.600 manat məbləğində borc pul verildiyini bildirsə də, məhz bu məbləğdə pulun verildiyini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir.

39. Məhkəmə kollegiyası tərəfindən iddiaçının arvadı X9 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

40. İşdə olan tərəflərin və üçüncü şəxsin Xətai RPİ-nin 36-cı Polis Bölməsinə verdikləri yazılı izahatları ilə müəyyən edilir ki, cavabdehlərdən Cavabdeh1 9.500 manat məbləğində pulun borc olaraq X2 aldığını bildirmiş, onun əri – Cavabdeh3 iddiaçıya evində lotoreyadan 8.000 manat pul verdiyini bildirmişdir. Üçüncü şəxs yazılı izahatında Cavabdeh3 tərəfindən ona 8.000 manat deyil, 7.000 manat verildiyini və həmin məbləğin lotoreya pulu olduğunu bildirmişdir.

41. Beləliklə, qeyd olunan izahatlarla Cavabdeh1 ilə üçüncü şəxs X9 arasında borc münasibətlərinin mövcudluğu təsdiq edilir. İddiaçı borcun məbləği ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edə bilməsə də, Cavabdeh1 borc məbləğinin 9.500 manat olduğunu, üçüncü şəxs isə Cavabdeh3 tərəfindən 7.000 manat qaytarıldığını bildirmişdir.

42. Məhkəmə kollegiya qeyd edir ki, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında həmin pulun borc məbləğinə aid olmadığını, əksinə, qeyd olunan məbləğin Cavabdeh3 verildiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. O da qeyd edilməlidir ki, Cavabdeh1 da təsdiq etmişdir ki, borcun bir hissəsi lotoreya pulu ilə ödənilmişdir.

43. Eyni zamanda, həm iddiaçı, həm də üçüncü şəxs kollegiyanın iclasında bildirmişlər ki, Cavabdeh3 tərəfindən borcdan 932 manat da karta köçürülməklə qaytarılmışdır.

44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 etiraf etdiyi məbləğ üçüncü şəxs X9 tərəfindən ona verilsə də, iddiaçının həmin məbləği tələb etməyə subyektiv hüququ olmuşdur. Belə ki, həm iddiaçı, həm üçüncü şəxs məhkəmə iclasında onlara verilmiş suallara cavab olaraq bildirmişlər ki, həmin məbləğ onların birgə mülkiyyətidir.

45. Məhkəmə kollegiyası yuxarıda istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq onu da qeyd edir ki, mülki qanunvericilikdə məbləğindən asılı olaraq borc müqaviləsinin şifahi və ya yazılı formada (məbləğ üç min manatdan çox olduğu təqdirdə) rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin borcun məbləği yüksək olduğu təqdirdə borc münasibətlərin yazılı formada rəsmiləşdirilməsi ilə bağlı göstərişi həmin əqdin etibarlılıq şərti olaraq deyil, məhz əqd üzrə iddianın sübuta yetirilməsi ilə bağlıdır. Beləliklə, kollegiya hesab edir ki, hazırki iş üzrə borc müqaviləsinin yazılı formada bağlanmaması həmin müqavilənin etibarsızılığı üçün əsas deyil.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, yalnız Cavabdeh1 1.568 manat məbləğində borc (9.500 manat (cavabdehin etiraf etdiyi məbləğ) – 7.000 - 932 manat (qaytarılan məbləğ) tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, digər cavabdehlər tərəfindən iddiaçıdan və ya üçüncü şəxsdən hər hansı borc məbləğinin alınması iş materialları ilə təsdiq olunmur.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 3186/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavadeh Cavabdeh1 1.568 manat məbləğində borc tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 13,5 manatı, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 7,5 manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar