Məhkəmə qərarları › İş №2(103)-1141/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1141/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1141/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, X2 və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3550/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində doğlumuş və hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olan Cavabdeh 4488 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4518 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onunla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ondan dəyəri 1828 manat olan “İPhone 8 64 GB Gold” markalı mobil telefon almışdır. Cavabdeh 100 manat ilkin ödənişi etdikdən sonra qalan 1728 manat pulu hər ay 144 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli malın nisyə satılması haqqında alqısatqı müqaviləsinə əsasən Cavabdeh ondan dəyəri 2900 manat olan “İPhone X 64 GB Silver" markalı mobil telefon almışdır. Cavabdeh 140 manat ilkin ödənişi etdikdən sonra qalan 2760 manat pulu hər ay 230 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edərək ümumilikdə 4488 manat pulu ona ödəməmişdir. Bu barədə cavabdehə dəflərlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliyini icra etməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3550/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli, FSK854 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən 1428 (min dörd yüz iyirmi səkkiz) manat və xx.xx.2018-ci il tarixli, FSK1127 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən 2660 (iki min altı yüz altmış) manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 4088 (dörd min səksən səkkiz) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həqiqətən də onunla iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqavilələrinə əsasən onun iddiaçıya borcu yaranmışdır. Lakin iddia ərizəsində qeyd olunan məbləğ həqiqəti əks etdirmir. Belə ki, onun tərəfindən hər iki müqavilə üzrə ümumilikdə 400 manat pul ödənilmişdir. Sonda bu barədə qəbzləri məhkəməyə təqdim etmişdir, həmçinin qeyd etmişdir ki, nisyə alqı satqı müqaviləsi üzrə onun borcu düzgün hesablanmamış, qeyd edilən telefonların dəyəri həddindən artıq şişirdilmiş və bunları nəzərə alaraq borcun dəqiq hesablanmamışdır. Daha sonra isə guya ona iddia ərizəsində qeyd etdiyi miqdarca pul borcunun olması əsası ilə məhkəməyə müraciət etmişdir. Nərimanov rayon məhkəməsi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə yalnız iddiaçı il aralarında olan nisyə alqı satqı müqaviləsinə və iddiaçının izahatına əsaslanmışdır. Halbuki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli, borcun məbləği dəqiq hesablanmalı idi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3550/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, FSK854 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsindən görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-ni təmsil edən fiziki şəxs İddiaçı Cavabdeh qiyməti 1828 manat olan “İPhone 8 64 GB Gold” markalı mobil telefon satmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh əldə etdiyi əşya müqabilində 100 manat ilkin ödəniş etdikdən sonra, 1728 manat qalıq məbləği ayda 144 manat ödəmək şərti ilə 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, FSK1127 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxx” MMCni təmsil edən fiziki şəxs İddiaçı Cavabdeh qiyməti 2900 manat olan “İPhone X 64 GB Silver” markalı mobil telefon satmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh əldə etdiyi əşya müqabilində 140 manat ilkin ödəniş etdikdən sonra, 2760 manat qalıq məbləği ayda 230 manat ödəmək şərti ilə 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 30/19 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, FSK854 nömrəli və xx.xx.2018-ci il tarixli, FSK1127 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqavilələrinə əsasən 4488 manat qalıq borcu vardır. İş materiallarına əlavə olunmuş pretenziyalardan görünür ki, iddiaçıya hüquqi xidmət göstərən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC qeyd olunan müddət ərzində ödəniş etməyəcəyi təqdirdə məhkəmədə mülki iddia qaldırılacağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 007553 nömrəli ödəmə çekindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, FSK854 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi üzrə 200 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 002541 nömrəli ödəmə çekindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, FSK854 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi üzrə 100 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 003842 nömrəli ödəmə çekindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, FSK1127 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi üzrə 100 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məsəlləsinin 529.3-cü maddəsində göstərilmişdir ki,əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdır. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, qeyd olunan müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Cavabdeh borcun düzgün hesablanmadığını irəli sürsə də, bununla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s) sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh şikayətində göstərdiyi dəlilləri təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh şikayətində məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğunu bildirsə də, cavabdeh bu halın zəruriliyini əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3550/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3550/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsiCavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Valeh Ağayev Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar