Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11407/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Faiq Əliyevin, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtoqəza nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 13.04.2021-cı il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, avtoqəza nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 36.188,61 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, maddi zərərin əvəzi kimi 22.750 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 08.06.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verib. Hadisədə cavabdehin idarə etdiyi “BMW” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil iki avtomobillə toqquşub. Həmin iki avtomobildən biri “Toyota Hilux” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Bu avtomobil iddiaçının təsisçisi Elxan Bəşirova məxsusdur, 20.11.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçıya icarəyə verilib. Yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş verib. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunub ki, “Toyota Hilux” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 22.750 manat təşkil edir. Birinci instansiya məhkəməsi bu məbəğin tutulmasını qət edib. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, zərərin məbləği düzgün müəyyən edilməyib. Lakin ekspert rəyi kifayət qədər əsaslandırılıb, təkrar ekspertizanın təyin edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 13.04.2021-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11407/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11407/2021
24.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver