Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11394/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52 863 (əlli iki min səkkiz yüz altmış üç) manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2015-ci ilin yanvar ayında tanışı X2 müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, 307-ci məhəllədə yerləşən yaşayış binasına getməyini və oradakı mənzillərdən birinə baxıb təmirlə bağlı məsləhət verməyini xahiş etmiş, həmin mənzilə getmiş və müəyyən məsləhətlərini vermiş, bir neçə gün sonra İqor Reztosov onunla görüşərək mənzilin sahibi Cavabdeh təmir işlərinin hamısını həyata keçirmək üçün onunla görüşmək istədiyini bildirmişdir. Razılaşaraq Cavabdeh ilə görüşmüş, görüş zamanı Gülpəri Zaqırbayova ona ilkin olaraq evin mansard hissəsində izolyasiya işini görməyi tapşırmış, o da bu işi 18 500 (on səkkiz min beş yüz) manata görəcəyini bildirmiş, Gülpəridən əvvəlcədən 15 000 (on beş min) manat almışdır. İki gün sonra Cavabdeh evin ümumi təmirini və damın örtülməsini də ona həvalə etmiş, mənzilin təmir və örtük işlərinin 72 000 (yetmiş iki min) manata həyata keçiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra Cavabdeh mənzilin açarlarını ona təhvil vermiş və o da tanıdığı ustaları təmir işlərinə cəlb etməklə məzili təmir etməyə başlamışdır. Təmir işlərinin aparıldığı müddətdə mənzildə əsaslı dəyişikliklər olmuş, lakin mənzil sahibi tərəfindən işlərin davam etdirilməsi üçün pullar tam verilməmişdir. Bundan başqa 18 iyun 2015-ci il tarixdə bütün binada işıqlar kəsildiyindən təmir işlərini davam etdirmək üçün icarəyə generator götürmüş, həmçinin Cavabdeh təklifi ilə Türkiyədən iki dəfəyə ümumi dəyəri 18 850 manat olan hamam aksesuarları gətirmiş, avadanlıqların gətirilməsinə görə öz hesabına karqo şirkətinə 1300 manat pul ödəsə də, Cavabdeh aralarındakı razılaşmanı pozaraq həmin avadanlıqların və karqonun pulunu verməmişdir. Mənzildə təmir aparıldığı müddətdə Cavabdeh ona cəmi 104 500 (yüz dörd min beş yüz) manat vermiş, bunun müqabilində o, materialların da qiyməti daxil olmaqla cəmi 145 223 (yüz qırx beş min iki yüz iyirmi üç) manat dəyərində iş görmüşdür. Cavabdeh şikayəti əsasında Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılmış cinayət işi üzrə onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildiyi müddətdə Cavabdeh məcburiyyətdən 12.000 manat pul ödəmiş, bu faktlar Nərimanov RPİ-nin “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 01 fevral 2019-cu il tarixli qərarında da öz təsdiqini tapmışdır. Hesab edir ki, Cavabdeh 52 723 (əlli iki min yeddi yüz iyirmi üç) manat, həmçinin dövlət rüsumu, hüquqi yardım göstərilməsi ilə bağlı vəkillik xidməti ilə bağlı müqavilə üzrə ödənilmiş 110 manat pul, ümumilikdə 52863 (əlli iki min səkkiz yüz altmış üç) manat tutulub ona verilməlidir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yeni inşa edilən binanın 9-cu mərtəbəsində yerləşən (mansard) 3 otaqlı, ümumi sahəsi 147,72 kv. metr olan mənzildə görülən işlərə görə ödədiyi 47 635 manatın, gecikdirilmiş 4 il müddət üçün 9527 manatın, yəni cəmi 57 162 (əlli yeddi min bir yüz altmış iki) manatın və 30 manat dövlət rüsumunun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı 2015-ci ilin yanvar ayında etibarından sui-istifadə edərək ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yeni inşa edilən binanın 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 147,72 kv. metr olan mənzili təmir etmək və müəyyən avadanlıqları quraşdırıb təhvil verəcəyinə dair yalan verməklə aldatmış, 104550 manat məbləğində pulunu ələ keçirərək ona külli miqdarda ziyan vurmuş, fakta görə 29 dekabr 2015-ci il tarixdə Nərimanov RPİ-nin İŞ tərəfindən CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə barəsində axtarış elan edilmiş təqsirləndirilən şəxs İddiaçı nəhayət ki, 03 noyabr 2016-cı il tarixdə tutulmuş və barəsində Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2016-cı il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olduğu zaman İddiaçı müstəntiqin vasitəsilə onunla danışıqlar apararaq azadlığa çıxacağı halda pulunu qaytaracağını vəd etmişdir. Eyni zamanda müstəntiq də onu inandırmağa çalışmışdır ki, “İddiaçı onsuz da təqsirləndirilən şəxs qismində cəlb edilib, pulu ödəməkdən başqa çıxış yolu yoxdur, indi nə versə al, azadlığa çıxıb qalanını da ödəsin”. Beləliklə də İddiaçı tam məbləğdən ilkin olaraq 10 000 manat, sonra isə 2000 manat olmaqla cəmi 12 000 manatı ona ödəmiş və qalan məbləği azadlığa çıxaraq qısa müddətə qaytacağını bildirmişdir. Müstəntiqin sözünə inanıb İddiaçı ev dustaqlığına çıxmasına etiraz etmədiyi barədə istintaqa ərizə vermiş, bundan sonra İddiaçı barəsində Nərimanov Rayon Məhkəməsinin 03 dekabr 2016-cı il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, daha sonra cinayət işinin ekspertizaya görə dayandırıldığı bildirilmişdir. Lakin Nərimanov Rayon Məhkəməsində İddiaçı iddia ərizəsi üzrə mülki işin materialları ilə tanış olduğu zaman Nərimanov RPİ-nin İŞ-nin “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 01 fevral 2019-cu il tarixli qərar qəbul etməsindən xəbəri olmuş, həmin qərardan şikayət vermişdir. İddiaçı iddia tələbinin yeganə istinadı məhkəmə tikinti-texniki ekspertizasının 06 iyun 2017-ci il tarixli rəyidir, halbuki, ekspertizanın birinci 18 mart 2016cı il tarixli rəyi həqiqətə uyğun olmuşdur ki, orada mənzildə görülən işlərin dəyəri 46 915 manat məbləğində müəyyən edilmiş, Nərimanov RPİ-nin İŞ-nin 01 fevral 2019-cu il tarixli qərarında həmin rəy öz əksini tapmışdır. Beləliklə də mənzildə görülən işlərin dəyərinə görə İddiaçı ödədiyi 104 550 manatdan 47 635 manat ona qaytarmalıdır (104550 - 46915 + 12000 = 47635) Bundan başqa, İddiaçı pulu ondan 2015-ci ilin yanvar ayında aldığı nəzərə alınaraq, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə müvafiq qaydada gecikdirilmiş 4 il müddət üçün illik beş faiz, yəni 9527 manat da ödəməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək İddiaçı 45 585 manatın və 30 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsində sadalanan hallara istinadən belə əsaslandırmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İşə baxılmasının yeri (vaxtı) barədə məlumatlandırılmış İddiaçı məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 isə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qarşılıqlı iddianın qismən təmin və ilkin iddianın rədd olunması, eləcə də məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq qarşılıqlı iddiaçı qətnamədən şikayət verməmiş, İddiaçı isə faktiki olaraq qətnamənin qeyd olunan hissələrini mübahisələndirmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası Cavabdeh nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə, tərəflər arasında İddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Məhəmməd Fizuli və Rəsul Rza küçələrinin kəsişməsi, məhəllə 307 ünvanında yeni inşa edilən binanın 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 147,72 kv.metr olan mənzili təmir etməsi ilə bağlı 2014-cü ilin sonlarında razılaşma əldə olunmuş, razılaşmaya əsasən İddiaçı mənzilin təmirini 2015ci ilin iyul ayının sonlarında yekunlaşdırmağı öhdəsinə götürmüş, Cavabdeh tərəfindən ona ümumilikdə 104 550 manat verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, tərəflər arasında sözügedən mənzildə aparılan təmir işlərinin həcmi və keyfiyyəti ilə bağlı narazılıq yarandığından Cavabdeh polis orqanına şikayət ünvanlamış, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən İddiaçı etibardan sui-istifadə etmə və aldatma yolu ilə Cavabdeh 104 550 manat pulunu ələ keçirməsi faktına görə 29.12.2015-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.11.2016-cı il tarixli qərarı ilə İddiaçı barəsində 1 ay 24 gün müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin cinayət işinin icraatı dövründə o, Cavabdeh 12 000 manat ödəniş həyata keçirmiş, 03.12.2016-cı il tarixdə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuş, 01 fevral 2019-cu il tarixdə cinayət işi üzrə icraata xitam verilmiş və Cavabdeh mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarından görünür ki, həmin cinayət işinin icraatı zamanı mütəntiq tərəfindən ekspertiza təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2016-cı il tarixli rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4 ünvanda inşa olunmuş yaşayış evinin mansard mərtəbəsində yerləşən tikililərdə aparılmış tikinti-təmir işlərinə orta bazar qiymətlərinə uyğun olaraq sərf olunan vəsaitin ümumi təqribi dəyərinin 46 915,0 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarından həmçinin görünür ki, cinayət işinin icraatı zamanı növbəti dəfə ekspertiza təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyun 2017-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 307 ünvanda yerləşən evin Cavabdeh məxsus mansard mərtəbəsindəki mənzil üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin (həmin işlərə sərf olunmuş materiallarla birlikdə) ümumi dəyərinin 145 223 manat təşkil etdiyi, tərəflər arasında bağlanmış əsas razılaşmadakı və sonradan həmin razılaşmaya əlavə edilmiş əlavə 1 və əlavə 2-də qeyd olunan işlərin ümumi dəyərinin 108 885 (72000+18000+18885) manat təşkil etdiyi nəzərə alındıqda, həmin işlərin dəyəri ilə faktiki yerinə yetirilən işlərin ümumi dəyəri arasında yaranan fərqin 36 338 (145223-10885) manat olduğu müəyyən edilmişdir. "xxxx" MTK tərəfindən verilərək iş materiallarına əlavə olunmuş 01 fevral 2019-cu il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, ünvan 5 ünvanında inşa olunmuş yaşayış kompleksində 9-cu (mansard) mərtəbəsində 10.02.2014-cü il tarixində 23 saylı mənzil almış, MTK ilə razılaşdırıb 2015-ci ilin yanvar ayında aldığı mənzildə təmir işlərini başlamış, təmir işləri Hakan adlı türk vətəndaşının rəhbərliyi altında aparılmış, 2015-ci ilin sentyabr ayında Hakan mənzildə aparılan işlərdən uzaqlaşdırılmış, onun rəhbərliyi altında görülmüş işlərin ümumi dəyəri heç 30% təşkil etməmiş, 2016-cı ilin oktyabr ayından başlayaraq Elşad adlı iş icraçısını rəhbərliyi altında təmir işləri yenidən başlamış, 2017-ci ilin oktyabr ayında işlər tam yekunlaşdıqdan sonra mənzilin sahibi ora köçmüşdür. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın 23 aprel 2021-ci il tarixli rəyində isə aşağıdakılar göstərilmişdir: “Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yeni inşa edilən binanın 9-cu mərtəbəsində yerləşən (mansard) 3 otaqlı, ümumi sahəsi 147,72 kv. metr olan mənzildə İddiaçı tərəfindən tərəflərin razılıqları ilə tərtib edilmiş təmir-smeta sənədlərində (əlavə razılaşmalarında) nəzərdə tutulmuş təmir işləri yerinə yetirildiyi müəyyən edilmişdir. Lakin mənzildə Cavabdeh tərəfindən bəzi tikililərdə yenidən təmir işləri aparıldığından və İddiaçı tərəfindən aparılan təmir işlərinin dəqiqliklə nədən ibarət olmasını müəyyən etmək mümkün olmadığı üçün mənzildə yerinə yetirilmiş təmir işlərini müəyyən etmək mümkün olmadı. 2015-ci ilin yanvar-avqust aylarında tərəflərin razılıqları ilə tərtib edilmiş təmir-smeta sənədlərinə (əlavə razılaşmalarında) əsasən, razılaşmaya əlavə edilmiş əlavə 1 və əlavə 2-də qeyd olunan işlərin ümumi dəyəri 108 885 manat göstərilmişdir. Lakin İddiaçı tərəfindən aparılan təmir işlərinin dəqiqliklə nədən ibarət olmasını müəyyən etmək mümkün olmadığı üçün faktiki görülmüş işlər arasındakı fərqin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı. Mənzildə Cavabdeh tərəfindən bəzi tikililərdə yenidən təmir işləri aparıldığını və İddiaçı tərəfindən aparılan təmir işlərinin dəqiqliklə nədən ibarət olmasını müəyyən etməyin mümkün olmadığını nəzərə alaraq, İddiaçı tərəfindən aparılan təmir işlərinə çəkilən 2015ci il tarixə xərcin dəyərinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı”. Göründüyü kimi, mübahisə ilə bağlı tərəflərin tələb və etirazlarını əsaslandırdıqları 3 ekspert rəyi mövcuddur və ilkin iddiaçı məhz, barəsində başlanmış cinayət işinə xitam verilməsi ilə nəticələnən cinayət icraatı zamanı alınmış 06 iyun 2017-ci il tarixli ekspert rəyinə istinadən müvafiq iddia tələbini irəli sürmüşdür. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Bu kontekstdə kollegiyanın qənaətinə görə 06 iyun 2017-ci il tarixli ekspert rəyi Cavabdeh iştirakı və razılığı olmadan, onun tərəfindən təkrar təmir işləri aparıldıqdan sonra keçirilən tədqiqat əsasında əldə olunduğundan, ilkin iddiaçının iddia tələbini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, həmin ekspertiza tədqiqatı mənzildə təmir işləri başa çatdırıldıqdan, yəni İddiaçı tərəfindən tamamlanmamış işlərin Cavabdeh özü tərəfindən tamamlanmasından sonra aparılmış, 23 aprel 2021-ci il tarixli ekspert rəyində isə İddiaçı təmir işlərindən kənarlaşdırıldığı dövrə (2015-ci ilin sonlarına) qədər çəkilən xərcin dəyərinin nə qədər olduğunu müəyyən etmənin hazırda mümkün olmadığı vurğulanmışdır. Kollegiya hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2016-cı il tarixli rəyi işdəki digər sübutlarla birlikdə qiymətləndirildiyi zaman daha mötəbər və inandırıcı rəy kimi nəzərdən keçirilməlidir; xüsusilə ona görə ki, həmin rəy mənzilin təmirinin mübahisəyə səbəb olan vəziyyətinin mövcud olduğu dövrdə aparılmış tədqiqat əsasında verilmiş, rəylə gəlinən nəticə Cavabdeh özünün əldə etdiyi mütəxəssis rəyinə də uyğun olmuş, 05.11.2016-cı il tarixdə barəsində həbs qətimkan tədbiri seçilən İddiaçı özünü qismən təqsirli hesab etdiyini bildirərək Cavabdeh 12 000 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Həmin Məcəllənin 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur; 766-cı maddəsinə görə isə, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticə ilə razılaşır və eyni zamanda hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-75/2021 saylı iş üzrə qəbul etdiyi 04 iyun 2021-ci il tarixli qətnamə mübahisələndirilən hissədə, yəni “ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək İddiaçı 45 585 manatın və 30 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlansın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-11394/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11394/2021
02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver