Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11365/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “kredit” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5660/2021 saylı işi üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "Atrabank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19273,63 manat əsas borc, 32121,93 manat faiz borcu, 15242,2 manat cərimə borcu, 8283,88 manat gecikdirilmiş vaxt üçün hesablamış illik faiz dərəcəsi olmaqla, ümumilikdə isə 74921,64 manat və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçı ləğv prosesində olan "Atrabank” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər "Karvansaray 2010” MMC və Cavabdeh1 iddianın iddia müddəti tətbiq olunaraq rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər (iş səh.43.50). Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, "Atrabank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.02.2012-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən "Atrabank” ASC Cavabdeh1 12 ay müddətinə illik 30% faiz dərəcəsi ilə 36000 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə borcu müqavilə ilə müəyyən edilmiş müddətdə fazləri ilə birlikfə geri qaytarmağı öhdəsinə götürmüşdür; Atrabank” ASC ilə "Karvansaray 2010” MMC arasında bağlanmış 14.02.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən "Karvansaray 2010” MMC bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış 14.02.2012-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür; 12.08.2021-ci il tarixli **********787 saylı maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 02.08.2021-ci il tarixə 19273,63 manat məbləğində əsas borc, 32121,93 manat mələğində faiz borcu, 15242,2 manat məbləğində cərimə borcu, 8283,88 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz dərəcəsi, ümumilikdə isə 74921,64 manat məbləğində pul borcu yaranmışdır; 14.02.2012-ci il tarixli kredit müqaviləsinə əlavəyə əsasən, ümumi məbləğ 42114.44 manat müəyyən edilmişdir; 18.04.2017-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, vaxtı keçmiş borcun qısa zamanda ödənilməsi tələb edilmiş və əks təqdirdə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq tədbirlər görüləcəyi bildirilmişdir (səh.23, 20, 10, 6, 12) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5660/2021 saylı işi üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 375.2, 477.0.4cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş materialları ilə sübut olunur ki, bankla Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış və Cavabdeh1 bank qarşısında öhdəliyini pozmuşdur."Atrabank” ASC tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı 14.02.2013-cü il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə "Karvansaray 2010” MMC-nin öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi borcun zamindən tutulması hissəsində əsassız olduğundan təmin edilə bilməz. Bankın Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi əsaslı olsa da, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı "Atrabank” ASC ilə Cavabdeh1 arasında müqavilə 14.02.2012ci ildə 12 ay müddətinə bağlanmışdır. Müqavilə müddəti 14.02.2013-cü ildə bitmişdir. Sonuncu ödəniş 08.10.2014-cü il tarixdə edilmişdir.İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi- hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin əğv edilməsinə və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsinin xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli qərarına istinadən qeyd edilmişdir ki, kredit müqaviləsinə əsasən kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti 12 ay müəyyən edilsə də həmin müqaviləyə əsasən kredit müqaviləsinin qüvvədə olma müddəti kreditin və onun faizlərinin tam ödənilməsi və digər şərtlərin yerinə yetirilməsinədək müəyyən edilmişdir.Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və kredit müqaviləsinin şərtləri pozulmuşdur. Nəticədə cavabdehin müqavilə üzrə 745921,64 manat borcu qalmışdır. Belə olan təqdirdə tərəflər arasında bağlanılmış kredit müqaviləsini müddəti bitməmişdir. Buna görə də iddia müddətinin tətbiq edilməsi əsassızdır.Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərini nəzərə alınmamış və əsassız olaraq iddia müddətinin ötürülməsi qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, kreditin 36000 manat olmaqla 12 ay müddətinə götürüldüyünü, sonuncu ödənişin 08.10.2014-cü ildə edildiyini bildirmiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil etiraz ərizəsini təqdim edərək, xəbərdarlığın onlara deyil başqa şəxsə göndərildiyini, xəbərdarlığın onlar tərəfinfən alınmadığını, qarşı tərəfin zaminlik və ümumi iddia müddətini ötürdüklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324,372-385.1, 425.1, 439-449, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun pul məbləğinin ödənilməsinin gecikdirməsi üzrə kreditorun vaxtında tədbirlərin görülməsi müstəvisində mübahisə edilən hissədə iş hallarına uyğun gəlməyən apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hər hansı ödənişlərin ödənilməsi barədə sübutlar təqdim edilmədiyindən iddiaçının müzakirəyə təqdim edilən dəlillərin əsassız olduğu müəyyən edilir və ekspertizanın təyin edilməsi üçün isə əsaslar da müəyyən edilmir. Belə,ki iddiaçı sonuncu ödənişin 08.10.2014-cü il tarixdə edildiyini bildirmiş və bu zamanadək hüquqlarının pozulmasını bilməli olduğu halda bundan sonrakı dövrdə də ödənilməli olan vəsaitləri tələb etməmiş, bununla da öz hərəkətsizliyi riskinin məsuliyyətinə dair cavabdehlik onun özünə (vəzifəli şəxslərinə) mənsubdur. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5660/2021 saylı işi üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11365/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11365/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver