Məhkəmə qərarları › İş №2(103)-11405/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11405/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11405/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(004)-3630/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.074,22 ABŞ dolları əsas borc, 776,19 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1.850,41 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh illik 29 faiz olmaqla 48 ay müddətinə 1991 ABŞ dolları kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(004)- 3630/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 20.04.2015-ci il tarixli 00-15- 11-017504 nömrəli kredit müqaviləsi üzrə 20.04.2019-cu il tarixə yaranmış 1.074,22 ABŞ dolları əsas borc, 776,19 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1.850,41 ABŞ dolları borcun (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır, qardaşının əməliyyatı üçün ASC-yə müraciət edərək, 2000 manat kredit götürmək istəmiş, bank tərəfindən 1991 ABŞ dolları kredit verilmişdir. O, kreditin manat şəklində verilməsini tələb etmiş, bank isə krediti manatla deyil, dollar şəklində sənədləşdirmiş, sonra dolları manata dəyişməklə ona vermişdir. Tərəfindən kredit məbləği tam ödənilmişdir. Maliyyə arayışında 28.02.2019-cu il tarixli Fərmana əsasən kompensasiya məbləği göstərilsə də, həmin Fərmanın icrası təmin edilməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, cavabdehdən tutulmalı olan 776,19 ABŞ dolları məbləğində faiz borcu hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. İş materiallarından müəyyən edilir ki, borcalan Cavabdeh 20.04.2015-ci il tarixli ərizə ilə "xxxx" ASC-yə müraciət edərək, ona şəxsi məqsədlər üçün 48 ay müddətinə 1991 ABŞ dolları kredit verilməsini xahiş etmişdir. Krediti vaxtında qaytarmağa zəmanət vermişdir. 20.04.2015-ci il tarixli 00-15-11-017504 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh 48 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 1991 ABŞ dolları kredit vermişdir. "xxxx" ASC-nin 04.05.2021-ci il tarixli M/03-3206 nömrəli maliyyə arayışdan müəyyən edilir ki, Cavabdeh 20.04.2015-ci il tarixli müqavilə üzrə 19.05.2015-19.04.2019cu ilə kimi ümumilikdə 2837,63 ABŞ dolları ödəniş etmişdir. Bundan 916,78 ABŞ dolları əsas borc, 1920,85 ABŞ dolları faiz borcuna silinmişdir. 19.04.2019-cu ildə əsas borcdan 637,58 ABŞ dolları, faizdən 7,90 ABŞ dolları ödənilmiş (güzəşt edilmiş) vəsait Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən ödənilmiş kompensasiya məbləğidir. 20.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 20.04.2019-cu il tarixə "xxxx" ASC-yə 1.074,22 ABŞ dolları əsas borcu, 776,19 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1.850,41 ABŞ dolları borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd olunanlara əsaslanaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir. İddia tələbinin faiz borcuna aid hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Hazırki iş üzrə göründüyü kimi, cavabdehə kompensasiya ödənilməsinə baxmayaraq, Fərmana əsasən bank borcun restrukturizasiya olunmasında maraqlı olmamış, bank tərəfindən cavabdehə restrukturizasiya təklif olunması müəyyən edilməmişdir. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi və həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, Fərman əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından, iddia tələbi faiz borcu hissəsində təmin edilməməlidir. 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Kollegiya onu da nəzərə alır ki, bank hazırki kredit vəsaitindən faiz şəklikdə 1.394,67 ABŞ dolları məbləğində qazanc əldə etməyi planlaşdırdığı halda, cavabdeh tərəfindən həmin məbləğdən artıq, yəni cəmi 1.929,85 ABŞ dolları məbləğində faiz ödənilmişdir. Apelyasiya şikayətində cavabdeh qeyd edilən kreditin manat şəklində verilməsini tələb etsə də, bank krediti manatla deyil, dollar şəklində sənədləşdirməsi ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən götürülən kreditin valyutasını, yəni kreditin məhz ABŞ dolları ilə verilməsini tərəflər özləri sərbəst şəkildə müqavilə ilə razılaşmışlar (müqavilənin 4.2-ci bəndinə əsasən ödənişin ABŞ dolları ilə qaytarılması barədə razılığa gəlmişlər) və həmin şərtin etibarsız olması ilə bağlı işdə hər hansı hal müəyyən olunmur. Ona görə də, Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə uyğun olaraq, azərbaycan manatının məzənnəsinin artıb-azalmasından asılı olmayaraq, cavabdeh kredit borcunu aldığı valyutada geri qaytarmaq öhdəliyi daşıyır (ödəniş günü azərbaycan manatının məzənnəsinə uyğun olaraq). Odur ki, cavabdehin ödənişləri manatla etməsi və borcunun qalmaması barədə dəlilləri də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(004)- 3630/2021 saylı iş üzrə qətnaməsi qismən - Cavabdeh kredit müqaviləsi üzrə 776,19 ABŞ dolları faiz borcu tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar