Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11427/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(008)-6511/2015 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" İKB ASC (hazırda "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə arasında bağlanmış 19 avqust 2014-cü il tarixli, 24-MZ-1-0-523-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 11342 ABŞ dolları əsas, 2128 ABŞ dolları faiz borcu, gecikdirməyə görə 3403 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 16873 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iləarasında bağlanmış 19 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 22 faiz olmaqla, 24 ay müddətinə 12700 ABŞ dolları kredit verilmiş, eyni zamanda kredit öhdəliyinin icrasının təmini kimi digər Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər öhdəliklərinə lazımi qaydada riayət etməmiş, kredit borcunu və ona hesablanmış faizləri vaxtında ödəməmiş, bu səbəbdən də bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(008)- 6511/2015 saylı qətnaməsi ilə (hakim Vaqif Həsənov) cavabdehlərdən 11342 ABŞ dolları əsas, 2128 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 13670 ABŞ dolları borcun (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdehlər qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunaraq kredit borcunun müəyyən olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, borcun dəqiqləşdirilməməsi, bunun üçün ekspertizanın təyin olunmaması, məhkəmə iclaslarından məlumatlı olmamaları, işə onların iştirakı olmadan baxılması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 onun qohumu olduğundan kreditinə zamin durmuş, lakin sonuncu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, kredit borcunu vaxtında ödəməmişdir. Hazırda borcu tam ödəyə bilmirlər, bank tərəfindən onlara güzəşt olunarsa hissə-hissə ödəyə bilərlər. Eyni zamanda, kredit ödənişləri və kreditin qalıq məbləği ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehlər kredit öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, bu səbəbdən də borc yaranmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi 2015-ci ildə çıxarılmış, keçən uzun müddət ərzində də borc qaytarılmamışdır. Cavabdeh tərəf əvvəllər 4 dəfə ödəniş etmiş, ödənişlərin ümumi məbləği 2446 ABŞ dolları təşkil etmiş, onun 1358 ABŞ dolları əsas borca, 984 ABŞ dolları ilə faizlərə silinmişdir. Kredit borcunun məbləğini dəqiqləşdirmək üçün ekspertizaya zərurət yoxdur. Cavabdehlər əlavə ödənişlərinin olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Həyata keçirdikləri ödənişlər isə tam nəzərə alınmışdır. Hesab edir ki, apellyasiya şikayətinin məqsədi işi süni yolla uzatmaqdan ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehlərin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında müvafiq kredit və zaminlik müqavilələrinin bağlanması, Cavabdeh1 illik faiz dərəcəsi 22% olmaqla, 24 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit verilməsi, cavabdeh tərəfindən öhdəliyin lazımınca icra olunmaması işin mübahisə edilməyən hallarıdır. Cavabdehlər apellyasiya şikayətində kredit borcunun məbləğini mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Belə olan halda isə, məhkəmə kollegiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunması ilə bağlı apellyasiya şikayətinin dəlili ilə razılaşa bilməz (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Eyni zamanda, işdə olan sübutlardan da (kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Cavabdeh tərəfin həyata keçirdiyi ödənişlər nəzərə alınmaqla, qalıq borc məbləği müəyyən olunmuşdur. Bununla yanaşı, işdən görünür ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulunun məbləğini azaldaraq 200 ABŞ dolları həddində təmin etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə tənasübsüz deyildir. Bu səbəbdən, məhkəmə kollegiyası tutulması qət olunmuş dəbbə pulunun daha da azaldılmasını məqsədə müvafiq hesab etmir. Cavabdehlər apellyasiya şikayətində, həmçinin məhkəmə iclasında iştiraklarının təmin olunmamasını göstərmiş, lakin işdə olan sübutlardan (bildirişlər, reyestrlər və s.) görünür ki, cavabdehlərə rəsmi qeydiyyatda olduğu ünvan üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada bildirişlər göndərilmişdir (işdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, cavabdehlər işə baxılan dövrdə ünvan 1 ünvanında qeydiyyatda olmuşlar). Cavabdehlər apellyasiya şikayətində qeydiyyatda olduqları ünvanda yaşamadıqlarını, bu səbəbdən də məhkəmə bildirişlərini almadıqlarını göstərmişlər. Lakin bu hal vəziyyəti dəyişdirmir, çünki cavabdehlər yaşayış yerini dəyişməsi ilə bağlı da məhkəməyə hər hansı məlumat verməmişlər. MPM-in 146-cı maddəsinin tələbinə görə isə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməsələr də, apellyasiya şikayətinə (eləcə də apellyasiya baxışı zamanı) iddia ilə bağlı etirazlarını əsaslandıra biləcək hər hansı sübut əlavə etməmiş, etirazlarını ümumi sözlərlə ifadə etməyə çalışmışlar. Göründüyü kimi, cavabdehlər etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» X1 14 may 2015-ci il tarixli qərarı). Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(008)-6511/2015 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(008)-6511/2015 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11427/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11427/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver