Məhkəmə qərarları › İş №2(103)-11434/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11434/2021

06.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11434/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(011)- 5987/2019 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156, 4 saylı evin 78 saylı mənzilinə qanunsuz müdaxilələrə son qoyulması, təmir işlərinin aparılmasına maneə törətməməsi və yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi yaşayış sahəsi 144,8 kv.m. olan mənzil onun xüsusi mülkiyyətindədir, buna dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın dövlət reyestrində 2995 nömrəli reyestr kitabının 279633 nömrəli vərəqində qeydiyyat aparılmaqla, 11.02.2019-cu il tarixdə RX seriyalı ******* saylı Çıxarış verilmişdir, binanı inşa edən tikinti təşkilatı, yəni Cavabdeh MMC heç bir əsas və səbəb göstərmədən onun mülkiyyətində olan mənzildə təmir işlərinin aparılmasına ciddi maneçilik yaradır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(011)- 5987/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156, 4 saylı evin 78 saylı mənzilinə dair qanunsuz müdaxilələr və mülkiyyət hüququnu məhdudlaşdıran maneələrin aradan qaldırılması, 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. MMC-nin rəhbərliyi 2017-ci ildə, yəni iddiaçıya çıxarışın verilməsindən əvvəl DƏDRX-ə məktub ünvanlamışdır ki, onun maliyyə arayışı saxtadır. Həmin vaxt MMC-nin direktoru olmuş M.Cəfərovun müqavilə bağlamaq və maliyyə arayışı vermək səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçı ona maneələr törədilməsi barədə sübut təqdim etməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, izahatı dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3764/2018 saylı qərarından görünür ki, ünvan 2 ünvanında yerləşən 78 saylı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə dövlət reyestrində çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən sahəsi 144.8 kv.m olan mənzil xüsusi mülkiyyət əsasında tam payçı kimi İddiaçı məxsusdur. Beləliklə, müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 4 saylı evin, 78 saylı mənzili tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, cavabdeh iddiaçıya əmlakdan sərbəst istifadə etməsində süni maneələr yaratmaqla onun mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-cimaddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Birinci instansiya məhkəməsi sadalananlara əsaslanaraq, cavabdeh tərəfindən iddiaçıya məxsus əmlaka mülkiyyət hüququnu məhdudlaşdıran maneələrin, o cümlədən həmin ünvandakı mənzilə qanunsuz müdaxilələrə və təmir işlərinin aparılmasında yaradılan maneələrin aradan qaldırılmalı olması qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apelyasiya şikayətində göstərilənlər əsassızdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ tanınmaqla, bu barədə dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçının cavabdeh tərəfindən maneələrin törədilməsi barədə sübutlar təqdim etməməsi barədə cavabdehin vəkilinin dəlilləri də əsassızdır, bunu ən azı cavabdehin hazırki iş üzrə davranşı təsdiq edir (iddiaçının mübahisəli mənzilə mülkiyyət hüquqlarının qəbul olunmaması, qətnamədən apellyasiya şikayəti verilməsi və s.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apelyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5987/2019 saylı mülki iş üzrə 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar