Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11438/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli, 2(007)-2938/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 avqust 2019-cu il tarixli müqaviləsinə əsasən, HP markalı kompyuter, SanDisk yaddaş kartı, Genius markalı qulaqlıq üçün 756 manat ödənilməmiş hissə, 75 manat dəbbə, ümumilikdə 861 manat və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 17 avqust 2019-cu il tarixli müqaviləyə əsasən HP markalı kompyuter, SanDisk yaddaş kartı, Genius markalı qulaqlıq almış və nəticədə 831 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 17 avqust 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 756 manat (12 ay x 63 manat + 0 manat ilkin ödəniş) HP markalı kompyuter, SanDisk yaddaş kartı, Genius markalı qulaqlıq üçün ümumilikdə, 831 manat olmaqla, ondan 756 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh həmin məbləğdən ödəniş etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(007)- 2938/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 17 avqust 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 756 (yeddi yüz əlli altı) manat məbləğində əsas borc, 75 (yetmiş beş) manat məbləğində cərimə olmaqla, cəmi 831 (səkkiz yüz otuz bir) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən əşyaları əslində o yox, tanışı X1 onun adına almışdır. Pərviz onun etibarından sui-istifadə etmiş, aylıq ödənişləri edəcəyinə söz vermiş, lakin həmin əşyaları götürərək Xaçmaz rayonuna getmiş və ödənişləri etməkdən imtina etmişdir. Bu barədə ona xəbərdarlıq etdikdə isə onu təhqir etmiş, habelə zəng edib ABC Telekomun işçilərini də təhqir edərək, onları söymüş və təhdid etmişdir. O, özü gözdən əlildir və təqaüd alır. Hazırda iddiaçıya olan həmin pul məbləği onun pensiyasından tutulur. Göstərilənləri nəzərə alaraq qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş üzrə Cavabdeh apellyasiya şikayəti verdiyindən, apellyasiya instansiyası məhkəməsi işə mübahisələndirilən hissədə, yəni Cavabdeh münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlayır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2019-cu il tarixli, 00852043 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, ümumi qiyməti 756 manat olan HP markalı kompyuter, SanDisk yaddaş kartı, Genius markalı qulaqlıq Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 12 ay ərzində ayda 63 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 17 avqust 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00852043 saylı müqaviləyə əsasən qeyd olunan məhsulları tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənın 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənın 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənın 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənın 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənın 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənın 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənın 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İşin müəyyən edilən hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən bu nəticəyə gəlmək olur ki, iddiaçı ilə cavabdeh arasında iddia ərizəsində sadalanan əşyaların alqı-satqısına dair müqavilə olmuş, cavabdeh həmin əşyaları qəbul etsə də, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun iddiaçı qarşısında ödənilməmiş borcu yaranmışdır. Qeyd edilən borcun cavabdehdən tutulmasına dair iddia qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayətində göstərilən əşyaların onun tanışı tərəfindən onun adına alınmasına, öhdəliyin də onun tərəfindən icra edilməli olmasına istinad etsə də, məhkəmə kollegiyası həmin halları borc öhdəliyinin icrasından azad edilmək üçün əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənın 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası izah edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 394-1, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli, 2(007)-2938/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamə qətidir və ondan şikayət verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №2(103)-11438/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11438/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver