Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1137/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/62779/14 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə illik 17 faiz dərəcəsi ilə faiz hesablanmaq şərti ilə 490.000 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin məbləği qəbul etməyi və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri, gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür.
2. xx.xx.2014-cü il tarixli, 1xx/xx/62779/14 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə (ödəniş cədvəlinə) əsasən Cavabdeh4 60 müddətinə, hər ay, aydan asılı olaraq 12.177,76 manat və ya 12.177,77 manat (sonuncu ay 12.177,78 manat) ödəməyi öhdəsinə götürmüşdür.
3. xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh4 xx.xx.2014-cü il tarixli, 1xx/xx/62779/14 saylı kredit müqaviləsi üzrə 490.000 (481.225) manat məbləğində pulu "xxxx" QSC-dən məxaric etmişdir.
4. İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2014-cü il tarixli, 1xx/xx/62779/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 165.504,35 manat məbləğində əsas, habelə kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 17.311,47 manat məbləğində faiz borcu yaranmışdır.
5. İddiaçı "xxxx" KB QSC, Cavabdeh4 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" KB QSC qarşısında yaranmış öhdəliklərin təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binanın, 47 nömrəli mənzilini "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin likvid dəyəri “X14” qiymətləndirmə şirkətinin xx.xx.2014-cü il tarixli aktına əsasən 258.300 manat məbləğində müəyyən edilmişdir.
6. "xxxx" KB QSC, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" KB QSC qarşısında yaranmış öhdəliklərin təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binanın, 42 nömrəli mənzilini "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin likvid dəyəri “X14” qiymətləndirmə şirkətinin xx.xx.2014-cü il tarixli aktına əsasən 476.300 manat məbləğində müəyyən edilmişdir.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binanın, 47 nömrəli mənzili üzərində "xxxx" KB QSC-nin ipoteka hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır;
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binanın, 42 nömrəli mənzili üzərində "xxxx" KB QSC-nin ipoteka hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır;
9. xx.xx.2017-ci il tarixli ödəniş tapşırığına əsasən X5 tərəfindən "xxxx" QSC-yə 200.000 manat məbləğində ödəniş edilmişdir. Həmin ödənişin təyinatı və əsası kimi X6 ilə Cavabdeh1 arasında arasında alqı-satqı müqaviləsinin bağlanması göstərilmişdir.
10. xx.xx.2014-cü il tarixli, 1xx/xx/62779/14 saylı kredit müqaviləsi üzrə ödənişləri əks etdirən müvafiq hesabdan çıxarışa əsasən xx.xx.2017-ci il tarixdə həmin kredit müqavilə üzrə 200.000 manat məbləğində ödəniş edilmişdir;
11. Ləğv prosesində olan "xxxx" KB QSC-nin AR Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli məktuba əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq "xxxx" KB QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binaın yerləşdiyi 47 saylı mənzilin ipotekadan azad edilməsi xahiş edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2866 saylı ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli, 1xx/xx/62779/14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh4 iddiaçı QSC "xxxx" KB-yə müqavilə müddətinin bitdiyi tarixə əsas borcu 179.642 manat, xx.xx.2022-ci il (son ödəniş tarixinə) tarixinə əsas borcu 160.486,35 manat, illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu 17.311 manat təşkil edir. Həmin müqavilə üzrə hər iki tarixə faiz borcu yoxdur.
Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı ləğv prosesində olan "xxxx" QSC cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 1xx/xx/62779/14 saylı kredit müqaviləsi üzrə 165.504,35 manat məbləğində əsas borc, 17.311,47 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu, ümumilikdə isə 182.815,82 manat məbləğində pul, 473 manat dövlət rüsümu və 60 manat ipotekaların qeydə alınması üçün ödənilmiş pul, cəmi 533 manat pulun müştərək qaydada Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 ləğv prosesində olan "xxxx" QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus ilkin satış qiyməti 258.300 manat müəyyən edilməklə ünvan 2 ünvanında mülkiyyətində olan 47 saylı mənzilə və ipoteka predmetinin ilkin satış qiymətinin 476.000 manat müəyyən edilməklə tutmanın Cavabdeh3 məxsus ünvan 2 ünvanında mülkiyyətində olan 42 saylı mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması, mənzillərə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri ünvan 2 ünvanında olan 47 saylı mənzili, Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri ünvan 2 ünvanında olan 42 saylı mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və həmin mənzillərin boşaldılması barədər qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli, 1xx/xx/62779/14 saylı kredit müqaviləsi üzrə 165.504,35 manat məbləğində əsas borcun, 17.311,47 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, ümumilikdə isə 182.815,82 manat məbləğində pulun, 473 manat dövlət rüsümun və 60 manat ipotekaların qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh4 tutularaq "xxxx" QSC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 2 ünvanında olan 47 saylı mənzilə və Cavabdeh3 məxsus ünvan 2 ünvanında olan 42 saylı mənzilə yönəldilməsi, Cavabdeh1 məxsus ünvan 2 ünvanında olan 47 saylı mənzilin ilkin likvid dəyəri 277.000 manat, Cavabdeh3 məxsus ünvan 2 ünvanında olan 42 saylı mənzilin ilkin likvid dəyəri 592.000 manat müəyyən edilməklə açıq hərracda satılması, mənzillərə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 ünvan 2 ünvanında olan 47 saylı mənzili, Cavabdeh3 ünvan 2 ünvanında olan 42 saylı mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və həmin mənzillərin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 əmlakın qiymətləndirilməsi üzrə aparılmış 300 manat məbləğində ekspertiza xərcinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. (hakim X8)
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müqavilə üzrə razılaşdırılmış məbləğdə və şərtlərlə kredit verərək öhdəliyini yerinə yetirmiş, Cavabdeh4 isə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək borcunu tam ödəməmişdir. Legal Prime tərəfindən təqdim olunmuş rəyə müvafiq olaraq Cavabdeh1 məxsus ünvan 2 ünvanında olan 47 saylı mənzilin ilkin likvid dəyəri 277.000 manat, Cavabdeh3 məxsus ünvan 2 ünvanında olan 42 saylı mənzilin ilkin likvid dəyəri 592.000 manat müəyyən edilməlidir. Məhkəmə borc məbləğinin Cavabdeh1 və Cavabdeh3 tutulmasına münasibətdə hesab etmişdir ki, kredit müqaviləsi Cavabdeh4 ilə "xxxx" QSC arasında bağlandığından, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçı qarşısında borc öhdəliyi olmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “həmin mənzillərin açıq hərracdan satılması, mənzillərə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 ilə birlikdə yaşayan ailə üzvlərinin ünvan 2 ünvanında olan 47 saylı mənzili, Cavabdeh3 ilə birlikdə yaşayan ailə üzvlərinin ünvan 2 ünvanında olan 42 saylı mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları” hissəsi ilə bağlı beə qənaqətə gəlmişdir ki, Cavabdeh1 və Cavabdeh3 ilə birlikdə yaşayan ailə üzvləri cavabdeh qismində qeyd edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə hesab etmişdir ki, 473 manat dövlət rüsümu və 60 manat ipotekaların qeydə alınması üçün ödənilmiş rüsum Cavabdeh4 tutularaq iddiaçıya, həmçinin əmlakların qiymətləndirilməsi üzrə aparılmış 300 manat məbləğində ekspertiza xərci cavabdehlərdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci, 319.6-cı, 445.7-ci, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci, 77.1-ci, 119.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü, 39.3.3-cü, 59.3.1-ci, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh1 aid hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Eyni zamanda, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir
19. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında olan 47 saylı mənzilə yönəldilmişdir. Halbuki, ipoteka predmetini təşkil edən həmin mənzil bundan bir neçə ay əvvəl kreditorun özü tərəfindən ipoteka yüklülüyündən azad edilmiş və hazırda da bu əmlak artıq ipoteka predmeti deyil. İpotekadan azad edilmiş daşınmaz əmlaka ipoteka predmeti kimi tutma yönəldilməsi absurd olmaqla, mülkiyyət hüququnun aşkar pozulmasıdır. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında olan 42 saylı mənzil xx.xx.2014-cü il tarixdə "xxxx" QSC-nin xeyrinə məhz 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh3dır. Qeyd olunan müddət xx.xx.2019-cu il tarixdə bitmişdir. Yəni, ipoteka yüklülüyünə xx.xx.2019-cu il tarixində faktiki olaraq xitam verilmişdir. Belə olan halda, ipoteka yüklülüyü müddəti bitdikdən sonra ipoteka predmetinə tutma yönəldilməsi tamamilə qanunsuzdur. Birinci instansiya məhkəməsi onun xüsusi mülkiyyətində olan daşınmaz əmlaka tutma yönəltməklə onun mülkiyyət hüquqlarının pozulmasına, nəticə etibarı ilə mülkiyyət hüququndan məhrum edilməyə gətirib çıxaran qətnamə qəbul etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəflərin bərabərliyi prinsipinə riayət etməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsaslanmışdır. Onun tərəfindən verilmiş qanuni və əsaslı vəsatətə ümumiyyətlə hüquqi münasibət bildirməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində tərəflərindən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı əsaslandırılmış vəsatət verilmişdir. Həmin vəsatətə bank tərəfindən verilmiş ödəniş qəbzləri əlavə edilmişdir. Vəsatət elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixində yerləşdirilmiş və bu faktı Elektron Məhkəmə portalından müşahidə etmək olur. Bununla belə, məhkəmə həmin vəsatətə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Faktiki olaraq, vəsatət açıq qalmışdır. Hazırki halda isə təkcə 2019-cu ildə kredit üzrə ən azı 18.500 manat pul ödənilmişdir. Bununla belə, əsa borc üçün edilmiş ödənişlər üzrə məlum olmayan səbəblərdən düzgün silinmə aparılmamışdır.
20. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbində göstərilən ona məxsus olmuş ünvan 3 ünvanında yerləşmiş 47 saylı mənzil xx.xx.2017-ci il tarixdə 200.000 manata satılmış və həmin məbləğ xx.xx.2014-cü il tarixli kredit borcunun bağlanmasına yönəldilmişdir. Bu faktı təsdiq edən ödəniş tapşırığı apellyasiya şikayətinə əlavə edilmişdir. İddiaçı artıq tutmanın yönəldiyi ipoteka predmetini təkrar olaraq iddia ərizəsində qeyd etmişdir. Onun məhkəmə iclaslarından xəbəri olmadığı üçün qeyd etdiyi məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Qətnamədən yalnız sırf təsadüf nəticəsində xəbəri olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, iddia tələbinin yönəldiyi Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 79 saylı evin, 47 saylı mənzili ipoteka saxlayanın razılığı ilə artıq satılmış və satışdan əldə olunan məbləğ kredit borcunun ödənilməsinə yönəldilmişdir. Bununla bağlı ödəniş qəbzi də apellyasiya şikayətinə əlavə olunmuşdur. Belə ki, mənzil iddiaçının razılığı ilə hərrac vasitəsilə deyil, könüllü formada açıq bazarda real alıcılara təklif edilərək satılmışdır. QSC "xxxx" KB Cavabdeh1 münasibətdə kifayət qədər araşdırma aparmadan ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid hissədə ləğv edilərək, ona aid hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
23. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh4 izahat verərək bildirmişdir ki, 2017-ci ildə iddiaçının əməkdaşı özü onları ofisə dəvət edərək, Cavabdeh1 mülkiyyətində olan və bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlakı satmağı, nəticədə, əldə olunan vəsaiti kredit borcuna yönəltməyi təklif etmişdir. Həmin əmlakın satılmasından QSC "xxxx" KB məlumatlı olmuş və əldə edilmiş vəsait banka ödənilmişdir.
24. İştirak etdiyi məhkəmə iclasında iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin nümayəndəsi X9 Cavabdeh3 apellyasiya şikayətini qəbul etmədiyini, Cavabdeh1 apellyasiya şikayətini isə qəbul etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan və bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qurtqaşınlı küçəsində yerləşən 79 saylı evin, 47 saylı mənzili artıq satılmış və əldə edilmiş pul vəsaiti kredit borcundan silinmişdir. Bununla bağlı, bank tərəfindən həmin mənzilin ipotekadan azad edilməsi ilə bağlı məktub da verilmişdir. Göstərilənlərin nəzərə alınmasını və Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini, Cavabdeh1 apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etmişdir.
25. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
27. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun (bəzi müddəaları xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair); xx.xx.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 48.1-ci və 48.1.1-ci maddələrinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldiyi halda xitam verilir; 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Hazırkı apellyasiya şikayətində qətnamə üzrə tutulan kredit borcunun məbləği, habelə tutumanın ipoteka predmetinə yönəldilməsinin qanuniliyi, yəni hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə məhz həmin (iddianın təmin edilən) hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.
34. Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı "xxxx" KB QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/62779/14 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 17% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 490.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh iddiaçıdan qeyd edilən məbləğdə krediti qəbul etmiş və müqavilə üzrə müəyyən edilmiş qaydada və müddətlərdə kredit məbləğini qaytarmağı, habelə hesablanmış faiz məbləğinin, ödənişlərdə gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğinin ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
35. Qeyd edilən kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan mənzili iddiaçı qarşısında ipoteka ilə yüklü etmiş Cavabdeh3 həmin müqavilə üzrə borcun tam ödənildiyini iddia etmir, lakin iddiaçı tərəfindən tələb edilən məbləğlə razılaşmır, daha az məbləğdə borcun qaldığını iddia edir. İpotekaqoyan olduğundan borcun məbləği bilvasitə onun əmlak maraqlarına təsir edir. Bununla bağlı birinci instansiya məhkəməsində məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə vəsatət də vermişdir. Lakin həmin vəsatət təmin edilməmişdir. Məhkəmə kollegiyası da göstərilənləri nəzərə alıb, iş üzrə məhkəmə mühasibat ekspertizası təyin etmiş və buna uyğun aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2866 saylı ekspert rəyində xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas borcun 179.642 manat, xx.xx.2022-ci il (son ödəniş tarixinə) tarixinə isə əsas borcun 160.486,35 manat, illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun isə 17.311 manat təşkil etdiyi göstərilmişdir.
36. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş mühasibat sənədlərini, qeyd edilən ekspert rəyi ilə müqayisəli şəkildə təhlil edib, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, Cavabdeh4 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc məhz ekspert rəyi nəzərə alınmaqla müəyyən edilməli, nəticə etibarı ilə həmin kredit müqaviləsi üzrə Cavabdeh4 iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə məhz 160.486,35 manat məbləğində əsas borc tutulmalıdır. Bu da öz növbəsində Cavabdeh4 tutulan dövlət rüsumunun məbləğinin də azaldılmasını şərtləndirir.
37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı Cavabdeh4 kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il (maliyyə arayışında müəyyən edilmiş tarix) tarixədək, yəni iki il 22 gün üzrə illik 5% dərəcəsi ilə hesablanmış 17.311,47 manat məbləğində faiz borcunu da tələb edir. Ekspert rəyində həmin dövr üzrə illik 5 faiz dərəcəsi ilə hesablama aparılmaqla faiz borcunun 17.311 manat olduğu göstərilmişdir. Əsas borcun 160.486,35 manat olduğu nəzərə alındığı halda (halbuki, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixə əsas borc daha yüksək idi) həmin qaydada aparılmış hesablama nəticəsində, bir il üzrə (160.486 x 5 % / 100% = 8.024) 8.024 manat, iki il üzrə isə (8.024 x 2 = 16.048) 16.048 manat, 22 gün üzrə isə (8.024 / 12 / 30 x 22 = 490) 490 manat, 2 il 22 gün üzrə (16.048 + 490 = 16.538) 16.538 manat məbləğində faiz borcu yaranmış olur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası iddia üzrə tələb edilən bu məbləğlə razılaşır.
38. Məhkəmə kollegiyası xüsusi ilə vurğulayır ki, kredit müqaviləsi üzrə kredit müddətinin xx.xx.2019-cu il tarixdə bitməsi, həmin müqavilə üzrə yaranmış, lakin lazımi qaydada icra edilməmiş öhdəliklərə, habelə bu öhdəliklərin təminatı olaraq iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış ipoteka müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi üçün əsas yaratmır və yaranmış borcun ödənilməsinin tələb edilməsini, habelə tələbin ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququnu nə istisna edir, nədə ki, aradan qaldırır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır. Hazırda iddiaçı tam qanuni əsaslarla həmin hüququnu realizə edir. Bu səbəbdən məhkəmə kollegiyası Cavabdeh3 bu dəlillərini əsassız hesab edir.
39. Nəzərə alınmalıdır ki, ipoteka predmeti olmuş Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binanın, 47 nömrəli mənzilinin mülkiyyətçisi Cavabdeh3 deyil, Cavabdeh1 olmuşdur. Bu baxımdan Cavabdeh3 həmin mənzilə tutmanın yönəldilməsinin qanuniliyini mübahisələndirmək üçün hər hansı hüquqa malik deyil. Bu səbəbdən həmin hissədə də onun apellyasiya şikayətinin dəlilləri əsasızdır və təmin edilə bilməz.
40. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı "xxxx" KB QSC ilə cavabdeh (ipoteka qoyan) Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binanın, 47 nömrəli mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Lakin bundan sonra həmin əmlak tərəflərin razılığı ilə satılmış və əldə edilmiş vəsait hesabına iddiaçıya xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 200.000 manat məbləğində pul ödənilmişdir. Bunun nəticəsi olaraq, iddiaçı xx.xx.2018-ci il tarixdə məktubla Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq onun xeyrinə ipoteka ilə yüklü edilmiş həmin mənzilin ipotekadan azad edilməsini xahiş etmişdir. Bu halı iddiaçı özü də təsdiq və etiraf edir.
41. Bununla belə, iddiaçı ilə Cavabdeh1 arasında ipoteka müqaviləsindən irəli gələn münasibətlər yaransa da, sonradan onların qarşılıqlı razılığı əsasında ipoteka predmeti özgəninkiləşdirilmiş və əldə edilmiş vəsait də kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına yönəlmişdir. Bununla da həmin ipoteka müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilmişdir. Qeyd edilən əmlak artıq ipoteka predmetini təşkil etmir. Bu da öz növbəsində tələbin həmin əmlaka yönəldilməsini istisna edir. Hüquqi nəticə etibarı ilə mövcud vəziyyətdə iddiaçının belə bir tələb irəli sürməsi üçün hər hansı subyektiv hüququ yoxdur. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsini şərtləndirir, eyni zamanda, bu əmlakla bağlı ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının da Cavabdeh4 tutulmasını, habelə Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə (qiymətləndirmə xidmətinin dəyəri olaraq) hər hansı məbləğdə pulun tutulmasını istisna edir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2014-cü il tarixli, 1xx/xx/62779/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 tutulan əsas borcun, habelə dövlət rüsumlarının və xidmət haqqının məbləği hissəsində dəyişdirilməli, ondan iddiaçının xeyrinə tutulan əsas borc 160.486,35 manat, dövlət rüsumu 467,80 manat, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş dövlət rüsumu 10 manat, xidmət haqqı isə 20 manat məbləğində müəyyən edilməli, qətnamə Cavabdeh3 apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi “tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus əmlaka yönəldilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir.
43. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti isə Cavabdeh3 tutularaq, dövlət gəlirlərinə alınmalıdır. Belə ki, ekspert rəyinə əsasən müəyyən edilmiş ümumi məbləğ fərqi cəmi (165.504,35 -160.486,35 = 5.018) 5.018 manat təşkil edir ki (halbuki, daha çox fərqin olduğu iddia edilirdi), bu məbləğ də nisbətdə ümumi məbləğin (165.504 / 5.018 = 32,98) 1/33 hissəsini təşkil etmiş olur.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2014-cü il tarixli, 1xx/xx/62779/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 tutulan əsas borcun, habelə dövlət rüsumlarının və xidmət haqqının məbləği hissəsində dəyişdirilsin. xx.xx.2014-cü il tarixli, 1xx/xx/62779/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 160.486,35 (bir yüz altmış min dörd yüz səksən altı manat, otuz beş qəpik) manat məbləğində əsas borc, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 467,80 (dörd yüz altmış yeddi manat, səksən qəpik) manat hissəsinin əvəzi, habelə ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-yə ödənilsin. Qətnamə Cavabdeh3 apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi “tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 2 ünvanında olan 47 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin likvid dəyərinin 277.000 manat müəyyən edilməklə açıq hərracda satılması, bu mənzilə tutma yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 mənzili, ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda onun mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, habelə Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə pulun tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq, dövlət gəlirlərinə alınsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.